VALUYEVİN ŞƏXSİ TƏŞƏBBÜSÜ DÖVLƏT MARAQLARINA TƏSİR EDİR?

Azərbaycandan Həştərxana səfər edən Milli Məclisin nümayəndə heyətinin tərkibində olan deputat Azər Badamovun Moskva hava limanından geri qaytarılması Rusiya-Azərbaycan münasibətlərində təəssüf doğuracaq addım kimi qiymətləndirilir. Xüsusilə də bu hadisənin Rusiya Dövlət Dumasının deputatı, keçmiş boksçu Nikolay Valuyevin şəxsi təşəbbüsü ilə baş verdiyinə dair yayılan məlumatlar vəziyyətin təsadüfi deyil, planlı şəkildə icra olunduğunu göstərir. Çünki Valuyev anti-Azərbaycan mövqeyi ilə tanınır və o, müxtəlif çıxışlarında xalqımıza qarşı təhqiramiz ifadələrdən belə çəkinməyib. Güman edilir ki, Azər Badamovun Moskva hava limanından geri qaytarılması məhz Valuyevin anti-Azərbaycan açıqlamalarına verdiyi cavablarla əlaqəlidir. Lakin indiki halda Rusiya tərəfindən atılan bu addımın artıq fərdi deyil, institusional formada planlaşdırıldığı aşkardır. Halbuki ötən ilin dekabrında Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzasından sonra Rusiya-Azərbaycan münasibətlərində yaşanan gərginliyin yumşaldılması istiqamətində son aylarda əhəmiyyətli addımlar atılmışdı. Bu hadisədən sonra Federasiya Şurasının sədri Valentina Matviyenko Bakıya səfər etmişdi və bu səfər çərçivəsində səsləndirilən qarşılıqlı xoşməramlı mesajlar iki ölkə arasında siyasi dialoqun yeni mərhələyə keçməsindən xəbər verirdi. Bunun ardınca Azərbaycan Prezidentinin 9 May – Qələbə Günü münasibətilə Moskvada keçiriləcək hərbi parada dəvət edilməsi Moskvanın rəsmi Bakıya ünvanladığı strateji dostluq mesajları fonunda müsbət qarşılandı. Lakin ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Həştərxanda keçirilən tədbirdə iştirak etmək üçün gedən deputat Azər Badamovun Rusiyaya buraxılmaması təkcə fərdi hüquqların pozulması deyil, həm də dövlətlərarası etimadın sarsıdılması kimi qiymətləndirilməlidir. Çünki diplomatik münasibətlərin əsas prinsiplərindən biri qarşılıqlı hörmət və yüksək səviyyəli nümayəndələrin təhlükəsizliyinin təminatıdır. Parlamentlərarası əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərə dəvət olunmuş deputatın hava limanından geri qaytarılması isə bu prinsiplərə uyğun gəlmir. Əgər bu addım doğrudan da Valuyevin təşəbbüsü ilə gerçəkləşibsə, bu, Rusiya siyasi dairələrinin bir qanadında Azərbaycana qarşı mənfi tendensiyaların hələ də mövcud olduğunu göstərir.

Ehtimal edilir ki, bu hadisədə Kremlin daxili siyasi balansları qorumaq üçün ermənipərəst qrupları razı salmaq niyyətinin də rolu var. Lakin bu cür siyasət Rusiya üçün uzunmüddətli strateji maraqlar baxımından ziyanlıdır. Çünki Azərbaycan Cənubi Qafqazda həm iqtisadi, həm də siyasi baxımdan müstəqil və güclü aktordur və bu cür davranışlar onun əməkdaşlıq üçün başqa coğrafiyalar seçməsinə səbəb ola bilər. Digər tərəfdən bu cür addımların regionda artmaqda olan siyasi gərginliyi daha da dərinləşdirməyə xidmət etməsi təəssüf doğurur. Çünki Qərblə münasibətlərdə çətinliklər yaşayan Rusiya üçün Cənubi Qafqazda strateji tərəfdaşlıq çox önəmlidir. Azərbaycanla əməkdaşlıq isə istər enerji layihələri, istər regiondakı sabitliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.  Belə bir şəraitdə bu cür təxribatçı hərəkətlərin iki ölkə münasibətlərinə xələl gətirməsi danılmazdır.

Təbii ki, diplomatik kanallarla bu məsələnin izahı və rəsmi üzrxahlıq verilməsi ikitərəfli münasibətlərin gələcəyi üçün vacibdir. Əks halda, bu hadisə yalnız parlamentlərarası əməkdaşlığa deyil, dövlət başçıları səviyyəsində planlaşdırılan təşəbbüslərə də mənfi təsir göstərə bilər. Azərbaycan ictimaiyyəti və parlamenti haqlı olaraq bu addımı dostluq münasibətlərinə yaraşmayan davranış kimi qəbul edir. Belə hadisələrdən dərs çıxarılmalı, dostluq və strateji tərəfdaşlıq çərçivəsində hərəkət edən dövlətlərin münasibətlərinə zərbə vuracaq fərdi təşəbbüslərə qarşı qəti mövqe nümayiş etdirilməlidir. Rusiya tərəfi bu məsələdə izahat verməyə borcludur. Əks halda, belə hallar etimadı sarsıdar və regionda strateji əməkdaşlıq imkanlarını zəiflədər.

MTM Analitik Qrup