AZƏRBAYCAN HƏM CƏNUBİ QAFQAZDA, HƏM DƏ ONUN SƏRHƏDLƏRİNDƏN KƏNARDA DAHA GÜCLÜ MÖVQE SAHİBİNƏ ÇEVRİLİR

Geosiyasi, geoiqtisadi əhəmiyyəti təkcə Avrasiya yox, eyni zamanda bütün dünya üçün artan Cənubi Qafqazda Azərbaycanın dominant güc olması artıq beynəlxalq miqyasda qəbul olunur. Ölkəmiz strateji mövqeyi, davamlı böyüyən iqtisadiyyatı, hərbi gücü və dinamik xarici siyasəti ilə regionun lider ölkəsi statusunu daha da möhkəmləndirir. Bu hal İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar kontekstində özünü daha qabarıq şəkildə büruzə verir. Ancaq təbii ki, digər faktorlar da burada öz sözünü deyir.

Azərbaycanın Cənubi Qafqazda lider ölkə statusuna yüksəlməsi, bu istiqamətdə transformasiya düşünülmüş siyasətin, regional və beynəlxalq məsələlərə iddialı yanaşmanın, qarşıya qoyulmuş hədəflərə çatılması istiqamətində atılan məqsədyönlü addımların nəticəsidir. Təbii ki, ölkəmizin bu nailiyyətlərinin iqtisadi cəhətdən kökündə ilk növbədə onun böyük enerji ehtiyatları dayanır. Ölkə mühüm neft və təbii qaz ehtiyatlarına malikdir, irimiqyaslı infrastruktur və inkişaf layihələrini maliyyələşdirmək üçün bu aktivləri uğurla kapitallaşdırıb. Bakı-Tiflis-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi Azərbaycanın Avropa üçün vacib enerji tərəfdaşına çevrilərək qitə üçün ölkəmizin əhəmiyyətini artırıb. İndi bura yaşıl enerji də daxil olur. Azərbaycan tezliklə bu enerji növünün də mühüm ixracatçısına çevriləcək. Bunlarla yanaşı,  kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və bərpa olunan enerji kimi qeyri-neft sektorlarına sərmayələrin artması ilə Azərbaycan həm də iqtisadi şaxələndirmə istiqamətində addımlar ataraq, öz qüdrətini daha da yüksəldir.

O da bəlli faktdır ki, coğrafi baxımdan Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Ölkəmizin mövqeyi onu regional nəqliyyat şəbəkələrinin və ticarət dəhlizlərinin, o cümlədən Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm hissəsinə çevirir. Ərazisində limanları, dəmir yollarını və logistika qovşaqlarını inkişaf etdirməklə  Azərbaycan özünü Avrasiya ticarətində əsas oyunçu kimi təsdiqləyib, Çin, Mərkəzi Asiya və Avropa arasında malların daşınmasını asanlaşdırıb.

Azərbaycanın strateji əhəmiyyəti onun balanslaşdırılmış xarici siyasəti ilə daha da artır. Məsələn, ölkəmiz Türkiyə, Rusiya və İran kimi qonşu dövlətlərlə genişmiqyaslı əlaqələr qurub, eyni zamanda Avropa İttifaqı, Çin, ABŞ və digərləri ilə tərəfdaşlıq əlaqələrini gücləndirir. Bu çoxvektorlu xarici siyasət Azərbaycana öz milli maraqlarını çevik və praqmatik şəkildə həyata keçirməyə imkan verir.  Yeni müstəqillik tarixində Azərbaycanın dinamik yüksəlişinin ən diqqətəlayiq cəhətlərindən biri Sihalı Qüvvələrinin  modernləşdirilməsi olub. Müdafiə sahəsində əhəmiyyətli investisiyalar və strateji tərəfdaşlıqlar sayəsində Azərbaycan regionda ən döyüş qabiliyyətli Silahlı Qüvvələri yaradıb. Bu hərbi güc 2020-ci ildə İkinci Qarabağ Müharibəsində, 2023-cü ilin sentyabr ayında birgünlük antiterror tədbirlərində əyani şəkildə nümayiş etdirildi. Özü də Azərbaycanın müasir dünya tarixində belə nailiyyətə imza atan yeganə dövlətdir. Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşü zamanı bu xüsusda bildirib ki, ölkəmizin  tarixi Zəfəri artıq dünyada bir möcüzə kimi qəbul edilir: “Çünki bu, mütləq və tam Qələbədir. Nə o Qələbəyə qədər onilliklər ərzində, nə ondan sonra keçən 4-5 il ərzində mütləq və tam qələbə heç kim tərəfindən qazanılmamışdır. Bunun əsas səbəbi Azərbaycan xalqının əyilməz ruhudur”. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi  Cənubi Qafqazda güc balansını ölkəmizin lehinə daha kəskin şəkildə dəyişdi, onun regionda dominant güc statusunu möhkəmləndirdi.  

Bunlarla yanaşı, Azərbaycan istər Cənubi Qafqazda, istərsə də onun sərhədlərindən kənarda mövqeyini daha da gücləndirmək üçün  diplomatiya və yumşaq güc amilindən getdikcə daha çox istifadə edir. Bakı Humanitar Forumu, İslam Həmrəylik Oyunları, Avropa Oyunları, Formula 1 Qran Pri yarışları kimi beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu, həm də Azərbaycanın  qlobal miqyasda humanitar, mədəniyyət və idman mərkəzi kimi tanınmasında mühüm rol oynayır. Bakı Prosesi kimi təşəbbüslər və ölkəmizin Qoşulmama Hərəkatı kimi təşkilatlarda fəal rolu sayəsində Azərbaycan beynəlxalq məsələlərdə artıq mühüm söz sahibinə çevrilib. Ölkəmizin multikultural dəyərlərin qorunması, dini, milli  tolerantlıq sahəsində yaratdığı nümunələr də dünyada xüsusi diqqət mərkəzindədir və Azərbaycana olan hörmətin daha da artmasında öz sözünü deyir. 

Bütün bunlar həm də dünyada diqqəti öz üzərində getdikcə daha çox cəmləşdirən region kimi Cənubi Qafqazla bağlı proseslərdə Azərbaycanın yanaşmasının mütləq şəkildə nəzərə alınmasını şərtləndirir. Əks mövqedə olanların regionla əlaqədar siyasətlərində iflasa uğraması qaçılmazdır. Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı Vətən müharibəsində qazanılan Zəfər kontekstində bu məqama toxunaraq qeyd edib: “Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, – hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”.

Əslində, dövlət başçısının dediklərinin konkret nümunələri artıq mövcuddur. Məsələn, Fransa Cənubi Qafqazla bağlı siyasətində Azərbaycan faktorunu arxa plana atmağa çalışıb. Amma nəticədə Fransa Cənubi Qafqazın üzünə, belə demək mümkündürsə, həsrət qalıb. Azərbaycan bu ölkənin regionda nəyəsə nail omasına, hansısa məkrli niyyətlərini  reallaşdırmasına imkan verməyib və bundan sonra da verməyəcək. Yalnız Azərbaycanla münasibətlərini normallaşdırdıqdan, Cənubi Qafqazda bədxah siyasətindən əl çəkdikdən sonra Fransa bu regionda onun özünə də sərfəli olan şərtlərlə əməkdaşlıq münasibətləri qura bilər.  

Bu reallıqları Ermənistanın də nəzərə alıb müvafiq siyasət yürütməsi, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını tezləşdirməsi zəruridir. Əks təqdirdə yenə bundan ən çox zərər görən tərəf Ermənistan özü olacaq.

MTM Analitik Qrup