
Azərbaycanla sülh müqaviləsi imzalamadan, ölkəmizlə əməkdaşlıq münasibətləri qurmadan Ermənistanın regional layihələrdə iştirakının qeyri-mümkün olması beynəlxalq miqyasda da qəbul edilən həqiqətdir. Elə bu səbəbdən indi Ermənistana məsləhət görülür ki, müxtəlif regional layihələrdə iştirak üçün Azərbaycanla əlaqələr yaratsın, ölkəmizin təşəbbüsü və ya iştirakçılığı ilə keçirilən iqtisadi transmilli proseslərə qatıla bilsin. Bu, Ermənistanın perspektiv inkişafı üçün əsas şərtlərdən biridir, əks halda sözügedən ölkə regionda təcrid edilmiş vəziyyətdə qalmaqda davam edəcək.
Ermənistanın öz təşəbbüsü ilə irəli sürdüyü layihələrin icrasının mümkünlüyü də yenə Azərbaycandan asılıdır. Məsələn, elə Ermənistanın baş naziri Nikol Paşinyanın hələ 2023-cü ilin oktyabrında Tbilisidə təqdim etdiyi “Sülh kəsişməsi” layihəsi bunun ən əyani nümunələrindən biridir. Paşinyanın az qala hamıya təqdim etdiyi bu layihə indiyə kimi kağız üzərində qalmaqda davam edir. Çünki Cənubi Qafqazda reallaşan digər layihələr kimi “Sülh kəsişməsi”nin də baş tutması Azərbaycandan asılıdır.
Cari ilin yanvarında nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı bu mövzuya toxunan Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Ermənistanın “Sülh kəsişməsi” layihəsinin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur: “İndi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır”. Azərbaycanın şərtləri isə sülhlə yanaşı, həm də Zəngəzur dəhlizinin aşılmasıdır. Zəngəzur dəhlizinin işə düşməsi “Sülh kəsişməsi” layihəsinə əslində, hansısa ehtiyac da qoymur.
Bundan əlavə bəllidir ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın 2020-ci il 10 noyabr tarixində üzərinə götürdüyü öhdəlikdir. Yenə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə 10 noyabr kapitulyasiya aktını diqqətlə oxumağı bir daha məsləhət görüb: “Orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar…Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi – Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur”.
Azərbaycanın yanaşmasının tam reallığı əks etdirməsini dünya ictimaiyyəti də qəbul edir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması Ermənistanın öz ərazisini və maddi-texniki imkanlarını genişmiqyaslı kontinental proseslərə inteqrasiyası məqsədilə hazırladığı “Sülh kəsişməsi” təşəbbüsünün praktiki həyata keçirilməsi üçün vacib şərtdir. Eyni zamanda Sergey Lavrov onu da vurğulayıb ki, Ermənistan Azərbaycanla sülh müqaviləsindən əlavə, Türkiyə ilə də münasibətlərini normallaşdırmalıdır: “Münaqişələrin və onların nəticəsində nəqliyyat və iqtisadi əlaqələrə qoyulan qadağaların aradan qaldırılması qitənin bu hissəsinin və bütün qitəmizin rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq”. O da bəllidir ki, Ermənistanın Türkiyə ilə də münasibətlərini normallaşdırması Azəbaycandan asılıdır. Yəni Ermənistan ölkəmizlə sülh müqaviləsi imzalayıb əlaqələr yaratdıqdan sonra Türkiyə də avtomatik olaraq bu ölkə ilə münasibətlərini normallaşdırmağa hazırdır. Türkiyə rəsmiləri bu xüsusda mövqelərini dəfələrlə açıq şəkildə bəyan ediblər.
Beləliklə, Azərbaycanın razılığı olmadan “Sülh kəsişməsi” təşəbbüsünün reallaşması mümkün deyil və bunu Ermənistana deyənlərin sayı kifayət qədərdir. Azərbaycan və Türkiyənın razılığı olmadan Ermənistanın istənilən tərəflə iş aparması da “Sülh kəsişməsi”nin reallaşmasını mümkünsüz edir. Bakı və Ankaranın yanşamasına görə isə Zəngəzur dəhlizinin açılması halında “Sülh kəsişməsi” layihəsinə heç bir ehtiyac da yoxdur. Zəngəzur dəhlizinin həyata keçməsi Azərbaycan və Türkiyənin regionda əsas məqsədlərindən biridir, sözügedən istiqamətdə ölkələrimiz tərəfindən müvafiq fəaliyyət həyata keçirilir.
Digər tərəfdən “Sülh kəsişməsi”ndən fərqli olaraq Zəngəzur dəhlizinin reallaşması daha praktik xarakterə malikdir. Əvvəla, Azərbaycan öz ərazisində bu dəhlizlə bağlı genişmiqyaslı işlər həyata keçirir və prosesi başa çatdırmaq üzrədir. Türkiyə tərəfi də zəruri addımlar atır. Bundan əlavə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavı arasında Qərbi Zəngəzurdan keçən marşrutlar Sovet dönəmində mövcud olub. Zəngəzur dəhlizi müəyyən qədər bunların yenilənməsini nəzərdə tutur. “Sülh kəsişməsi” layihəsi daha uzun məsafəni əhatə edir, praktik əhəmiyyəti Zəngəzur dəhlizi ilə müqayisədə olduqca aşağıdır. Bu mənada “Sülh kəsişməsi” təşəbbüsü səmərəsizdir, onun reallaşmasına hansısa ehtiyac da yoxdur. Ermənistanın bəzi xarici havadarları, bu ölkəni Cənubi Qafqazda qeyri-stabilliyin tətikləyici qüvvəsi kimi görənlər “Sülh kəsişməsi” layihəsinə dəstək ifadə etsələr də, real mənzərə bunun mənasız olduğunu göstərir. Qeyd edildiyi kimi Azərbaycanın razılığı olmadan “Sülh kəsişməsi” heç vaxt həyata keçə bilməz, ölkəmiz isə “Sülh kəsişməsi”nə hansısa zərurət görmür. O səbəbdən Ermənistanın daha çox Zəngəzur dəhlizinin üzərində fokuslanması bu ölkənin özünün də maraqlarına daha uyğun olardı. İrəvanın əslində, bu reallığı qəbul etməkdən başqa variantı da yoxdur.
MTM Analitik Qrup