MƏDƏNİYYƏT NAZİRLİYİNİN TƏŞKİLATÇILIĞI İLƏ TÜRKİYƏDƏ TƏCRÜBƏ KEÇMİŞ MAGİSTRANTLARA SERTİFİKATLAR TƏQDİM OLUNUB

İyunun 12-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Türkiyədə təcrübə keçmiş magistrantlara qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin sertifikatları təqdim olunub.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov layihənin əhəmiyyətini vurğulayıb, magistrantlara uğurlar arzulayıb.

Layihə Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının Ankara və Bakı şəhərlərində reallaşan iclaslarında əldə edilmiş razılığa uyğun olaraq həyata keçirilib.

Bakı Dövlət Universitetinin (BDU) magistrantları ezamiyyət zamanı Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Hüquq Müşavirliyi və mədəni sərvətlərin bərpası üzrə laboratoriyaların fəaliyyəti ilə yaxından tanış olublar. Tələbələr abidələrin bərpa və konservasiyası, qorunması sahəsində Türkiyənin qabaqcıl mütəxəssisləri ilə görüşüb, laboratoriyalarda bərpa prosesini əyani şəkildə izləyiblər. Bundan əlavə, proqram çərçivəsində tələbələr mədəniyyət sərvətlərinin ölkədən qanunsuz çıxarılması və gətirilməsinin qarşısının alınmasına yönələn UNESCO-nun 1970-ci il Konvensiyasının tətbiqi ilə bağlı məlumat alıblar.

Səfər çərçivəsində magistrantlar, həmçinin Türkiyə inzibati məhkəmə orqanı – Danıştay, Ankara Bölgə İdarə Məhkəməsi və ölkəmizin Türkiyədəki səfirliyinin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzində də olub, qurumların fəaliyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar.