YENİ BEYNƏLXALQ KONFİQURASİYA AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİNƏ YENİ DƏYƏR QAZANDIRIR

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşü son dövrlər Tehran-Bakı xəttində yaşanan istiləşmənin davamı kimi qiymətləndirilə bilər. Görüşdə tərəflər tranzit dəhlizlərinin və marşrutlarının tikintisinin sürətləndirilməsi məsələsini müzakirə edərək regional kommunikasiyaların genişlənməsinin əhəmiyyətini bir daha təsdiqləyiblər. Bu cür dialoqlar təkcə iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqaz və Yaxın Şərqin sabitliyi üçün də vacib əhəmiyyət kəsb edir. Bu baxımdan İran Prezidenti Məsud Pezeşkianın ötən ay Azərbaycana səfəri və bu səfər çərçivəsində imzalanan sənədlər münasibətlərin uzun müddətdən sonra reallıqla ayaqlaşan, praqmatizmlə yönlənən mərhələyə qədəm qoyduğunu göstərir. Səfər zamanı tərəflər nəinki iqtisadi və energetika sahələrində əməkdaşlığı gücləndirməyə, eyni zamanda, təhlükəsizlik və sərhəd sabitliyi məsələlərində də birgə koordinasiyanı inkişaf etdirməyə dair razılıq əldə etdilər. Xüsusilə diqqətçəkən məqam isə Cənub-Şimal və Şimal-Cənub dəhlizlərinin perspektivləri ilə bağlı ortaq niyyətin nümayiş etdirilməsi idi. İranın Astaradan keçməklə Rusiyaya, Azərbaycanın isə bu marşrut vasitəsilə Fars körfəzinə çıxış əldə etməsi hər iki ölkəyə mühüm geosiyasi dividendlər vəd edir.

İran-Azərbaycan münasibətlərinin yumşalmasının bir sıra regional və beynəlxalq səbəbləri var. İlk olaraq, Qafqazda dəyişən güc balansı və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesinin İranın maraqlarına toxunan aspektləri Tehranın daha konstruktiv yanaşma sərgiləməsinə səbəb olub. Eyni zamanda, Qərbin İran üzərində təzyiqləri artdıqca, Tehran üçün qonşularla normal münasibətlərin saxlanılması daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Belə ki, Bakı ilə Tehran arasında gərginlik doğuran əsas amillərdən biri 2020-ci ildən sonra Zəngəzur dəhlizi ilə bağlı yaranan anlaşılmazlıq idi. Lakin son dövrlərdə tərəflər bu məsələni bir-birinin suverenliyinə hörmət çərçivəsində və qarşılıqlı fayda prinsipinə əsasən həll etməyə daha açıq görünürlər. Tranzit və ticarət yollarının inkişafı üzərindəki fokus bu baxımdan həm gərginliyi azaldır, həm də iqtisadi inteqrasiyanı artırır.

Hazırkı geosiyasi reallıqda İran və Azərbaycanın əməkdaşlığı daha geniş bir regionu əhatə edən strateji xəttin vacib tərkib hissəsidir. Çin və Hindistanın Avrasiyada yeni nəqliyyat xətlərinə marağı, Rusiyanın sanksiyalar fonunda yeni ticarət dəhlizləri axtarışı və Avropa İttifaqının alternativ enerji və logistika marşrutlarına ehtiyacı Azərbaycan-İran münasibətlərinə yeni dəyər qazandırır. Azərbaycan Cənubi Qafqazda əsas enerji ixracatçısı və tranzit ölkə kimi mövqeyini gücləndirərkən, İran da öz ərazisindən keçən yolları modernləşdirərək bu sistemə inteqrasiya etmək istəyir. Bu qarşılıqlı ehtiyaclar, həm də ikitərəfli münasibətlərin gələcəyini daha pozitiv ssenarilər üzərində qurmaq imkanı yaradır. Bütün bunların fonunda İran-Azərbaycan münasibətlərinin gələcəyinə ehtiyatlı nikbinliklə yanaşmaq olar. Strateji səviyyədə hələ də dərin fərqlər mövcud olsa da, tərəflərin son aylarda nümayiş etdirdiyi praqmatik yanaşma gələcək üçün möhkəm zəmin formalaşdıra bilər. Əsas məsələ bu konstruktiv atmosferin saxlanılması və regional əməkdaşlıq modelinin siyasi spekulyasiyalardan uzaq, qarşılıqlı fayda üzərində qurulmasıdır. Bu, həm ikitərəfli əlaqələrin, həm də bütövlükdə regionun sabitliyinin əsas təminatlarından biri ola bilər.

MTM Analitik Qrup