
Təhlükəsizlik adası kimi tanınan Azərbaycanda hökm-sürən ictimai-siyasi, makroiqtisadi sabitlik, tolerant və multikultural mühit, mədəni tərəqqi, habelə bir sıra ölkələrlə viza rejiminin sadələşdirilməsi tədbirləri ölkəmizin turizm cəlbediciliyinə müsbət təsir göstərir.
Dövlət suverenliyimizin bərpasından sonra azad edilmiş ərazilərin iqtisadiyyatın xüsusi əlavə dəyər yaradan sektorlarına cəlb edilməsinə geniş imkanlar açılıb. Ölkəmizin füsunkar guşələrindən olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları təbii-coğrafi üstünlükləri ilə həm də böyük turizm potensialına malikdir. Bu iqtisadi rayonlar özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və digər görməli məkanları ilə yerli və xarici turistləri cəlb edir. Həmin bölgələrdə yerləşən milli parklar, qorunan təbiət əraziləri, termal sular ekoturizmə maraqlı turistlərdə böyük maraq doğurur.
Son illərdə keçirilən qlobal turizm forumlarında azad edilmiş ərazilərimizin rəqabətədavamlı turizm məkanına çevrilmək potensialı yüksək dəyərləndirilib. Dünya miqyasında tanınmış blogerlərin, nüfuzlu turizm şirkətlərinin təmsilçilərinin, qeyri-hökumət təşkilatlarının, media nümayəndələrinin və s. azad edilmiş ərazilərə müntəzəm səfərlərinin təşkili ölkəmizin turizm potensialının təbliği baxımından səmərəli nəticələr verir. Qarabağ və Şərqi Zəngəzur bölgəsinin əlverişli turizm zonasına çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər qlobal miqyasda maraqla qarşılanır.
Prezident İlham Əliyevin azad edilmiş ərazilərə ənənə halını almış səfərləri erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş şəhər, rayon və kəndlərimizin bərpası, yenidən qurulması layihələri ilə yerindəcə qərarlar qəbul etmək, eləcə də turizmin inkişafını sürətləndirmək baxımından xüsusilə əhəmiyyətlidir. Dövlət başçısı birinci xanım Mehriban Əliyeva ilə birlikdə bu günlərdə həmin ərazilərə növbəti səfəri çərçivəsində Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı turizmin inkişafına xidmət edən layihələrin diqqət mərkəzində olduğunu vurğulayıb: “Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq”.
Dövlət başçısının rəhbərliyi ilə son illərdə hazırlanan baş planlar işğaldan azad edilmiş yaşayış məskənlərinin – şəhər və rayonların, qəsəbələrin müasirliklə tarixiliyin sintezinə əsaslanan şəhərsalma-arxitektura elementləri əsasında bərpası və yenidənqurulmasına, turizm infrastrukturunun formalaşmasına imkan yaradıb. Bundan əlavə, azad edilmiş bir sıra ərazilərdə qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri – yolların, dəmiryolu xəttlərinin, energetika sisteminin bərpası iqtisadi inkişafın sürətləndirilməsi, əlverişli investisiya mühitinin formalaşdırılması turizmin inkişafı baxımından zəruridir.
Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzur bölgəsinin əlverişli turizm zonası kimi dünyada təbliği və təşviqi xüsusi diqqət mərkəzindədir. Azərbaycan Prezidenti İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” bu baxımdan fundamental əhəmiyyətli sənəd kimi diqqəti çəkir. Proqrama əsasən, qarşıdakı illərdə azad edilmiş ərazilərdə müxtəlif turizm növlərinin inkişafının dəstəklənməsi nəzərdə tutulur.
Dövlət Proqramında bu ərazilərdə müvafiq infrastrukturun yaradılması; tikintisi və yenidən qurulması başa çatmış turizm obyektlərinin istifadəyə verilməsi; turizm və rekreasiya zonalarının yaradılması; ən azı 2 turizm əhəmiyyətli ərazidə turizm və rekreasiya zonalarının elan edilməsi və inkişaf planlarının təsdiq edilməsi; turizm sənayesi subyektlərinə təlimlərin keçirilməsi; azad olunmuş ərazilərin turizm imkanları ilə bağlı marketinq və kommunikasiya tədbirlərinin görülməsi və digər mühüm tədbirlər əksini tapıb.
Ümumiyyətlə, son illərdə Füzuli və Zəngilanda hava limanlarının istifadəyə verilməsi, Laçında inşasının davam etdirilməsi bölgədə biznesin bütün sektorlarının, eləcə də turizmin inkişafına yeni imkanlar açıb. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Bərdə–Ağdam, Horadiz–Ağbənd, Ağdam_xankəndi dəmiryol layihələri də işğaldan azad olunmuş ərazilərinə iqtisadi dividendlər vəd edir. Yeni dəmiryol xətləri həm sərnişinlərin, həm də sənaye və kənd təsərrüfatı məhsullarının daha sürətli və sərfəli şəkildə daşınmasına imkan verəcək, bölgənin logistik potensialını əhəmiyyətli dərəcədə artıracaq. Dövlət başçısının səfəri çərçivəsində açılışı olmuş Ağdam Dəmir Yolu və Vağzal Kompleksi kimi infrastruktur obyekti həm yerli istehsalın genişlənməsinə, həm də beynəlxalq ticarətin, turizmin inkişafına təkan verəcək. Bu kompleks Qarabağ regionunun mühüm nəqliyyat mübadilə mərkəzinə çevriləcək.
Qarabağda turizmin inkişafına təkan verəcək ən mühüm layihələrdən biri də perspektivdə Zəngəzur dəhlizinin açılması olacaq. Eyni zamanda, İran ərazisindən keçəcək yeni nəqliyyat və dəmir yolu xətti marşrutlarından istifadə təkcə region deyil, Avropa və Şərq ölkələri üçün də cəlbedicidir.
Onu da qeyd edək ki, işğalın nəticələrinin əyani şəkildə göstərilməsi məqsədilə açıq səma altında reallaşdırılan layihələr (“Dark turizm”) ölkə həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Əcnəbi turistlər Qarabağın erməni barbarları tərəfindən hansı vəziyyətə salındığının, hazırda isə əsl sahibləri tərəfindən necə abadlaşdırıldığının əyani şahidi olurlar.
MTM Analitik Qrup