AZƏRBAYCAN ASTANA BEYNƏLXALQ FORUMUNDA TƏMSİL OLUNACAQ

Mayın 29-30-da Qazaxıstanın paytaxtı Astanada dünya liderlərini, ekspertləri, investorları və biznes nümayəndələrini bir araya gətirən regionun ən böyük biznes tədbiri olan Astana Beynəlxalq Forumu (AIF2025) keçiriləcək.

Tədbirin rəsmi saytında qeyd olunub ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəhbəri Muxtar Babayev təmsil edəcək.

Qeyd edək ki, forum plenar sessiya və 25 müzakirə platformasını əhatə edir. Tədbirdə dünyanın hər yerindən 600-ə yaxın xarici qonaq, o cümlədən beynəlxalq təşkilatların, korporasiyaların rəhbərləri, investorlar, aparıcı siyasətçilər və elmi ictimaiyyətin nümayəndələri iştirak edəcəklər.

AIF2025 çərçivəsində enerji təhlükəsizliyi, iqlim fəaliyyəti, geosiyasi əməkdaşlıq, beynəlxalq ticarət, texnoloji innovasiya və davamlı inkişaf daxil olmaqla, bir çox məsələlərin həllinə diqqət yetiriləcək.