PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİKLƏR GƏLMƏKDƏ DAVAM EDİR

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

Əlamətdar bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Azərbaycanın müstəqilliyinin qürurla qeyd olunduğu bu gün həm də ölkələrimiz arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrini bir daha təsdiqləmək üçün yaxşı fürsətdir.

Bu əlamətdar gündə xalqlarımızın davamlı rifahı naminə qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığımızı dərinləşdirməyə sadiqliyimizi bir daha bildirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

xxx

16:29

Türkiyə Böyük Millət Məclisinin deputatı, TÜRKPA-da Türkiyə nümayəndə heyətinin üzvü Kadim Durmaz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının elan edildiyi 28 May – Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan müstəqilliyini əldə etdiyi vaxtdan böyük uğurlara imza atıb, ölkə daxilində köklü dəyişikliklər həyata keçirilib, eləcə də Qərb institutlarına inteqrasiya istiqamətində mühüm irəliləyişlər əldə olunub və biz bütün bu prosesləri təqdirlə müşahidə edirik.

Tarix boyu Azərbaycan ilə münasibətlər Türkiyə üçün prioritet olub.

Ulu öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin isə “Bir millət, iki dövlət” kəlamları ölkələrimiz arasında münasibətlərin təməl prinsipi kimi qəbul edilmiş və Siz bu münasibətləri daha da inkişaf etdirmisiniz.

Türkiyə-Azərbaycan münasibətləri çoxşaxəli əməkdaşlığa əsaslanır, hər iki ölkə münasibətlərin daha da dərinləşməsinə diqqət yetirir, regionda sülhü və sabitliyi prioritet hesab edir, Türk Dövlətləri Təşkilatını gücləndirir və qlobal siyasətdə daha fəal rol oynamağı hədəfləyir.

Cənubi Qafqazda və Türk dünyasında uzunmüddətli perspektivdə nümunəvi münasibətlər kimi qiymətləndiriləcək Azərbaycan-Türkiyə əlaqələrinin gələcəkdə daha da möhkəmlənməsini arzulayıram.

Müstəqillik Günü münasibətilə Sizə bir daha səmimi təbriklərimi, dərin hörmət və ehtiramımı çatdırıram”.

xxx

14:38

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

28 May – Müstəqillik Günü münasibətilə Sizə Paraqvay Respublikasının hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi qardaşlıq salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar bayram münasibətilə qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və rifah arzularımı ifadə edir, eyni zamanda Paraqvay Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daim möhkəmlənməsini diləyirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə ən dərin hörmət və ehtiramımı bir daha bildirirəm”.