
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. İsrail Baş nazirinin Prezident İlham Əliyevə məktubu
İsrail Baş naziri Benyamin Netanyahu Prezident İlham Əliyevə ünvanladığı məktubda iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndiyini qeyd edib. O, enerji, müdafiə və texnologiya sahələrində əməkdaşlığın genişlənməsini dəstəklədiyini vurğulayıb və Azərbaycanın regional sabitliyə verdiyi töhfəni yüksək qiymətləndirib.
2. İranın Azərbaycana yeni səfir təyin etməsi
İran Azərbaycanla münasibətlərin normallaşmasına çalışır və bu istiqamətdə addımlar atır. Təcrübəli diplomatın Azərbaycana səfir təyin edilməsi ikitərəfli münasibətlərdəki irəliləyişin nəticəsidir.
3. Azərbaycanın investisiya imkanları
Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın investisiya potensialı beynəlxalq investorların diqqətinə təqdim olunub. Bu sahədə layihələr xarici şirkətlər üçün cəlbedici istiqamətlər kimi vurğulanıb.
4. Bakı Təşəbbüs Qrupunun neokolonializmə dair tədbiri
Bakı Təşəbbüs Qrupu neokolonializmə qarşı növbəti tədbir təşkil edib. Tədbirdə Afrika, Karib hövzəsi və Asiyadan olan bir sıra ictimai-siyasi fəallar çıxış edərək, Fransa başda olmaqla bəzi Qərb dövlətlərinin müasir kolonial siyasətini ifşa ediblər. Azərbaycan bu təşəbbüslə qlobal ədalət mübarizəsinə dəstək nümayiş etdirir.
5. Gürcüstan hakimiyyəti ABŞ-ilə münasibətlərin bərpasına çalışır
ABŞ-də yeni adminstrasiya fəaliyyətə başlayandan sonra Tbilisi Vaşinqtonla münasibətləri düzəltmək üçün diplomatik addımlar atır. Baş nazir İrakli Kobaxidze ABŞ-yə dost münasibət bəslədiklərini və Qərblə strateji tərəfdaşlığın davam etməsini istədiklərini bildirib. Bununla yanaşı, ölkədə anti-Qərb ritorikasının artması münasibətlərin gələcəyini qeyri-müəyyən edir.