BELARUS-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ STRATEJİ MÜTTƏFİQLİK İSTİQAMƏTİNDƏ İNKİŞAF EDİR

Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin Bakıya səfəri və keçirdiyi yüksək səviyyəli görüşlər ölkələrimiz arasında münasibətlərin yeni geosiyasi çağırışlara adekvat şəkildə inkişaf etdiyini, strateji tərəfdaşlığa əsaslandığını bir daha təsdiqləyir. Səfər indiyə qədər iki ölkə arasında imzalanmış sənədlərin icrası prosesinin təhlili, yeni əməkdaşlıq təmayüllərinin, mövcud potensialdan səmərəli istifadə mexanizmlərinin müəyyən edilməsi baxımından diqqəti xüsusilə cəlb edir.

Ermənistanla birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Belarusun regiondakı proseslərə beynəlxalq hüquqa əsaslanan yanaşmasını, İkinci Qarabağ müharibəsi və sonrakı mərhələdə lokal antiterror tədbirləri zamanı nümayiş etdirdiyi ədalətli mövqeyi rəsmi Bakı hər zaman yüksək dəyərləndirib. Bu ölkənin Prezidenti Aleksandr Lukaşenko ərazilərimizin azad olunmasından sonra açıq şəkildə bildirib ki, Ermənistan rəsmilərinə Azərbaycanla danışıqlar yolu ilə dil tapmağın vacibliyini dəfələrlə bildirsə, rəsmi İrəvan işğalı davam etdirib, reallığı düzgün dəyərləndirə bilməyib, ağır məğlubiyyətlə üzləşib.

Belarus-Azərbaycan münasibətləri yüksək səviyyəli rəsmi səfərlər və səmərəli müzakirələr, imzalanan yeni sənədlər sayəsində daha dinamik və işgüzar xarakter alıb. Aqrar istehsal və hərbi-sənaye kompleksinə, tranzit əhəmiyyətinə görə postsovet məkanında seçilən ölkələrdən olan Belarusla çoxşaxəli əməkdaşlığın yeni dövrün tələblərinə uyğun davam etdirilməsi rəsmi Bakı üçün mühüm əhəmiyyət daşıyır. İqtisadi inkişaf tempinə görə Belarus və Azərbaycanın postsovet məkanında öncüllər sırasında olmaları da ikitərəfli əməkdaşlığa olan marağı gücləndirir.

Dövlət başçılarının qarşılıqlı səfərləri də münasibətlərin dinamik inkişafına xüsusi təkan verir. Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa 2006-cı ilin oktyabr ayında reallaşan ilk rəsmi səfəri ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi niyyətinin bariz təzahürü olub. Səfər zamanı imzalanmış “Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında 2015-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında” müqavilə ticatər dövriyyəsinin artımında mühüm rol oynayıb. Ötən müddətdə iki ölkənin hökumətləri arasında sıx əlaqələr qurulub, hökumətlərarası komissiyanın çoxsaylı işgüzar görüşləri təşkil edilib, 150-dək rəsmi sənəd imzalanıb.

Prezident İlham Əliyev mayın 6-da Belarusun baş naziri ilə görüşü zamanı Azərbaycanla Belarus arasında mövcud siyasi əlaqələrin ruhuna uyğun olaraq iqtisadi-ticari münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Aparılan mzakirələr göstərir ki, ali səviyyədə mövcud olan fəal siyasi dialoq ikitərəfli əlaqələrin iqtisadiyyat, ticarət, investisiyalar, kənd təsərrüfatı, humanitar, mədəniyyət, turizm və digər sahələrdə müşahidə olunan əməkdaşlığın əsasını təşkil edir. Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev son 20 ildə Belarusa 8 dəfə, Belarus Prezidenti Lukaşenko da öz növbəsində Azərbaycana 8 dəfə rəsmi və işgüzar səfərlər edib. 2010-cu ildə Rusiya Belarusdan mavi yanacağa görə yaranmış borcu təcili şəkildə tələb edən zaman A.Lukaşenkonun xahişi əsasında Azərbaycan Prezidenti İlham Əliyev dost ölkəyə 200 milyon dollar məbləğində qısamüddətli kreditin ayrılmasına göstəriş verib.

Azərbaycanda iri həcmdə karbohidrogen ehtiyatlarının, Belarusda müasir neft-kimya kompleksinin mövcudluğu energetika sahəsində münasibətlərin qarşılıqlı faydalı inkişafına geniş imkanlar açır. Bununla yanaşı, münasibətlərin hazırkı səviyyəsi ilə razılaşmayan tərəflər mövcud əmtəə dövriyyəsinin həcmini əhəmiyyətli dərəcədə artırmağa, iki ölkənin təsərrüfat subyektləri arasında sabit əlaqələr yaratmağa, mövcud potensialdan səmərəli istifadəyə çalışırlar. Hazırda Belarusdan Azərbaycana idxal olunan məhsulların içərisində maşınqayırma, kimya, əczaçılıq, ağac emalı, həmçinin, metal və şüşədən hazırlanmış məmulatlar, tikinti materialları üstünlük təşkil edir.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü ilin mayında Azərbaycana reallaşan dövlət səfəri, Prezident İlham Əliyevlə birlikdə azad edilmiş ərazilərə səfəri, bir sıra açılış mərasimlərində iştirakı ölkələrimiz münasibətlərin strateji xarakter aldığını təsdiqləyib. Prezident İlham Əliyevin Belarus şirkətlərini işğaldan azad edilmiş ərazilərə bərpa və quruculuq işlərinə dəvət etməsi də iki ölkə arasında əməkdaşlığın yeni təmayülü kimi diqqəti çəkir. Rəsmi Minsk Ağdamda 420 ailəlik aqrar şəhərcik salmaq niyyətini bəyan edib və tikinti-quruculuq işlərini Belarus büdcəsi hesabına davam etdirir.

İki ölkənin əməkdaşlığında müdafiə və hərbi sənaye sahələri mühüm yer tutur. Azərbaycan və Belarus müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planları hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsinə geniş imkanlar açıb. Bu  planlar ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkilini, silah sistemlərinin və hərbi texnikaların birgə modernləşdirilməsi üzrə tədbirlərin keçirilməsini, sülhü dəstəkləmə, humanitar yardım və xilasetmə əməliyyatlarının keçirilməsi barədə məsələhətləşmələri nəzərdə tutur. Onu da bildirək ki, Belarusun “Tetraedr” şirkəti 2011-ci ildən “Azairtechservice” şirkəti ilə birgə Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin arsenalında yer alan zenit-raket komplekslərinin və radiolokasiya stansiyalarının müasirləşdirilməsi prosesində iştirak edir.

Qeyd edilənlər deməyə əsas verir ki, Belarus Azərbaycanın MDB məkanında ən yaxın tərəfdaşıdır və ikitərəfli münasibətlər strateji müttəfiqlik istiqamətində yüksələn xətlə inkişaf edir.

MTM Analitik Qrup