
İntensiv xarakter alan Azərbaycan-Özbəkistan əlaqələri son illərdə strateji müttəfiqlik yönümündə inkişaf edir. Qardaş ölkənin dövlət başçısı Şavkat Mirziyoyevin mayın 21-də “Azərbaycanla müttəfiqlik münasibətləri haqqında Müqavilənin təsdiq edilməsi barədə Qanunu” imzalaması bu prosesin hüquqi və siyasi baxımdan mühüm mərhələyə keçdiyini göstərir.
2024-cü il avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin münasibətlərində yeni inkişaf mərhələsinin əsasını qoyub. Özbəkistan Senatında aprelin 30-da təsdiqlənən sənədin Prezident Şavkat Mirziyoyev tərəfindən də təsdiqlənməsi ikitərəfli münasibətlərin hüquqi əsaslarını gücləndirməklə yanaşı, regionda yaranmaqda olan yeni geosiyasi konfiqurasiyanı da aydınlaşdırır. Müqavilənin ratifikasiyası, şübhəsiz ki, Azərbaycan-Özbəkistan münasibətlərində strateji müttəfiqliyin rəsmi şəkildə təsbiti deməkdir və bu da ikitərəfli münasibətlərdə fundamental dönüş nöqtəsidir.
Xatırlatmaq laızmdır ki, Prezident İlham Əliyevin hələ 2022-ci ilin iyun ayında Özbəkistana reallaşan dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” ikitərəfli münasibətlərə yeni təkan olub. Həmin il 500 milyon dollarlıq nizamnamə kapitalı ilə yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti sərmayələrin təşviqinə və genişləndirilməsinə zəmin yaradıb. Hər iki dövlət qarşılıqlı ticarəti 1 milyard ABŞ dollarına çatdırmağı qarşıya məqsəd qoyub və bunun üçün ciddi potensial mövcuddur. Prezident İlham Əliyev 2024-cü ilin avqust ayında Özbəkistana səfəri zamanı təşkil edilən biznes forumda iki ölkə arasında əlverişli biznes mühitinin mövcudluğunu, iş adamlarının birgə fəaliyyət göstərməyə, birgə investisiya qoymağa maraq göstərdiklərini diqqətə çatdırıb.
Ümumiyyətlə, hazırda Azərbaycan və Özbəkistanı ortaq tarixi, mədəni və dini köklər birləşdirir. Ölkələrimiz arasında artan yüksək səviyyəli səfərlər, iqtisadi əməkdaşlıq layihələrinə dair imzalanan sazişlər, ortaq enerji-nəqliyyat layihələri mövcud münasibətlərin sistemli şəkildə dərinləşdiyini sübut edir. Xüsusilə də Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli formatında əməkdaşlığın intensivləşməsi yeni mərhələnin əsas göstəricilərindən biridir. Bu formatda keçirilən görüşlər göstərir ki, tərəflər yalnız ikitərəfli deyil, eyni zamanda, regional inteqrasiyaya xidmət edən çoxtərəfli mexanizmlər üzərində də çalışırlar. Bu formatın strateji əhəmiyyəti onunla şərtlənir ki, ölkələrimiz bir-birini tamamlayan iqtisadi-coğrafi üstünlüklərə malikdirlər. Mərkəzi Asiya və Cənubi Qafqaz bölgələrinin əsas aktorları kimi çıxış edən Azərbaycan və Özbəkistan üçün Türkiyənin də bu formatda yer alması həm enerji təhlükəsizliyi, həm ticarət yollarının şaxələndirilməsi, həm də hərbi-texniki əməkdaşlıq baxımından yaxşı imkanlar açır.
Bu kontekstdə Özbəkistanın Şuşa Bəyannaməsinə qoşulması məsələsi də perspektivdə aktuallaşa bilər. Bu bəyannamə regionda sabitliyin və güc balansının təmin edilməsində yeni bir arxitektura yaradıb. Özbəkistanın həmin Bəyannaməyə qoşulması üçtərəfli hərbi-siyasi ittifaqın yaranması baxımından əhəmiyyətli olardı.
Azərbaycan-Türkiyə-Özbəkistan formatında ikinci üçtərəfli görüş bu il yanvarın 29-da Ankarada keçirilib və yekun olaraq “Ankara Bəyannaməsi” imzalanıb. Sənəddə nəqliyyat, iqtisadiyyat, ticarət, rəqəmsal texnologiyalar və ətraf mühit sahələrində əməkdaşlığın gücləndirilməsi, regional kommunikasiyaların inkişaf etdirilməsi və Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dəstək ifadə olunub.
Əldə olunan razılaşmalar və siyasi iradə göstərir ki, üçtərəfli münasibətlər konkret strateji maraqlara əsaslanan formatın yaranmasına doğru inkişaf edir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Özbəkistan üçün istifadəyə açılması, Zəngəzur dəhlizinə marağın artması, Orta Dəhlizin inkişafı ölkələrimizin tranzit potensialını və qarşılıqlı əlaqələrini gücləndirir. Bu əməkdaşlıq təkcə ölkələrin daxili inkişafına deyil, bütövlükdə Avrasiya məkanında yeni nəqliyyat və enerji marşrutlarının formalaşmasına təsir göstərir.
Prezident İlham Əliyev Budapeştdə Türk Dövlətlər Təşkilatının qeyri-rəsmi sammitində çıxışı zamanı bununla bağlı deyib: “Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Türkiyәnin vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil edib”.
Qeyd edilənlər fonunda Özbəkistan Prezidentinin müttəfiqlik müqaviləsini təsdiqləməsi, sadəcə, formal hüquqi prosedur deyil, strateji niyyətin, siyasi iradənin ifadəsidir. Bu sənəd əsasında formalaşacaq münasibətlər yalnız Azərbaycan və Özbəkistan üçün deyil, bütövlükdə türk dünyası, daha geniş anlamda Avrasiya üçün yeni imkanların açılması deməkdir.
MTM Analitik Qrup