
Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki son çıxışı ölkə siyasətində yenidən gərginlik dalğası yaradıb. Paşinyan öz çıxışında keçmiş prezidentlər Robert Köçəryanı və Serj Sarkisyanı yalnız korrupsiyada ittiham etməklə kifayətlənməyib, həm də onların bu günə qədər həbs olunmamalarını “lütfkarlıq” kimi dəyərləndirib. Bu ritorika ilk baxışda siyasi revanş kimi görünsə də, əslində dərin tarixi və geosiyasi kontekstə söykənir. Çünki Paşinyanın bu addımı özünü müxalifətin korrupsiya ittihamlarından qorumaq və diqqəti keçmiş hakimiyyətin cinayətlərinə yönəltmək üçün taktiki gediş kimi də qiymətləndirilə bilər.
Paşinyanın korrupsiya ittihamlarını səsləndirməsi birinci dəfə deyil. Onun 2018-ci ildəki “məxməri inqilab”la hakimiyyətə gəlməsi də məhz keçmiş xunta rejimlərinin korrupsioner xarakterinə qarşı etiraz dalğası nəticəsində baş tutmuşdu. Ancaq bu dəfə məsələ təkcə korrupsiya ilə bitmir. Ermənilərin siyasi tarixində “Qarabağ klanı” adlandırılan bu iki fiqurun – Köçəryan və Sarkisyanın hakimiyyəti dövründəki siyasət yalnız Ermənistan daxilində deyil, həm də regionda ciddi fəsadlar doğurmuşdu.
Robert Köçəryan və Serj Sarkisyan Ermənistanı 20 ildən artıq bir müddətdə idarə etdilər. Hər ikisi Qarabağda hərbi cinayətlərdə iştirak etmiş və daha sonra Ermənistana siyasi rəhbərlik etmişdilər. Onların rəhbərliyi dövründə təkcə ölkə daxilində siyasi repressiyalar, seçki saxtakarlıqları və iqtisadi korrupsiya deyil, eyni zamanda Azərbaycan ərazisində qanlı qətliamlar və separatçı hərəkətlər də həyata keçirilmişdi. Bu proseslər təkcə Azərbaycan üçün deyil, Ermənistan üçün də faciəvi nəticələrə səbəb oldu. Nəticədə Ermənistan təcrid olundu, regional layihələrdən kənarda qaldı və iqtisadi geriləmə ilə üzləşdi. Ona görə də Nikol Paşinyanın bu gün keçmiş prezidentləri ittiham etməsi, sadəcə daxili siyasi qarşıdurma deyil, həm də regional siyasi xəttin dəyişdiyini göstərir. O, hakimiyyətə gəldiyi ilk illərdə Qarabağ mövzusunda ehtiyatlı mövqe sərgiləyirdi. Ancaq 2020-ci ildə baş verən ikinci Qarabağ müharibəsindən sonra Paşinyan real vəziyyətlə üzləşdi, Ermənistanın işğal siyasəti iflasa uğradı və bu siyasəti formalaşdıranlar – Köçəryan və Sarkisyan ittihamlarla üz-üzə qaldılar. Bu baxımdan Paşinyanın onların cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı çağırışları təkcə siyasi deyil, həm də tarixi ədalətin bərpası kimi qəbul oluna bilər.
Maraqlı məqamlardan biri də Robert Köçəryanın birbaşa cavab vermək əvəzinə oğlunu, yəni Levon Köçəryanı qabağa verməsidir. Levon parlament tribunasından atasını və Sarkisyanı müdafiə etməsi gərginliyə səbəb olub, mübahisə yaranıb və nəticədə fiziki qarşıdurma baş verib. Bundan dərhal sonra Levonun parlamenti tələsik tərk etməsi onun siyasi cəhətdən yetkinliyə çatmadığını, hələ də atasının kölgəsində hərəkət etdiyini göstərir. Bu hadisə həm də onu göstərir ki, Paşinyanın opponentləri ona qarşı təşkilatlanmaq istəsələr də, ya siyasi parçalanma, ya da liderlik böhranı bu cəhdləri tamamilə zəiflədib. Əgər Ermənistanın demokratik institutları doğrudan da güclənməkdədirsə, Köçəryan və Sarkisyan kimi fiqurların yalnız korrupsiya deyil, həm də regionda qan tökülməsinə səbəb olan separatçılıq siyasətlərinə görə məhkəmə qarşısına çıxarılmaları vacibdir. Bu, təkcə Paşinyan hakimiyyəti üçün deyil, Ermənistanın gələcəyi və regionda dayanıqlı sülhün qurulması üçün də əhəmiyyətlidir. Çünki yalnız siyasi ritorika ilə kifayətlənmək və keçmişi unutdurmağa çalışmaq əvəzinə, ictimai ədalətin bərpası üçün hüquqi proseslər başlatmaq Ermənistan cəmiyyətində də məsuliyyət hissini gücləndirə bilər. Əks halda, keçmişin günahları yenə də yeni nəsillərin çiynində qalacaq.
MTM Analitik Qrup