
Əməkdaşlıq və dialoqu təşviq etmək üçün 2022-ci ildə yaradılan, bu mənada nisbətən yeni platforma olan Avropa Siyasi Birliyi fəaliyyəti ilə getdikcə daha çox diqqət cəlb edir. Avropa İttifaqından fərqli olaraq, Avropa Siyasi Birliyi məcburi qanunları və ya müqavilələri olan rəsmi qurum deyil. Bunun əvəzinə o, həm Avropa İttifaqı, həm də bu quruma daxil olmayan ölkələrin təhlükəsizlik, enerji, miqrasiya və geosiyasi çağırışlar kimi ümumi məsələlərdə iştirak edə biləcəyi çevik və əhatəli forum kimi çıxış edir.
Avropa Siyasi Birliyi sürətlə dəyişən indiki qlobal mühitdə Avropanın ehtiyaclarını əks etdirir. Onun formalaşması qitənin dəyişən siyasi mənzərəsinə cavab hesab olunur. Bu hal xüsusən də Rusiyanın Ukraynaya müdaxiləsi, transatlantik miqyasda qeydə alınan gərginliklər fonunda özünü daha qabarıq şəkildə büruzə verir. Daha bir mühüm nüans odur ki, bu gün Avropanın özünün Avropa İttifaqının institusional hüdudlarından kənarda daha geniş Avropa birliyinə böyük ehtiyacı var. Bu kontekstdə Avropa Siyasi Birliyinin Zirvə toplantılarında Avropa İttifaqına üzv ölkələrlə yanaşı, digər ölkələrin, o cümlədən Azərbaycanın iştirakı tamamilə təbii xarakter daşıyır.
Avropada qəbul edilir ki, qitənin onun sərhədlərindən kənarda yerləşən ölkələrlə də birliyinə ciddi ehtiyac var və bu, sabitlik, inkişaf üçün artıq ən mühüm şərtlərdən biridir. Bu səbəbdən Avropa Siyasi Birliyi həm də siyasi koordinasiya platforması kimi təqdim olunur. Avropa Siyasi Birliyi ərsəyə gəlməsi həm də tarixi zərurət kimi özünü büruzə verib. Hələ 1989-cu ildə Fransanın mərhum prezidenti Fransua Mitteran ilk dəfə Soyuq Müharibədən sonra Avropa İttifaqının sələfi olmuş Avropa İqtisadi Birliyinin üzvlərini Rusiyanı, Mərkəzi və Şərqi Avropa ölkələrini bir araya toplaya biləcək vahid platforma ideyasını irəli sürmüşdü. Lakin həmin vaxt bu ideya kifayət qədər dəstək ala bilmədi. Brexit-dən sonra isə Avropanın ümumi təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Böyük Britaniyanı yenidən masaya qaytarmağın aktiv yolları axtarılmağa başlandı. Elə bu müstəvidə Avropa Təhlükəsizlik Şurasının yaradılması ideyası gündəmə gətirildi, lakin bu da qəbul olunmadı. Daha sonra isə Ukraynadakı müharibə, bundan ən çox təsirlənən ölkələrin Avropa İttifaqı və ya NATO üzvü olmaması faktı bütün avropalıları qitəyə təsir edən məsələləri müzakirə etmək məqsədilə bir araya gətirmək üçün müvafiq çərçivə tapılmasını yenidən aktuallaşdıırdı. Avropa dəyərlərini və coğrafiyasını bölüşən, lakin Avropa İttifaqının üzvü olmayan ölkələrin yeni formatda təmsilinin mümkünlüyü bu məsələni daha cəlbedici hala gətirdi. Nəticədə 44 lideri bir araya gətirən ilk Avropa Siyasi Birliyi Zirvə toplantısı 6 oktyabr 2022-ci ildə Çexiyanın paytaxtı Praqada keçirildi.
Qeyd edilməlidir ki, həmin tədbirə dəvət alan 44 liderdən biri də Prezident İlham Əliyev olub. Burada yadda qalan ən mühüm məqamlardan biri də Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının o vaxtkı prezidenti Şarl Mişelin və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə qeyri-rəsmi görüşün keçirilməsi oldu. Həmin tədbir çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşündə tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar. Ermənistan 1990-cı illərdən bəri ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməyə məcbur oldu. Bu hal həmin dövrdə Ermənistanın ən yaxın hamilərini belə şoka salmışdı və Azərbaycanın beynəlxalq miqyasda yeni böyük dipolmatik uğuru idi.
2023-cü ilin iyun ayında Moldovanın paytaxtı Kişineuda Avropa Siyasi Birliyinin sayca ikinci Zirvə toplantısında Azərbaycan və Ermənistan liderlərinin Fransa prezidenti Emmanuel Makron və o vaxtkı Almaniyanın Federal kansleri Olaf Şoltsun iştirakı ilə daha bir görüşü təşkil olundu. Lakin burada Fransanın birmənalı şəkildə Ermənistanın tərəfini tutması Azərbaycan və Ermənistan sülh prosesinə xələl gətirməklə yanaşı, Avropa Siyasi Birliyinin ikinci Zirvə toplantısına da kölgə saldı. Bunun nəticələri 2023-cü ilin oktyabrında İspaniyanın Qranada şəhərində keçirilmiş Avropa Siyasi Birliyinin üçüncü Zirvə toplantısında özünü daha qabarıq şəkildə büruzə verdi. Azərbaycan lideri o vaxt Qranadadakı Zirvə toplantısına qatılmağa, burada Ermənistan rəhbəri ilə görüşə razılıq verdi. Lakin Azərbaycan tərəfi həmin görüşdə Türkiyə prezidentinin də yer almasını istədi. Buna etiraz edilməsi fonunda Azərbaycan lideri tədbirə qatılmaqdan imtina etdi. Nəticədə Qranadadakı Zirvə toplantısı da tənqid hədəfinə çevrildi. Bu xüsusda həmin vaxt məhşur “Politico” nəşri yazırdı ki, Avropanın 50-yə yaxın ölkəsinin liderlərinin, onların köməkçilərinin və digər rəhbər şəxslərinin, həmçinin yüzlərlə jurnalistin qatıldığı Avropa Siyasi Birliyinin üçüncü zirvə toplantısı fiaskoya uğradı. Çünki toplantıya yığışanlar Avropanın astanasında olan münaqişələrin, yaxud hansısa digər regional problemin həllində əhəmiyyətli irəliləyiş əldə edə bilmədilər. Nəşr xüsusi vurğulayırdı ki, Qranadada Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq imkanı əldən buraxılıb.
Qurumun dördüncü Zirvə toplantısı İngiltərənin Oksfordşir bölgəsində yerləşən Blenheim sarayında baş tutub. Azərbaycan burada ən yüksək səviyyədə təmsil edilib. Tədbir çərçivəsində diqqət mərkəzində yer alan məsələlərdən biri Azərbaycanın Avropanın enerji təhlükəsizliyin təmin olunmasında rolu ilə bağlı oldu. Avropa Siyasi Birliyinin beşinci toplantısı Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutub və həmin vaxt sıx iş qrafiki səbəbindən Prezident İlham Əliyev tədbirdə iştirak etməyib.
Real vəziyyət göstərir ki, Avropa Siyasi Birliyinin həm məqsədlərinə çatması, həm də daha geniş dəstək qazanması üçün Azərbaycanın burada təmsil olunmasını həyati vacib hal hesab edir. Bu kontekstdə Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin altıncı Zirvə toplantısında Azərbaycanın ən yüksək səviyyədə təmsil edilməsi, Prezident Əliyevə burada xüsusi ehtiram göstərilməsi təsadüfi xarakter daşımır. Avropa Siyasi Birliyi çərçivəsində həmrəyliyin gücləndirilməsi, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, nəqliyyat-logistika, kiber təhdidlər kimi məsələlərin həllində Avropanın Azərbaycana ehtiyacı böyükdür. Bu, eyni zamanda ölkəmizin beynəlxalq miqyasda yüksək nüfuzundan, davamlı şəkildə güclənməkdə olan mövqeyindən xəbər verir.
O da faktdır ki, Avropa Siyasi Birliyi Avropada daha geniş strateji koordinasiya ehtiyacına praqmatik cavab ola bilər. Qurum perspektivdə bir-biri ilə daha sıx əlaqəli oan, yaxından əməkdaşlıq edən ölkələr üçün daha cəlbedici platformanın təməl daşına çevrilmək iqtidarındadır.
MTM Analitik Qrup