AZƏRBAYCAN MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ İLƏ İNVESTİSİYA ƏMƏKDAŞLIĞINI GENİŞLƏNDİRİR

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi regionun geosiyasi mənzərəsini dəyişməklə yanaşı, ölkəmizin iqtisadi inkişafında yeni mərhələ açıb. Azad edilmiş ərazilərin son illərdə böyük sərmayə layihələrinin həyata keçirildiyi, xarici investorlar üçün yeni fürsətlərin yarandığı iqtisadi zonaya çevrilməsi bu prosesə yeni təkan olub.

Baş nazir Əli Əsədovun Özbəkistana səfəri çərçivəsində IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı Qarabağ və Şərqi Zəngəzurun investisiya cəlbediciliyinə geniş yer ayırması mövcud potensialın təqdimatı baxımından xüsusilə əhəmiyyətlidir. Məlumat üçün bildirək ki, Daşkənd investisiya forumları Özbəkistanın qlobal iqtisadi sistemə inteqrasiyası, xarici investisiya qoyuluşlarının sürətləndirilməsi, regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məqsədilə təşkil etdiyi beynəlxalq tədbirdir. 2022-ci ildən etibarən təşkil olunan bu forumlar qısa zamanda Mərkəzi Asiya regionunda əməkdaşlıq və investisiya dialoquna çevrilib. IV Forum istər iştirakçı ölkələrin sayına, coğrafiyasına, istərsə də müzakirə edilən mövzuların aktuallığına və əhəmiyyətinə görə diqqəti cəlb edir. Forumda hər il hökumət rəsmiləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri, qlobal korporasiyalar, biznes qurumları, iqtisadçı ekspertlər bir araya gələrək, regional və qlobal iqtisadi trendləri, strateji investisiya imkanlarını müzakirə edirlər.

Azərbaycan bu və digər tədbirlərdə Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı ilə bağlı əsas hədəflərini açıqlayır, eyni zamanda, işgüzar dairələri həmin ərazilərə investisiya qoyuluşlarına çağırır. Başqa sözlə, hazırda azad edilmiş ərazilərin bərpası və yenidənqurulması regional əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət edir. Bu ərazilərin investisiya cəlbediciliyi həm də ölkəmizlə bağlı iqtisadi artım proqnozları ilə şərtlənir. Dünya Bankının 2025-2027-ci illəri əhatə edən yeni hesabatında ölkəmizdə ümumi daxili məhsulun artımı ilə bağlı proqnozlarını xüsusi qeyd etmək lazımdır. Beynəlxalq maliyyə qurumunun qiymətləndirməsinə görə, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 2,6, 2026-cı ildə 2,4, 2027-ci ildə isə 2,3 faiz artacaq. Dayanıqlı artım dinamikası ölkəmizə yönələn sərmayələrin həcmini artırmaqla yanaşı, riskləri də minimuma endirir. Maliyyə sabitliyi şəraitində Azərbaycana kapital yatırımı edən xarici investorlar uzunmüddətli və sabit gəlir imkanları əldə edirlər.

Mərkəzi Asiya ölkələri, eləcə də Özbəkistan alternativ enerji sektoruna son illərdə böyük həcmdə investisiya yatıran ölkələr kimi bu sahədə Azərbaycanla əməkdaşlığa maraqlı olduğunu bəyan edirlər. Yaşıl enerjinin istehsalı və ixracı məqsədilə reallaşdırılması nəzərdə tutulan birgə tədbirlər, xüsusən də Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə elektrik enerjisinin ixrası layihəsi iki ölkənin strateji tərəfdaşlığını dərinləşdirir.

Qeyd edilən ərazilər uzun müddət işğal altında olduğu üçün burada uğurlu inkişaf modelinin formalaşdırılması beynəlxalq imic baxımından da vacibdir. Azərbaycan hökuməti azad edilmiş ərazilərdə yerli və xarici investorlar üçün əlverişli hüquqi-institusional mühit formalaşdırmaqla yanaşı, dövlət büdcəsi hesabına infrastrukturun bərpasını həyata keçirir, biznes mühitini stimullaşdırır. Bölgədə əlverişli investisiya mühitinin formalaşması əcnəbi şirkətlərin də marağını cəlb edir. Azad edilmiş ərazilər xüsusilə turizm, kənd təsərrüfatı, xidmət sektoru, rəqəmsal texnologiyalar kimi sahələrdə fəaliyyət göstərmək istəyən xarici investorlar üçün işgüzar platforma təqdim edir. Özbəkistan kimi strateji tərəfdaş ölkənin bu prosesə fəal şəkildə cəlb olunması isə türkdilli dövlətlər arasında iqtisadi inteqrasiyanın praktik müstəviyə keçməsinin göstəricisidir.

Mərkəzi Asiya ölkələrinin azad edilmiş ərazilərdə həyata keçirdikləri bəzi layihələr dərin siyasi çalarlar daşıyaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstəyi simvolizə edir. Özbəkistanın vəsaiti hesabına Füzuli şəhərində böyük ümümtəhsil məktəbinin, Qazaxıstanın Uşaq Yaradıcılıq Mərkəzinin inşasını başa çatdırması bu baxımdan xüsusi vurğulana bilər. Qeyd edilən layihələr mədəni-humanitar və siyasi məzmunu ilə yanaşı, həmin ölkələrin bölgədəki iqtisadi fəallığının göstəricisidir.

Xatırlatmaq lazımdır ki, hələ 2022-ci ildə 500 milyon ABŞ dolları nizamnamə kapitalı ilə fəaliyyətə başlayan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün maliyyə təminatı yaradıb. Bu qurum ortaq layihələr üçün dayanıqlı maliyyə platforması formalaşdırmaq məqsədilə təsis olunub. Tərəflər qarşılıqlı ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmaq hədəfi qoyublar və mövcud iqtisadi potensial bu məqsədin reallaşmasına real zəmin yaradır.

IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan – Özbəkistan: iqtisadi tərəfdaşlıq vektoru” mövzusunda panel sessiyasında xüsusi vurğulanıb ki, yaxın perspektivdə Azərbaycanın Özbəkistanda ticarət nümayəndəliyinin açılması nəzərdə tutulur. Bundan əlavə, ölkələrimiz arasında elektron ticarət platformasının yaradılması planlaşdırılır.

Azərbaycanla Özbəkistan arasında birgə layihələrin reallaşdırılması, Qazaxıstanın bu prosesdə iştiraka artan marağı, qardaş Türkiyənin strateji dəstəyi bütövlükdə türkdilli ölkələr arasında əməkdaşlığa yaxşı inmkanlar açır. TDT ölkələri nəqliyyat-logistika layihələrində (Orta Dəhliz, Bakı-Tbilisi-Qars, Zəngəzur dəhlizi) də birgə layihələr reallaşdırmaq niyyətindədirlər.

Qeyd edilənlər deməyə əsas verir ki, türkdilli ölkələr arasında investisiya əməkdaşlığı iqtisadi mənfəətlə yanaşı, gələcəkdə ortaq hədəflərin reallaşdırılması baxımından da vacibdir.

MTM Analitik Qrup