NETANYAHU-ƏRDOĞAN GÖRÜŞÜ: AZƏRBAYCAN YAXŞI VASİTƏÇİ ROLUNDA

Mayın ilk ongünlüyü Azərbaycanın xarici siyasət tarixində mühüm hadisə ilə yadda qalacaq: Bakıya iki mühüm qonaq – İsrailin baş naziri Benyamin Netanyahu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfər edəcək. Bu səfərlər təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də regiondakı geosiyasi proseslər baxımından böyük əhəmiyyət kəsb edir. Həmin günlərdə Bakıda baş tutması gözlənilən Netanyahu-Ərdoğan görüşü isə diqqətləri daha da artırır. Azərbaycan bu görüşlə özünü uzun müddətdir münasibətləri gərgin olan iki dövlət – İsrail və Türkiyə arasında yenidən vasitəçi kimi göstərməyə çalışır və bu istiqamətdə əhəmiyyətli nəticələr əldə etməyə çox yaxındır.

Azərbaycan son illərdə balanslı və çevik xarici siyasəti ilə beynəlxalq münasibətlərdə diqqət çəkir. Ölkəmizin Ermənistan üzərində 2020-ci ildə əldə etdiyi qələbə ilə güclənən regional mövqeyi enerji və nəqliyyat layihələrində oynadığı əsas rolla tamamlanır. Artıq Prezident İlham Əliyev Cənubi Qafqazda və daha geniş regionda aparıcı fiqura çevrilib. O, təkcə ölkəsinin maraqlarını müdafiə etmir, həm də müxtəlif regional və qlobal güclər arasında balansın qorunmasında fəal iştirak edir. Türkiyə və İsrail kimi strateji müttəfiqləri ilə sıx əlaqələr quran və inkişaf etdirən çox az sayda müsəlman ölkələrindən biri olan Azərbaycanın vasitəçilik missiyası indi daha çox etibarlı və effektiv təsir bağışlayır.

Xatırlatmaq yerinə düşər ki, İsrail-Türkiyə münasibətləri 1990-cı illərdə yaxın tərəfdaşlıqdan 2010-cu ildən etibarən soyuq diplomatik müstəviyə keçib. “Mavi Marmara” insidenti, ardınca gələn siyasi ittihamlar, səfirlərin geri çağırılması və Fələstin məsələsi ətrafında yaranan gərginlik iki ölkənin bir-birindən getdikcə uzaqlaşmasına səbəb olub. Son illərdə iqtisadi sahədə əməkdaşlıq davam etsə də, siyasi dialoq zəifləyib. Ancaq dəyişən geosiyasi şərtlər, enerji təhlükəsizliyi və regionda İran faktorunun artması tərəfləri münasibətləri normallaşdırmağa vadar edir. Bu baxımdan Bakı neytral və dost mühiti kimi çıxış edir. Bu baxımdan Netanyahu və Ərdoğanın Bakıda görüşməsi təkcə diplomatik jest deyil, həm də praktik məqsədləri olan ciddi siyasi hadisədir. Görüşün əsas gündəminin nə olacağı açıqlanmasa da, ehtimal olunur ki, enerji əməkdaşlığı, regional təhlükəsizlik, Fələstin məsələsi və Qəzza böhranı əsas müzakirə mövzuları olacaq. Azərbaycan isə bu görüşdə özünü həm müsəlman dünyasının sülhpərvər üzvü, həm də Qərbin etibarlı enerji təchizatçısı kimi təqdim edəcək. Fələstin məsələsində Azərbaycan ənənəvi olaraq beynəlxalq hüququ və iki dövlətli həlli dəstəkləyib. İsraillə sıx hərbi və texnoloji əməkdaşlığa baxmayaraq, Bakı Fələstin xalqına humanitar yardım göstərməkdə və siyasi dəstəyi ifadə etməkdə tərəddüd etməyib. Bu ikili yanaşma Bakının həm İsraildə, həm də Türkiyədə etibarlı tərəfdaş imicini möhkəmləndirir.

Bu görüş həm də Prezident İlham Əliyevin regional liderlik vizyonunu gücləndirəcək. İlham Əliyev təkcə Azərbaycan torpaqlarını azad edən sərkərdə deyil, həm də Cənubi Qafqazda, Yaxın Şərqdə sabitlik və əməkdaşlığın qurulmasına çalışan liderdir. Onun təşəbbüsü ilə keçirilən Bakı Enerji Həftəsi, Qoşulmama Hərəkatının tədbirləri, eləcə də Türk Dövlətləri Təşkilatında fəal iştirakı bu vizyonu daha da gücləndirir. Ona görə də Bakı bu cür təşəbbüslərlə bir daha sübut edir ki, o, sadəcə enerji ölkəsi deyil, həm də sabitlik, dialoq və sülh üçün yaxşı platformadır. Əgər bu görüşdə konkret razılaşmalar əldə olunarsa, Azərbaycan Yaxın Şərq diplomatiyasında da mühüm vasitəçi kimi tarixə düşəcək.

MTM Analitik Qrup