ZƏNGƏZUR DƏHLİZİNƏ QARŞI ERMƏNİSTANIN MÜQAVİMƏT İMKANLARI TÜKƏNİR, YAXIN PERSPEKTİVDƏ BU MARŞRUT İŞƏ DÜŞƏCƏK

Böyük geosiyasi, geoiqtisadi əhəmiyyətə malik Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycan fəaliyyətini yüksək intensivliklə davam etdirir. Elə bu kontekstdə Zəngəzur dəhlizinə daxil olan  Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisi tamamlanmaq üzrədir. O da məlumdur ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Bununla yanaşı, bu dəhlizdən keçəcək müvafiq dəmir yolunun tikintisi üzrə də işlər davam etdirilir. Türkiyə tərəfi də öz ərazisində sözügedən dəhlizlə bağlı müvafiq addımlar atır. Qardaş ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bununla bağlı bildirir ki, Zəngəzur dəhlizi layihəsini 3-4 il ərzində həyata keçirməyi planlaşdırırıq. O qeyd edib ki, Zəngəzur dəhlizi layihəsi Türkiyə ilə türk dünyasını birləşdirəcək: “Həm Azərbaycan, həm də Türkiyə işləri davam etdirir”. Hazırda dəhlizin açılmasına əngəl olan yeganə tərəf Ermənistandır. İrəvan hələ də 2020-ci il 10 noyabrında üzərinə götürdüyü öhdəliyin icrasından yayınaraq, Zəngəzur dəhlizinin açılmasını ləngidir. İrana səfəri çərçivəsində Tehran Dialoq Forumunda çıxış edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edir ki, Zəngəzur dəhlizi adlanan məsələ Ermənistanın gündəmində deyil: “Ermənistan Zəngəzur dəhlizi ifadəsini işlətmir. Söhbət regionda sülh və sabitliyin möhkəmləndirilməsi vasitəsi kimi regional kommunikasiyaların blokdan çıxarılmasından gedir”.

Zəngəzur dəhlizinin Ermənistanda necə adlandırılmasından asılı olmayaraq, Azərbaycan onun nəzərədə tutulan şərtlər əsasında açılmasını tələb edir. Dəhliz sözünün Ermənəstanı niyə belə qıcıqlandırması isə sadəcə, anlaşılan deyil. Azərbaycan tərəfi ən yüksək səviyyədə dəfələrlə bu məsələyə dair mövqeyini açıqlayıb. Hələ 2023-cü ilin may ayında  Moskvada Ali Avrasiya İqtisadi Şurasının toplantısında qonaq qismində iştirak edən Prezident İlham Əliyevin çıxışı zamanı Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs etməsinə baş nazir Nikol Paşinyanın reallığı təhrif edən reaksiya verməsinə, bunun guya ərazi iddiası olduğunu bildirməsinə Azərbaycan dövlət başçısı tutarlı cavab verərək Ermənistanın rəhbərini rəzil duruma saldı: “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi can-fəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim dəhliz sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq Şimal-Cənub dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə Şərq-Qərb dəhlizinə münasibətdə də istifadə olunur. Dəhliz sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər”.

Azərbaycan Ermənistanın ərazi bütövlüyün tanıyır, sadəcə, bəyan edir ki, ölkəmizin əsas hissəsindən Naxçıvana gedən yüklər, perspektivdə isə sərnişinlər hansısa yoxlamaya, digər prosesdurlara məruz qala bilməzlər. Bunu da şərtləndirən səbəb Ermənistanın 2020-ci ilin noyabrında üzərinə götürdüyü öhdəlikdir. Üçüncü ölkələr üçün Ermənistan bütün müvafiq prosesdurları tətbiq etmək hüququna malikdir və Azərbaycan bunu qəbul edir. İndi Ermənistanın bütün bunlara baxmayaraq, yenə Zəngəzur dəhlizinin açılmasını ləngitməyə çalışması ümumən Cənubi Qafqazda sülh prosesinə xələl gətirir, münasibətlərin normallaşamasına zərbə vurur. Halbuki, bu dəhlizin işə düşməsindən faydalanacaq əsas tərəflərdən biri də məhz Ermənistandır.

Beynəlxalq miqyasda da nəzərə alınır ki, Zəngəzur dəhlizi regionda iqtisadi inteqrasiyanın gücləndirilməsinə xidmət edəcək. Ölkəmizin irəli sürdüyü bu strateji təşəbbüs Asiya və Avropa arasında nəqliyyat əlaqələrinin daha da dərinləşməsinə,   yeni iqtisadi imkanların üzə çıxmasına gətirib çıxaracaq. Elə o səbəbdən Zəngəzur dəhlizinə beynəlxalq miqyasda güclü dəstək ifadə edilir. Belə bir şəraitdə bu marşrutun açılmasına müqavimətin əbəs olduğunu Ermənistanda da qəbul edənlərin sayı az deyil. Elə bu günlərdə Ermənistanın “Past” qəzeti yazırdı ki, dünyada birbaşa Ermənistanla, xüsusən də Zəngəzur dəhlizi ilə bağlı maraqlı hadisələr baş verir, amma heç kim İrəvanın adını çəkmir. Stenford Universitetinin professoru Artur Xaçikyan qeyd edir ki, Ermənistanın müqavimətinə baxmayaraq,Zəngəzur dəhlizi məsələsinin  Azərbaycanın və Türkiyənin istədiyi şəkildə həll olunması tamamilə mümkündür: “Həm Ankaranın, həm də Bakının həm Moskvada, həm də Vaşinqtonda çox güclü diplomatik mövqeləri var, İrəvan praktiki olaraq buna malik deyil. Ermənistanın nə Rusiyada, nə də ABŞ-da güclü diplomatik əlaqələri, nə də çəkisi var. Ona görə də bu məsələnin bizim xeyrimizə həll olunmaması tamamilə mümkündür”.

Avrasiyanın geosiyasi, geoiqtisadi mənzərəsində əhəmiyyəti artan Mərkəzi Asiyaya Zəngəzur dəhlizi ilə daha asan daxil ola biləcəyi reallığını ABŞ diqqətdən qaçırmır. Çinin, Rusiyanın, Avropanın da sözügedən dəhlizə artan marağı ABŞ-ı daha aktiv fəaliyyətə sövq edir və Vaşinqton  bu məsələdə gecikmək istəmir. Əks halda rəqiblərinin onu qabaqlayacağını yaxşı bilir. Çin və Avropa isə qəbul edir ki, Zəngəzur dəhlizi onlar arasında iqtisadi bağları daha da dərinləşdirə bilər və bu, hər iki tərəf üçün olduqca önəmlidir. Rusiya da dünya bazarlarına çıxış üçün bu dəhlizin imkanlarından istifadədə  maraqlı tərəfdir. Mərkəzi Asiya ölkələri də ixrac imkanlarını artrmaq üçün Zəngəzur dəhlizinin yaratdığı imkanlardan faydalanmaq istəyirlər. Özbəkistandan olan ekspert Nərgizə Umarova bildirir ki, Zəngəzur dəhlizi Mərkəzi Asiya ölkələri tərəfindən dəstəklənir və strateji təşəbbüs kimi qiymətləndirilir: “Zəngəzur dəhlizinin açılması marşrutu təqribən 350 kilometr qısaldacaq ki, bu da Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətini artıracaq. Qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin istismara verilməsindən sonra Gürcüstan üzərindən keçən marşrutlar da paralel şəkildə fəaliyyət göstərəcək. Bu isə Orta Dəhlizin ümumi buraxılış qabiliyyətini artıracaq və regionlararası əlaqəliliyi daha da yaxşılaşdıracaq”. Beləliklə, Zəngəzur dəhlizinə beynəlxalq miqyasda güclü dəstək var və bu şəraitdə Ermənistanın sözügedən marşruta qarşı dirənişi də əbəsdir, mənasızdır.

MTM Analitik Qrup