
Azərbaycanın nəinki regionda, ümumən dünyada dini azadlıqların ən yüksək səviyyədə təmin edildiyi tolerant və mulltikultural ölkə olması hazırda insan hüquqları üzrə ixtisaslaşmış ən müxtəlif beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır. Müxtəlif millətlərin, dinlərin nümayəndələrinin sülh, dostluq və mehriban qonşuluq şəraitdə yaşamaları ölkəmizə əlavə güc verir, ictimai-siyasi sabitliyi möhkəmləndirir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə səfərdə olan Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə mayın 3-də görüşü və aparılan müzakirələr deyilənləri bir daha sübut edir. Prezident İlham Əliyev qonaqla görüş zamanı ölkəmizdə konfessiyalararası, millətlərarası sülh və anlaşma, qarşılıqlı dəstək mühitinin hökm sürdüyünü, bunun Azərbaycan xalqının fərqləndirici xüsusiyyətlərindən biri olduğunu diqqətə çatdırıb: “Çox şadıq ki, rus icmasının nümayəndələri olaraq pravoslav icması ölkəmizin inkişafında, onun suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasında fəal iştirak edir, bütövlükdə Azərbaycanda yaşayan çoxsaylı xalqların bütün digər nümayəndələri ilə birlikdə ölkəmizin ümumi inkişafına böyük töhfə verir”.
Prezident İlham Əliyevin müxtəlif dinlərə aid tarixi-memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı sərəncamlar imzalaması, bu prosesi şəxsi nəzarətinə götürməsi ilə yanaşı, Azərbaycan multikulturalizminin inkişafında Heydər Əliyev Fondunun xidmətləri də daim xüsusi vurğulanır. “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Fond katolik, pravoslav kilsələrinin və sinaqoqların təmirinə ciddi töhfələr verib, eyni zamanda, Romada, Parisdə bir sıra dünya əhəmiyyətli dini abidələrin bərpasına töhfələrini verib. Dövlət başçısının tapşırığına əsasən 2024-cü ilin dekabr ayında Heydər Əliyev Fondunun dəstəyi ilə tikiləcək yeni katolik kilsənin yerləşəcəyi ərazinin təsdiqetmə mərasimi keçirilib.
Qeyd edilənlərlə yanaşı, Azərbaycan hazırda İslamofobiyanın yaratdığı problemlərə qarşı da davamlı mübarizə aparır, etnik-dini müxtəlifliyi və inklüzivliyi təşviq edir. Əhalisinin böyük hissəsinin müsəlman dininə etiqad göstərməsinə rəğmən, hər il Azərbaycanda 20-dək dini icmaya dövlət büdcəsindən maddi yardımlar edilir. Bu yardımlar Azərbaycan dövləti və xalqı haqqında yüksək fikir formalaşdırır, ölkədə sivil birgəyaşayış normalarına həssas münasibətin mövcudluğuna dəlalət edir. Dövlət dəstəyi dini icmaları müəyyən destruktiv qüvvələrin siyasi-ideoloji təsirindən də qoruyur, nəticədə ölkəmizdə qeyri-ənənəvi, ziyanlı dini təbliğatın aparılması hallarına təsadüf edilmir.
Azərbaycan etnik-milli, dini tolerantlıq, multikulturalizm sahəsində əldə etdiyi uğurları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla, həm də Ermənistanın və erməni lobbisinin apardığı əsassız təbliğatı zərərsizləşdirir. Aprelin 29-da ermənipərəst mövqeyi ilə tanınan konqresmen Kris Smitin rəhbərliyi ilə ABŞ Konqresində keçirilən qərəzli dinləmələrdə azad edilmiş ərazilərimizdə guya erməni “mədəni-tarixi abidələrinin təhlükədə olması” ilə bağlı səsləndirilən cəfəng iddialar göstərir ki, erməni lobbisi anti-Azərbaycan ritorikasını davam etdirir. Rəsmi İrəvan və erməni lobbisi İkinci Qarabağ müharibəsindən sonra heç bir əsası olmayan bu iddiaları müxtəlif beynəlxalq platformalarda səsləndirsə də, aparılan saxta təbliğat nəticəsiz olub. Belə ki, tolerant dəyərlərə sadiq olan Azərbaycan xristian-alban abidələrini ciddi şəkildə qoruyur, təhlükəsizliyinə və təmirinə təminat verir. İşğaldan azad edilmiş ərazilərdə xristian dini abidələrinin, o cümlədən Şuşa şəhərində Qazançı kilsəsinin bərpası və yenidənqurulması ölkəmizdə dini icma və konfessiyalara yüksək diqqətin, qayğının əyani təzahürüdür.
Monoetnik ölkəyə çevrilmiş Ermənistandan fərqli olaraq, respublikamızda müxtəlif xalqların öz mədəniyyətlərini, dillərini, dinlərini inkişaf etdirmək, təbliğ etmək üçün hər cür imkanlar mövcuddur. Onu da qeyd edək ki, işğal dövründə tarixi ərazilərimizdəki məscid, məbəd və məzarlıqların dağıdılması, Qafqaz Albaniyasına xas xristian məbədlərinin, rus pravoslav kilsələrinin “qriqoriyanlaşdırılması” cəhdləri Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi işğalçı ideologiyanın mahiyyətindən irəli gəlib.
Hazırda erməni lobbisi və diasporu etnik-milli, dini qarşıdurmağa və ədavətə xidmət edən qərəzli kampaniyaları bir sıra dövlətlərdə, o cümlədən Rusiyada da davam etdirir. Açıq demək lazımdır ki, Rusiya siyasi elitasında vəzifə tutan bəzi şəxslər, hətta müəyyən dövlət qurumları bu təsir altında ölkəmizə qarşı destruktiv fəaliyyətdə iştirak edir, ikitərəfli münasibətlərə xələl gətirən davranışlara yol verirlər. Bu günlərdə Həştərxanda keçirilməsi planlaşdırılan rəsmi tədbirdə iştirak məqsədilə Rusiyaya səfər edən Milli Məclisin deputatı Azər Badamovun Moskvada saxlanılması və geri qaytarılması bunun əyani təzahürüdür. Azərbaycanlılar haqqında təhqiramiz ifadələr səsləndirmiş Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevə media vasitəsilə cavab verdiyinə görə azərbaycanlı deputatın qonşu ölkədə “qara siyahıya” salındığı iddia edilir.
Şübhəsiz, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Bakıda olduğu, Prezident İlham Əliyevin faşizm üzərində qələbənin 80 illiyi münasibətilə Moskvaya səfər planlaşdırdığı bir zamanda baş verən bu xoşagəlməz hadisə ikitərəfli münasibətlərdə inam və etimada ciddi xələl gətirir. Aşkar görünür ki, ermənipərəst dairələrin də ciddi təsiri altında Rusiyada azərbaycanlılara qarşı diskriminasiya və rasizmə əsaslanan düşüncələrlə “qərarlar”ın qəbulu tendensiyası güclənir.Bu xoşagəlməz olay,eləcə də 2024-cü il dekabrın 26-da mülki təyyarəmizin hücuma məruz qalması, bu ilin yanvar ayında Azərbaycanın media qurumlarına qarşı xain kiber hücumlar qeyri-tolerant yanaşmaların bariz təzahürləridir. Belə görünür ki, bir sıra qonşu ölkələrin tolerantlıq və mültikultural dəyərlərə sadiqlik anlamında Azərbaycandan örnək götürməyə ciddi ehtiyacı var.
MTM Analitik Qrup