FRANSA HAKİMİYYƏTİ AZƏRBAYCANLI QƏHRAMANLARIN XATİRƏSİNİ UNUTDURMAĞA ÇALIŞIR

Parisdə İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin ildönümünə həsr olunmuş rəsmi yubiley tədbirinə Azərbaycanın bu ölkədəki səfiri Leyla Abdullayevanın dəvət edilməməsi protokol pozuntusu deyil, bu, Azərbaycanın və bütövlükdə tarixi ədalətin ünvanına yönəlmiş açıq hörmətsizlikdir. Təəssüf ki, son illərdə Parisin rəsmi mövqeyində müşahidə olunan anti-Azərbaycan meyilləri artıq sadəcə siyasi ritorikadan konkret davranışa keçib. Bu davranışlar nəinki diplomatik etika və beynəlxalq münasibətlərin əsasında duran qarşılıqlı hörmət prinsiplərinə, həm də ortaq tarixin, xüsusilə də İkinci Dünya müharibəsinin qanla yazılmış səhifələrinə kölgə salır.

Azərbaycanlıların İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri təkcə Sovet İttifaqının deyil, həmçinin Avropanın azadlıq tarixində də mühüm rol oynayıb. Xüsusilə Fransa ərazisində faşist işğalçılarına qarşı partizan hərəkatında vuruşan azərbaycanlıların şücaəti bu gün də rəğbətlə xatırlanır və bunlar Fransa tarixinin qızıl səhifələridir. Onlardan biri də Fransanın Milli Qəhrəmanı adına layiq görülmüş Əhmədiyyə Cəbrayılovdur.

Fransız müqavimət hərəkatında “Armed Mişel” ləqəbi ilə tanınan Əhmədiyyə Cəbrayılov nasistlərə qarşı döyüşən ən aktiv partizanlardan biri olub. O, Vişi rejiminə və almanlara qarşı silahlı dirənişin təşkilində, kəşfiyyat və sabotaj əməliyyatlarında böyük rol oynayıb, bir neçə dəfə almanlara əsir düşsə də, yenidən qaçaraq mübarizəsini davam etdirib. 1966-cı ildə SSRİ-ni ziyarət edən Fransa Prezidenti Şarl de Qol onu şəxsən görmək istəyib və bundan sonra bir neçə günün içində Əhmədiyyə Cəbrayılovun yeri müəyyən olunub və o, Moskvaya göndərilib. Bu hadisə bir daha Azərbaycan xalqının Fransanın azadlığı uğrunda göstərdiyi fədakarlığın yüksək səviyyədə qəbul olunduğunun bariz sübutu idi.

Lakin bütün bunlara baxmayaraq, Fransanın Azərbaycan səfirinə qarşı göstərdiyi bu münasibət əslində tarixin unudulması deyil, bilərəkdən təhrifidir. Azərbaycanın müharibədəki rolu təkcə döyüş meydanlarında qəhrəmanlıq nümunələri ilə bitmir. Bakı nefti olmasaydı, sovet ordusunun texniki təminatı, tankları və təyyarələri bu qədər effektiv ola bilməzdi. Azərbaycanın 600 mindən çox övladı İkinci Dünya müharibəsinə cəlb olunub, onların yarıdan çoxu döyüşlərdə həlak olub. Bu faktları görməzdən gəlmək, onların xatirəsinə hörmətsizlik göstərmək, əlbəttə ki, ədalətsizlikdir. Fransa kimi özünü demokratik dəyərlərin, insan haqlarının, beynəlxalq əməkdaşlığın daşıyıcısı kimi təqdim edən bir ölkə tarixə belə selektiv yanaşma nümayiş etdirməklə nəinki Azərbaycanla münasibətlərinə, həm də öz diplomatik nüfuzuna böyük zərbə vurur.

Paris artıq uzun müddətdir ki, Cənubi Qafqazda obyektiv vasitəçi obrazını itirib. İstər Ermənistan-Azərbaycan münaqişəsində birtərəfli mövqeyi, istər Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımaqda tərəddüd göstərməsi, istərsə də Fransa şəhərlərində açılan qondarma “Dağlıq Qarabağ nümayəndəlikləri” rəsmi Parisin niyyətlərini açıq şəkildə göstərir. Səfir Leyla Abdullayevanın yubiley tədbirinə dəvət edilməməsi bu ardıcıl davranışların növbəti halqasıdır. Bu addım diplomatik jest deyil, açıq siyasi təxribatdır. Əsas məsələ ondan ibarətdir ki, bu mesaj təkcə Azərbaycan dövlətinə deyil, həm də Fransa uğrunda can vermiş onlarla azərbaycanlı partizana, onların ailələrinə, ruhlarına yönəlib. Bu, tarixi xidmətlərin unudulması deyil, onların məqsədli şəkildə silinməsi cəhdidir.

Fransa unutmamalıdır ki, beynəlxalq münasibətlər təkcə bugünkü maraqlar üzərində deyil, tarixin ortaq yükü və yaddaşı üzərində qurulur. Əgər bu yaddaşa ədalətsiz yanaşma varsa, o zaman etimad, tərəfdaşlıq və qarşılıqlı hörmət kimi anlayışlar öz əhəmiyyətini itirir. Azərbaycanın səfirinə qarşı atılan bu addım da Fransa-Azərbaycan münasibətlərini daha da gərginləşdirir və Parisin Cənubi Qafqazdakı diplomatik fəallığını sual altına qoyur. Əhmədiyyə Cəbrayılovun və onlarla digər qəhrəmanların xatirəsi bu gün Fransa hakimiyyəti tərəfindən unutdurulmağa çalışılırsa bu, yalnız Azərbaycan xalqına qarşı deyil, həm də Fransanın öz tarixinə yönəlmiş haqsızlığıdır. Halbuki diplomatik izolyasiya cəhdləri nə Azərbaycanı zəiflədəcək, nə də tarixi reallıqları dəyişəcək. Əksinə, bu, yalnız Parisin beynəlxalq nüfuzunda qara ləkə kimi qalacaq.

MTM Analitik Qrup