İRAN PREZİDENT İLHAM ƏLİYEVİN REGİONDA SÜLHÜN VƏ TƏRƏQQİNİN TƏMİN OLUNMASINDAKİ FƏAL ROLUNU TƏSDİQLƏYİR

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki qonşu ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu səfər həm Azərbaycan, həm də İran üçün tarixi və strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçılarının verdiyi bəyanatlar, imzalanan sənədlər və əldə edilən razılaşmalar qarşılıqlı münasibətlərin gələcəkdə daha da inkişaf etdiriləcəyinə dəlalət edir. Ona görə də Prezident İlham Əliyev İran dövlət başçısının ölkəmizə rəsmi səfərini yüksək qiymətləndirərək “İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür” deyə bildirdi. Bu sözlər bir daha sübut edir ki, Bakı və Tehran arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq artıq yeni pilləyə qədəm qoyur. Səfərin əsas məqsədi isə mövcud əlaqələri daha da genişləndirmək və gələcək üçün davamlı tərəfdaşlıq platforması yaratmaqdır.

Prezident İlham Əliyevin “məramımız, məqsədimiz birdir – Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. Bunun üçün müvafiq göstərişlər verildi və əminəm ki, bu göstərişlər yerinə yetiriləcək” sözləri səfərin təkcə diplomatik jest olmadığını, konkret addımların atılması üçün real siyasi iradənin mövcudluğunu göstərir. Prezident İlham Əliyev ölkələrimiz və xalqlarımız arasındaki tarixi bağlara da toxundu. “Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir” deməklə Azərbaycan-İran münasibətlərinin sadəcə siyasi maraqlara deyil, ortaq mədəniyyətə, tarixi irsə və regional məsuliyyət hissinə söykəndiyini göstərir. Bununla da hər iki lider bölgənin taleyinin bölgə dövlətlərinin əlində olmasının vacibliyini bir daha vurğulayaraq, xarici müdaxilələrə qarşı ortaq mövqe sərgilədi. Bu mənada Prezident Məsud Pezeşkianın “Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq” sözləri diqqət çəkir. Bu açıqlama təkcə diplomatik dəstək deyil, həm də İranın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyin açıq şəkildə ifadə edilməsidir. Bu, gələcəkdə Cənubi Qafqaz regionunda sabitliyin qorunması və regional əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaradır.

Səfər çərçivəsində müxtəlif sahələrə aid imzalanan sənədlərin əhəmiyyətini vurğulayan Məsud Pezeşkian bildirdi ki, “Bu gün əldə edilmiş razılaşmalara, imzalanmış sənədlərə əsasən Prezident İlham Əliyev müəyyən müddət çərçivəsində gələcək üçün strateji planın hazırlanması haqqında müvafiq nazirlərə, məsul şəxslərə göstəriş verib”. Bu strateji plan həm iki ölkənin ikitərəfli münasibətlərinin daha sistemli və məqsədyönlü şəkildə inkişaf etdirilməsi, həm də regional layihələrdə birgə iştirak baxımından böyük önəm daşıyır. Xüsusilə nəqliyyat dəhlizlərinin, sərhəd ticarət zonalarının genişləndirilməsi, enerji əməkdaşlığının dərinləşdirilməsi kimi sahələrdə konkret layihələrin reallaşacağı gözlənilir. Pezeşkian Prezident İlham Əliyevin şəxsi səylərini də yüksək qiymətləndirib və ona ikitərəfli münasibətlərimizdə atılacaq addımlar və mümkün olan bütün sahələrdə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün göstərdiyi əzmkarlığına görə təşəkkür edib. Onun sözləri Azərbaycan Prezidentinin regionda sülhün və tərəqqinin təmin olunmasında oynadığı fəal rolu bir daha təsdiqləyir.

MTM Analitik Qrup