UĞURLU DİVERSİFİKASİYA SİYASƏTİ AZƏRBAYCANDA İQTİSADİ İNKİŞAFI DAHA DİNAMİK HALA GƏTİRİR

Dünya iqtisadiyyatında son qeyri-müəyyənliklər, müxtəlif resursların, o cümlədən enerji ehtiyatlarının qiymətində kəskin dəyişikliklər yeni çağırışlar formalaşdırır. Bunlara adekvat reaksiya verə bilməyən və əvvəlcədən hadisələrin bu səpkidə mümkün inkişafına hazır olmayan ölkələri ciddi çətinliklər gözləyir. Söhbət xüsusən də iqtisadiyyatı daha çox təbii resursların satışına əsaslanan ölkələrdən gedir. Belə ölkələrin sayı isə hələ də kifayət qədərdir. Amma təbii resurslarla zəngin olan, bununla yanaşı, iqtisadiyyatını diversifikasiya edən ölkələrdə tamam fərqli mənzərə müşahidə olunur. Azərbaycan bunun ən yaxşı nümunələrindən biridir.

Ölkəmiz qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirib, enerji resurslarından asılılıq dərəcəsini əhəmiyyətli dərəcədə azaldıb. İqtisadiyyatda diversifikasiya həm də inklüziv artıma, yeni iş yerlərinin yaradılmasına və uzunmüddətli iqtisadi dayanıqlığa xidmət edir. Dünya təcrübəsi də göstərir ki, neft və qaza həddən artıq asılılıq riskli xarakterə malikdir. Dəyişən əmtəə qiymətləri, geosiyasi gərginlik və təmiz enerjiyə keçid üçün qlobal səylər karbohidrogenlər ətrafında qurulmuş iqtisadiyyatların sabitliyini təhdid edir. Bunun əksinə olaraq, güclü qeyri-neft-qaz sektoru iqtisadi riskləri, xarici şoklara qarşı həssaslığı azaldır və müxtəlif sənaye sahələri üzrə innovasiyaları təşviq edir. Yenə Azərbaycan bunun ən yaxşı nümunələrindən birini yaradıb.

Ölkəmizdə bu gün qeyri-neft-qaz sektorunun müxtəlif qolları özünün dinamik yüksəliş mərhələsindədir. Məsələn, kənd təsərrüfatı iqtisadi sferada getdikcə daha böyük rol oynamağa başlayıb. Müasir əkinçilik texnikasına, suvarma sistemlərinə, müvafiq infrastruktura və əlavə dəyər emalına investisiya qoyuluşu ölkəmizdə kənd təsərrüfatını iqtisadi transformasiya üçün əsas sahələrdən birinə çevirib. Bu,  ərzaq təhlükəsizliyinə də mühüm töhfələr verir, aqrar-sənaye parklarının, fermerlərin  sayının artmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə gətirib çıxarır.

O da məlum həqiqətdir ki, sənayeləşmə ölkəmizdə davamlı iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsindən biridir. İstehsala, xüsusən də yüngül sənaye sahələrinə üstünlük verilməsi bu gün Azərbaycanda çoxsaylı iş yerləri yaradır, ixracı artırır.  Sənaye klasterlərinin inkişaf etdirilməsi ölkəmizə əlavə üstünlüklər qazandırır.

Maliyyə, telekommunikasiya, təhsil, səhiyyə və turizm də daxil olmaqla xidmət sektoru Azərbaycan iqtisadiyyatının artımında zəruri rol oynayır. Xüsusilə ölkəmizdə son illərdə rəqəmsal iqtisadiyyat sürətlə genişlənir. Azərbaycan sahibkarlığın inkişafını sürətləndirmək və maliyyə inklüzivliyini artırmaq üçün mobil texnologiyadan, müvafiq platformalardan və elektron ticarətdən getdikcə daha çox istifadə edir. Elə bu günlərdə Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında imzalanmış Birgə Bəyanatda elektron ticarətin daha da inkişafı  üçün yeni imkanların yaradılması əsas diqqət mərkəzində olan məqamlar sırasında yer alıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoruluğunu həyata keçirdiyi “Azexport.az” portalı Azərbaycan məhsullarının dünyanın 15-dək aparıcı elektron ticarət platformasında yayımlanmasını təşkil edir. Bu, sahibkarların ixrac imkanlarının artmasına mühüm təsir göstərir.

Ölkəmizdə qeyri-neft-qaz sektorunun mühüm bir qolu kimi turizm də özünün yüksəliş mərhələsini yaşayır. Ümumiyyətlə, dünya təcrübəsi də göstərir ki, turizm iş yerlərinin yaradılması, valyuta gəlirləri üçün böyük potensial yaradır. Bir çox ölkələr qlobal ziyarətçiləri cəlb etmək üçün infrastrukturu gücləndirir, viza proseslərini sadələşdirir,  yerli incəsənət və irsi təbliğ edir. Bu fonda Azərbaycanda turizmə xüsusi diqqət edilir və bu məsələ işğaldan azad edilən əraziləri də əhatə edir.

Daha bir mühüm nüans ondan ibarətdir ki, qeyri-neft-qaz sektorunun uğurlu inkişafı strateji baxış və əlaqələndirilmiş siyasətin həyata keçirilməsini tələb edir. Müvafiq  islahatlar, vergi güzəştləri, təkmilləşdirilmiş infrastruktur, təhsil və səhiyyəyə investisiyalar vasitəsilə əlverişli mühit yaradılması bu mənada Azərbaycanda ön planda yer alır. Dövlət-özəl sektor tərəfdaşlığı sözügedən prosesdə mühüm rol oynayır. Bununla yanaşı, karbon emissiyalarını azaltmaq üçün görülən işlərin miqyası genişləndikcə, bərpa olunan enerjiyə, dayanıqlı kənd təsərrüfatına və dairəvi iqtisadiyyata doğru keçid də sürətlənir.

Beləliklə, bu gün Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafı şaxələndirilmiş, əhatəli və dayanıqlı iqtisadiyyatın təməl daşıdır. İnsan kapitalına diqqəti artırmaqla, infrastruktura və innovasiyaya sərmayə qoymaqla Azərbaycan yeni inkişaf mənbələri yaradır. Elə bu kontekstdə də ölkə iqtisadiyyatının yüksəlişində qeyri-neft-qaz sektorunun xüsusi çəkisi getdikcə artır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 305,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul istehsal olunub. Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz azaldığı halda, qeyri-neft-qaz sahəsində isə 3,3 faiz artıb. ÜDM istehsalının 37,3 faizi sənaye, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşüb. Bu müddətdə məhsula və idxala xalis vergilər ÜDM-nin 10,3 faizini təşkil edib.

Qarşıdakı dövrdə də ölkəmizdə iqtisadi artım daha çox qeyri-neft-qaz sektorunun hesabına baş verəcək. İqtisadiyyat Nazirliyinin proqnozuna əsasən, 2025-ci ildə ölkəmizdə ÜDM-nin artımı 3,7 faiz, 2026-cı ildə isə 3,2 faiz səviyyəsində gözlənilir. Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın iqtisadi artımını 2025-ci ildə 3 faiz, 2026-cı ildə isə 2,5 faiz səviyyəsində proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondu iqtisadi artımın 2025 və 2026-cı illərdə müvafiq olaraq 3,5 faiz və 2,5 faiz olacağını bildirir. Dünya Bankı isə iqtisadi artımın 2025-ci ildə 2,6 faiz və 2026-cı ildə isə 2,4 faiz olacağını gözləyir. Asiya İnkişaf Bankı qeyd edilən dövrlər üçün Azərbaycan iqtisadiyyatında müvafiq olaraq 3,4 faiz və 3,3 faiz artım proqnozlaşdırır. “S&P Global” illik 2 faiz, “Fitch Ratings” 2025-ci ildə 3 faiz, 2026-cı ildə 2,4 faiz, “Moody’s” isə illik 2,5 faiz artım gözləyir. Artım prosesində məhz qeyri-neft-qaz sektorunun xüsusi çəkisi getdikcə artacaq.

MTM Analitik Qrup