RUMINİYA MEDİASI: AZƏRBAYCAN AVROPA İTTİFAQININ STRATEJİ QAZ TƏCHİZATÇISINA ÇEVRİLİR

Avropa İttifaqı (Aİ) Rusiya qazından tamamilə imtina etməyə doğru addımlar atır.

Bu barədə Rumıniyanın qabaqcıl “Evenimentul Zilei” qəzeti, “Spotmedia” nəşri, “Stirile Pro TV” televiziya kanalı və “Digi24” xəbər portalı məlumat verir.

Yazılarda qeyd olunur ki, Avropa İttifaqının yeni hazırladığı plana əsasən, 2025-ci ilin sonuna qədər Rusiya ilə yeni qaz müqavilələrinin bağlanması qadağan ediləcək, 2027-ci ilin sonuna qədər isə mövcud müqavilələr mərhələli şəkildə ləğv olunacaq. Bildirilir ki, hazırda Avropanın qaz tələbatının 19 faizi hələ də Rusiya tərəfindən ödənilir. Bu göstərici 2021-ci ildə 40 faiz təşkil edirdi. Aİ-nin bu istiqamətdə atdığı addımlar yeni enerji tədarükçülərinə, o cümlədən Azərbaycana daha geniş imkanlar yaradır.

Qeyd olunur ki, 2024-cü ilin statistikasına əsasən, Avropa İttifaqının qaz təminatında Azərbaycanın payı 4,2 faiz təşkil edib. Bu göstərici ilə Azərbaycan Aİ-yə qaz ixrac edən ilk altı ölkə sırasında yer alıb. Azərbaycan qazı Aİ-yə əsasən Cənub Qaz Dəhlizi vasitəsilə nəql olunur və bu dəhlizin genişləndirilməsi gələcəkdə daha böyük həcmdə qaz ixracını mümkün edə bilər.

Aİ enerji təhlükəsizliyini təmin etməklə yanaşı, enerji qiymətlərinə təsiri minimuma endirməyi də qarşıya məqsəd qoyub. Bu baxımdan, Azərbaycanın sabit və etibarlı təchizatçı kimi çıxış etməsi Aİ-nin diqqət mərkəzindədir.

Qeyd edək ki, Aİ-yə əsas qaz tədarükçüləri Norveç (33,6 faiz), Rusiya (18,8 faiz), ABŞ (16,7 faiz), Əlcəzair (14,1 faiz), Birləşmiş Krallıq (4,8 faiz), Azərbaycan (4,2 faiz) və Qətərdir (4,1 faiz). Həmçinin qeyd olunur ki, Azərbaycanın enerji resurslarından istifadə etməklə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə ölkənin beynəlxalq mövqeyini daha da gücləndirir.