AZƏRBAYCANIN SURİYAYA DƏSTƏYİ REGİONAL ETİMADA VƏ ƏMƏKDAŞLIĞA YÖNƏLMİŞ STRATEJİ SİYASƏTDİR

Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Suriyaya səfəri və orada Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa ilə görüşü siyasi-diplomatik əlaqələrin dərinləşdirilməsi və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanın xarici siyasətində yeni mərhələni ehtiva edən bu səfər həm regional, həm də beynəlxalq arenada ölkəmizin mövqeyini gücləndirəcək mühüm addımlardan biridir. Bu səfər Azərbaycanın regional təhlükəsizlik və sabitlik məsələlərinə olan bağlılığını bir daha təsdiq edir. Çünki Suriyanın yeni hökuməti ilə qurulan dialoq ölkənin keçid dövrü prosesində beynəlxalq tanınma və daxili islahatların dəstəklənməsi yönündə mühüm addım kimi qiymətləndirilir.

Samir Şərifovun həm keçid dövrü Prezidenti Əhməd əl-Şaraa, həm də Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar ilə görüşləri Azərbaycanın Suriyanın müstəqil və sülh yolu ilə gələcəyə addım atmasında əhəmiyyətli rol oynamaq arzusunu ön plana çıxarır. Bu baxımdan, Azərbaycanın Suriya hökumətinə dəstək verərək həm iqtisadi-siyasi, həm də humanitar sahələrdə təşəbbüskar rol oynamağa hazır olması, regional etimad və əməkdaşlığın möhkəmləndirilməsinə yönəldilmiş strateji siyasətinin bir hissəsi kimi görünür.

Azərbaycan nümayəndə heyətinin Suriyaya səfəri yalnız siyasi əlaqələri yaxşılaşdırmaqla kifayətlənmir, iqtisadi əməkdaşlıq imkanlarının da artırılmasına yönəlib. İki ölkə arasındakı ticarət və investisiya imkanları, xüsusilə enerji, nəqliyyat və infrastruktur sahələrində perspektivli əməkdaşlıq üçün zəmin yaradır. Belə ki, Azərbaycanın strateji coğrafi mövqeyi və zəngin enerji resursları ilə Suriyanın regional iqtisadiyyata tövhəsi qarşılıqlı iqtisadi inkişafı təşviq etmək üçün potensiala malikdir. Bu baxımdan, Suriyanın yeni hökuməti ilə əməkdaşlıq hər iki tərəfin də iqtisadi maraqlarının qorunması və inkişaf etdirilməsinə yönəlik addım kimi qiymətləndirilir.

Azərbaycan hökuməti regional problemlərin sülh yolu ilə həllinə və iqtisadi inkişafın gücləndirilməsinə inamla yanaşır. Bu baxımdan Azərbaycan nümayəndə heyətinin Dəməşqə səfəri və orada aparılan danışıqlar Bakının Suriya xalqının dövlət quruculuğu prosesində təbii hüquqlarının və milli maraqlarının təmin olunmasına dəstək mesajı kimi qiymətləndirilə bilər. Digər tərəfdən bu səfər ikitərəfli əlaqələrdə uğurlu nəticələrə gətirib çıxarması, qarşılıqlı etimadın və əməkdaşlıq ruhunun inkişaf etdirilməsi baxımından böyük ümidlər yaradır. Çünki Azərbaycanın Suriyaya dəstəyi yalnız siyasi səviyyədə deyil, həm də iqtisadi maraqların qorunması və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində diqqəti cəlb edir. Bu, eyni zamanda, bölgədəki digər ölkələr üçün də yeni üfüqlərin açılması və sülhün bərqərar edilməsi üçün model rolunu oynayır.

Suriyanın yeni hökuməti ilə qurulan dialoq ikitərəfli münasibətlərdə yeni səhifə açır. Bu səfər həm Suriya xalqının sülh və bərpa prosesində, həm də bölgədə sabit və davamlı iqtisadi inkişafın təmin olunmasında Azərbaycana güvənə biləcəyinin qarantıdır. Çünki Azərbaycan hökumətinin belə təşəbbüsləri regional və beynəlxalq miqyasda etimadın və qarşılıqlı hörmətin artmasına imkan verir.

MTM Analitik Qrup