
Beynəlxalq aləmdə indi ən fərqli nöqtələrdə müxtəlif ölkələr arasında ziddiyyətlərin dərinləşməsi, bütöv bir regionun sabitliyinə xələl gətirəcək proseslərin özünün daha gərgin mərhələsinə qədəm qoyması müşahidə edilir. Təəssüf ki, bu hadisələr Azərbaycana yaxın, qonşu olan bəzi ərazilərdə də özünü qabarıq büruzə verir. Eyni zamanda ölkəmizin tərəfdaşı olan müəyyən dövlətlər arasında da münasibətlərin bəzi hallarda savaş həddinə çatması diqqətdən yayınmır. Bu şəraitdə Azərbaycanın məsələləri sülh və danışıqlar müstəvisində çözmək üçün genişmiqyaslı fəaliyyət həyata keçirdiyi, əksər hallarda ən yaxşı nəticələrə nail olduğu da artıq qlobal miqyasda qəbul edilir.
Daha bir önəmli nüans odur ki, dünyada Azərbaycana göstərilən etimad da yüksəkdir və bu da ölkəmizin vasitəçilik fəaliyyətinin uğurla nəticələnməsinin əsas səbəblərindən bridir. Elə yaxın dövrdə baş verən konkret nümunələrin timsalında bunu bir daha görmək mümkündür. Məlumdur ki, ötən ayın ilk yarısında Azərbaycanda Türkiyə və İsrail Müdafiə nazirliklərinin təmsilçiləri görüşüblər. Məhz bu görüş tərəflərin Suriyada hərbi toqquşmasının qarşısının alınmasında müstəsna rol oynayıb. Hər iki ölkə təmsilçilərinin verdiyi açıqlamalar da bunu təsdiq edir. Danışıqlar zamanı ölkələr hər iki tərəfin regiondakı maraqlarını müzakirə ediblər və sabitlik naminə dialoqun davam etdirilməsi qərara alınıb. Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk qeyd edib ki, Suriyada arzuolunmaz hadisələrin qarşısını almaq üçün münaqişənin aradan qaldırılması mexanizminin yaradılması məqsədilə Türkiyə və İsrail arasında ilk texniki görüş Azərbaycanda keçirilib. İsrail tərəfi isə bu mühüm danışıqların təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
O da xüsusi qeyd edilməlidir ki, Azərbaycan Suriyada sülh və əmin-amanlığın hökm sürməsində, bu ölkədə illərdir davam edən daxili qarşıdurmaların həllində inkişaf mərhələsinin başlanmasında maraqlı tərəflərdən biridir. Ölkəmiz bu kontekstdə yeni Suriya hökuməti ilə sıx əməkdaşlıq edir. Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriyada artan nüfuzu qarşılıqlı təmasların intensivliyi fonunda da özünü qabarıq büruzə verir. Ölkə liderləri artıq bir neçə dəfə təmasda olublar və digər rəsmilər arasında əlaqələr intensiv xarakter alır. Azərbaycanın Baş nazirinin müavini Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti Suriyaya səfərinə də bu kontekstdə yanaşıla bilər. Azərbaycan rəsmiləri Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa tərəfindən qəbul ediliblər. Bundan başqa, nümayəndə heyəti digər Suriya rəsmiləri ilə də görüş keçiriblər. Aparılan müzakirələr, əldə edilən razılıqlar Azərbaycan-Suriya münasibətlərində yeni bir mərhələ açır. Elə bu fonda Azərbaycanın Suriyada barış və inkişaf mühitinin hökm sürməsinə töhfələri daha da artır.
Suriya ilə bağlı Azərbaycanın imza atdığı daha bir uğur Rusiya ilə də rəsmi Dəməşq arasında münasibətlərin qorunması istiqamətində vasitəçilik missiyasını həyata keçirməsidir. Artıq məlumdur ki, yenə ötən ay Bakıda Rusiya ilə Suriya təmsilçiləri arasında görüş keçirilib. Bu, hər iki tərəf üçün olduqca vacibdir. Çünki yeni Suriya hökuməti ilə Rusiya arasında münasibətlər devrilmiş diktator Bəşər Əsəd dövründə olduğu kimi rəvan deyil. İndi bu münasibətlərin normal məcrada qalması və hətta genişlənməsi üçün tərəflərin intensiv dialoqa, hətta vasitəçiyə ehtiyacı var. Qeyd edilən istiqamətdə Azərbaycan yenə uğurlu missiya həyata keçirir. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıda Suriya və Rusiya xüsusi xidmət orqanları arasında artıq danışıqların aparıldığını təsdiqləyib. Danışıqlar Bakıda Əfqanıstanla bağlı konfrans çərçivəsində aparılıb. Narışkin bu xüsusda bildirib: “Bakıda Əfqanıstanla bağlı konfrans keçirilib, orada Yaxın Şərq və Böyük Avrasiya ölkələrinin liderləri və yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Onların arasında Suriya xüsusi xidmət orqanlarının rəhbərlərindən biri də var idi. Çox konstruktiv və mehriban görüşümüz oldu”. Narışkin aprelin 17-18-də “Əfqanıstan: Regional Əlaqələr, Təhlükəsizlik və İnkişaf” adlı beynəlxalq forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olub. Suriya və Rusiya təmsilçiləri arasında dialoqun məzmunu ictimayyət üçün açıqlanmasa da, onun Azərbaycan paytaxtında keçirilməsi faktı ölkələrin təhlükəsizlik sahəsində qarşılıqlı marağından, Bakının həm Dəməşq, həm də Moskva üçün əhəmiyyətindən xəbər verir.
Bir çox xarici media orqanlarında indi Azərbaycanın ABŞ-İsrail-İran üçbucağında yaranmış ziddiyyətlərin həllində də uğurlu vasitəçilik missiyası yerinə yetirə biləcəyi barədə ehtimallar, fikirlər irəli sürülür. Məsələn, bir müddət öncə “Israel National News” nəşri bu xüsusda yazmışdı ki, Azərbaycanın təkcə Rusiya ilə Amerika arasında deyil, İran və İsrail arasında da vasitəçi rolunu oynaya biləcəyini güman etmək məntiqlidir. Nəşr diqqəti ona da yönəldirdi ki, Azərbaycan özünün geostrateji üstünlüklərinə görə regionun əsas ölkələrindən birinə çevrilib: “Azərbaycanın Qərbə və İsrailə bağlılığı sadəcə ritorika deyil. Bu ölkə İsrail dövlətini çoxdan tanıyıb və orada səfirlik açıb ki, bu da Azərbaycanın və onun qonşularının tarixi kontekstini nəzərə alaraq gözlənilməz olub. Üstəlik, onun ABŞ və Avropa İttifaqı ilə enerji sektorunda tərəfdaşlığı da Azərbaycanın xarici siyasətinin qərbyönlü vektorunu təsdiqləyir. Bütün bunları nəzərə alsaq, Azərbaycanın niyə bu gün ideal regional vasitəçi kimi göründüyü aydın olur. Bu, Rusiya və İranla mürəkkəb münasibətləri olan müsəlman ölkəsidir, lakin hər ikisi ilə əlaqələr saxlayır. Digər tərəfdən, Bakı Qərb, İsrail və ABŞ ilə möhkəm əlaqələr qurub. Ona görə də Azərbaycanın təkcə Rusiya və Amerika arasında deyil, həm də İran və İsrail arasında vasitəçi rolunu oynaya biləcəyini düşünmək məntiqlidir”.
Hazırda Azəbaycanın həm İsrail, həm də İranla münasibətləri yüksək səviyyədədir. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk rəsmi səfəri cənub qonşumuzla əlaqələrin yüksəlişində yeni bir mərhələ açıb. İran həm də onu nəzərə alır ki, Azərbaycanın ABŞ və İsraillə əlaqələrin dərindir. Bu halda Azərbaycan sözügedən ölkənin ABŞ və İsraillə yaşadığı problemlərin dinc müstəvidə həllində uğurlu vasitəçi ola bilər. Hazırda ABŞ-İsrail-İran üçbucağında münasibətlər olduqca gərgindir və danışıqlar olmasa, yaxın tezlikdə hərbi əməliyyatlar qaçılmaz görünür. Bu isə tərəflərin hər biri üçün böyük itkilər deməkdir. O səbəbdən dialoqa, vasitəçilik missiyasına böyük ehtiyac var və Azərbaycan bu missiyanı yerinə yetriməyə hazırdır. Ölkəmizin bu xüsusda uğurlu təcrübəsi də var.
MTM Analitik Qrup