
Azərbaycan və Macarıstan arasında münasibətlər son illərdə yalnız diplomatik deyil, həm də strateji məzmun kəsb edən çoxşaxəli əməkdaşlıq müstəvisinə keçib. Bu münasibətlər geosiyasi dinamika, enerji təhlükəsizliyi, regional inteqrasiya və ortaq mədəni dəyərlər fonunda daha da dərinləşir. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirakı ölkələrimiz, bütövlükdə türk dünyası üçün strateji əhəmiyyət daşıyan tarixi hadisədir. Bu hadisəni əhəmiyyətli edən əsas amil türk dünyasının Avropaya çıxış imkanları əldə etməsidir. Macarıstanın TDT-də müşahidəçi statusunda olmasına baxmayaraq, artıq zirvə görüşünə ev sahibliyi edir, bu isə türkdilli dövlətlərin Avropa ilə inteqrasiyası üçün yeni bir siyasi platformanın formalaşdığını göstərir. Prezident İlham Əliyevin bu tədbirdə iştirakı Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, Avrasiya məkanında da lider dövlət kimi mövqeyini gücləndirdiyini sübut edir. Bundan əlavə, Budapeşt görüşündə qəbul ediləcək “Budapeşt Bəyannaməsi” TDT ölkələrinin gələcək əməkdaşlığında yol xəritəsi rolunu oynayacaq. Prezident İlham Əliyevin bu sənədə razılıq verən əsas liderlərdən biri olması Azərbaycanın təşkilat daxilində oynadığı rolu daha da aktuallaşdırır.
Bu səfər həm də Azərbaycanla Macarıstan arasında enerji, nəqliyyat və yaşıl keçid layihələrinin müzakirəsi baxımından əhəmiyyətlidir. Macarıstan Azərbaycan qazının potensial alıcılarından biridir və yaşıl enerji dəhlizi – Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan elektrik layihəsi bu səfərin gündəmində mühüm yer tutur. Digər tərəfdən Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsində tutduğu rol Macarıstanın enerji təhlükəsizliyində də mühüm əhəmiyyət kəsb edir. Macarıstan Azərbaycan qazının Avropa bazarına çıxışında mühüm tranzit və istehlakçı ölkə kimi çıxış edir. Bu, Avropanın enerji müxtəlifliyini artırmaq məqsədinə xidmət etməklə yanaşı, Bakının da Avropa İttifaqı ilə əlaqələrini gücləndirir.
İki il əvvəl Prezident İlham Əliyevin Budapeştə dövlət səfəri çərçivəsində imzalanan sənədlər enerji, logistika, kənd təsərrüfatı, alternativ enerji və infrastruktur sahələrində birgə layihələrin icrasını nəzərdə tuturdu. Məhz bu səfərdən sonra Azərbaycan–Macarıstan Birgə Hökumətlərarası Komissiyası çərçivəsində əməkdaşlıq, humanitar və təhsil əlaqələri daha da genişləndirildi. Həmin səfər ikitərəfli münasibətlərin strateji səviyyəyə çatdığını təsdiqlədi. Bu səfər zamanı Azərbaycan və Macarıstan arasında “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalandı ki, bu da münasibətlərin hüquqi-institusional bazasının daha da gücləndirilməsinə xidmət edirdi. Prezident İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban arasında keçirilən görüşdə qarşılıqlı etimad və siyasi iradənin yüksək səviyyəsi nümayiş etdirildi. Səfər çərçivəsində enerji daşıyıcılarının Avropaya çatdırılması, yaşıl enerji layihələrinin həyata keçirilməsi, nəqliyyat-logistika imkanlarının inkişafı və qarşılıqlı sərmayələrin artırılması istiqamətində konkret razılaşmalar əldə olundu. Xüsusilə, “Yaşıl enerji dəhlizi” layihəsində Macarıstanın iştirakı Avropa İttifaqının alternativ enerji mənbələrinə çıxışında mühüm hadisə hesab olunur.
Hazırda Azərbaycan-Macarıstan əlaqələri yalnız ikitərəfli müstəvidə deyil, həm də regional və qlobal kontekstdə mühüm rol oynayır. Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizindəki mövqeyi ilə Macarıstanın Mərkəzi Avropa ölkəsi kimi strateji yerləşməsi bu əməkdaşlığın geosiyasi əhəmiyyətini artırır. Həmçinin, Türk Dövlətləri Təşkilatında Macarıstanın müşahidəçi statusu və bu qurumla aktiv əlaqələri iki ölkə arasında ortaq türkdilli irsin müasir siyasi platformada da özünü göstərməsi baxımından əlamətdardır. Ona görə də Prezident İlham Əliyevin Budapeştə budəfəki səfəri təkcə Azərbaycan-Macarıstan münasibətlərinə yeni impuls verməklə qalmır, həm də Türk Dövlətləri Təşkilatının gələcək konturlarının Avropa ilə kəsişməsində yeni mərhələnin başlanğıcını qoyur. Bu səfər vasitəsilə Azərbaycan bir daha sübut edir ki, o, Qərblə Şərq arasında körpü rolunu oynamaqla yanaşı, regional və qlobal miqyasda təşəbbüskar dövlət olaraq yeni geosiyasi düzənlərin formalaşmasına töhfə verir.
MTM Analitik Qrup