
Yaxın Şərqdə baş verən geosiyasi proseslər, beynəlxalq güc balansında baş verən dəyişikliklər və regional oyunçuların yeni mövqe axtarışları Suriya məsələsinin birdəfəlik həlli məsələsini gündəmə gətirib. Bu kontekstdə ABŞ tərəfindən Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi artıq təkcə iqtisadi deyil, həm də siyasi-strateji əhəmiyyət daşıyan addım kimi qəbul edilirdi. Vaşinqtonun uzun illərdir Suriyaya tətbiq etdiyi sanksiyaların Donald Tramp tərəfindən ləğv edilməsi və bunun Amerika prezidentinin Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa ilə görüşü ərəfəsində elan olunması atılan addımın təsadüfi deyil, planlaşdırılmış və daha geniş məqsədlərə xidmət edən strategiyanın tərkib hissəsi olduğunu göstərir.
ABŞ-nin Suriyaya qarşı tətbiq etdiyi sanksiyalar, xüsusilə də bir neçə il əvvəl qüvvəyə minmiş “Sezar Qanunu” Suriya hökumətinə, onun yaxın ətrafına və bu hakimiyyətlə iqtisadi əlaqədə olan xarici şirkətlərə qarşı sərt iqtisadi məhdudiyyətlər tətbiq etməklə ölkəni iqtisadi cəhətdən çökdürməyi hədəfləmişdi. Bu sanksiyalar nəticəsində Suriya milli valyutası dramatik şəkildə dəyər itirmiş, əhalinin alıcılıq qabiliyyəti azalmış və enerji, ərzaq, dərman təminatında dərin çatışmazlıqlar yaranmışdı. Lakin bu sanksiyaların əsas hədəfi olan siyasi rejim əhəmiyyətli ölçüdə zərər görsə də, real olaraq bu tədbirlərdən ən çox əziyyət çəkən sadə Suriya vətəndaşları idi. Bu isə beynəlxalq ictimaiyyətdə sanksiyaların effektivliyi və legitimliyi ilə bağlı ciddi suallar yaranmışdı. Ona görə də Amerika administrasiyasının Suriyaya tətbiq olunan bəzi sanksiyaları mərhələli şəkildə ləğv etməsi qərarı, bir neçə aspektdən mühüm əhəmiyyət daşıyır.
Birincisi, əlbəttə ki, humanitar aspektdir. Sözsüz ki, bu addım humanitar fəlakətin qarşısının alınmasına xidmət edəcək. Sanksiyaların ləğvi ərzaq, dərman, enerji və digər zəruri ehtiyacların ölkəyə daha asan şəkildə daxil olmasına imkan yaradacaq. Bu da sadə suriyalıların həyat şəraitini yaxşılaşdıracaq.
İkincisi, ABŞ tərəfindən atılan bu addım eyni zamanda regional güclərə, xüsusilə də İran və Rusiyaya bir siqnaldır. Yəni Vaşinqton Suriya məsələsində yeni bir səhifə açmağa, Dəməşqlə birbaşa olmasa da, dolayı yollarla danışıqlar masasına oturmağa hazırdır.
Üçüncüsü, sanksiyaların ləğvi Suriya hakimiyyətinə həm iqtisadi nəfəs verəcək, həm də onun beynəlxalq arenada legitimliyinin bərpasına kömək edəcək. Bu isə Suriyanın daxili sabitliyinə və regional mövqeyinə müsbət təsir göstərəcək.
Sanksiyaların ləğvi qərarının Trampla Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa arasında görüş ərəfəsində baş verməsi xüsusi ilə diqqətəlayiqdir. Bu görüş artıq özü-özlüyündə Qərbin Suriya hakimiyyəti ilə münasibətinə yeni baxışın formalaşdığını göstərir. Belə bir kontekstdə sanksiyaların ləğvi Suriyanın regional güc balansındakı yerini möhkəmləndirməyə xidmət edir. Belə ki, ləğv olunan sanksiyalar vasitəsilə Dəməşq beynəlxalq ticarətə qayıda, Çin və ərəb ölkələri ilə münasibətlərini dərinləşdirə bilər. Suriya isə bu vəziyyətdən səmərəli istifadə edərsə, öz dövlətçiliyini möhkəmləndirə, regional ittifaqlarda daha fəal yer tuta və beynəlxalq təcriddən qurtula bilər.
MTM Analitik Qrup