ERMƏNİSTAN AZƏRBAYCANLA SÜLH PROSESİNƏ ATƏT-İN MİNSK QRUPU VASİTƏSİLƏ XƏLƏL GƏTİRMƏYƏ ÇALIŞIR

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün qarşı tərəfin yerinə yetirməli olduğu əsas şərtlərdən biri ATƏT-in Minsk qrupunun buraxılması üçün sözügedən təşkilata birgə müraciətin ünvanlamasıdır. Amma Ermənistan hələ də bunu gecikdirir və beləliklə, real sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirir. Sülh üçün digər şərt olan Ermənistan Konstitusiyasında dəyişikliklər edilməsi, buradan Azərbaycan əleyhinə ərazi iddialarının çıxarılması müəyyən vaxt tələb etsə də,  Minsk qrupunun buraxılması üçün birgə müraciət edilməsi baxımından hansısa zamana ehtiyac yoxdur. Ermənistan elə bu gün Azərbaycanla birgə müraciəti ünvanlaya bilər. Amma sülh müqaviləsinin imzalanmasında əsas maneələrdən biri olan Minsk qrupunun buraxılmasına rəsmi İrəvan tələsmir, bu xüsusda absurd mövqe sərgiləyir.

Ermənistan rəsmiləri bildirir ki, Minsk qrupunun buraxılması üçün birgə müraciət mətni sülh müqaviləsi ilə eyni vaxtda imzalana bilər. Amma burada mütləq xatırlanmalıdır ki, Minsk qrupu yaradılarkən onun hansı missiya ilə məşğul olacağı dəqiq müəyyən olunmuşdu. Həmin qrupun məşğul olduğu, amma öhdəsindən gələ bilmədiyi məsələni Azərbaycan Ordusu həll etdi. Belə olan halda Minsk qrupunun məşğul olacağı məsələ də qalmayıb və onun ləğvi zərurətdir. Sadəcə,  prosedur qaydalarına müvafiq olaraq, bunun üçün müvafiq müraciət də olmalıdır və Ermənistan da bunu gecikdirir. Elə bu da sözügedən ölkənin sülh prosesində maraqlı olmadığını bir daha açıq şəkildə ortaya qoyur. Azərbaycan isə mövqeyində qətiyyətlidir. Prezident İlham Əliyev ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşündə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını vurğulayaraq, rəsmi İrəvanın bu xüsusda addımların atılmalı olduğunu bir daha qeyd edib. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hərbi və siyasi yollarla tam təmin etdiyini, bununla da ölkəmiz tərəfindən Helsinki Yekun Aktının, beynəlxalq hüququn norma və prinsiplərinin Cənubi Qafqazda təsbit edilməsinin təmin olunduğunu bildirib.

Azərbaycanın bu məsələdə yanaşması  ölkənin xarici işlər naziri Ceyhun Bayramov tərəfindən də  diqqət mərkəzinə gətirilib. Feridun Sinirlioğlu ilə birgə keçirdiyi mətbuat konfransında nazir qeyd edib ki, Minsk qrupu məhz Qarabağ məsələsini həll etmək üçün təsis edilmişdi və artıq ərazilərimiz işğaldan azad edilib. Ona görə də Minsk təsisatlarını saxlamağın heç bir məntiqi yoxdur: “Ermənistan da Minsk qrupunun ləğvi istiqamətində zəruri addımlar atmalıdır. Bu proses nə qədər tez həyata keçsə, ümumi mühitə və postmünaqişə dövründə normallaşma prosesinə bir o qədər müsbət təsir göstərəcək. Biz anlamırıq ki, Ermənistan hələ də bu strukturların saxlanmasında niyə maraqlıdır”.

O da diqqətçəkən haldır ki, Ermənistanda da Minsk qrupunun buraxılmasının zəruriliyi etiraf olunur. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edir: “Azərbaycan rəsmi səviyyədə sülh sazişin imzalanmasını iki məsələ ilə əlaqələndirir – onlardan biri ATƏT-in Minsk qrupunun strukturlarının buraxılmasıdır. Mən dəfələrlə bəyan etmişəm ki, bu gündəm Ermənistan Respublikası üçün məqbuldur. Əgər biz Qarabağ münaqişəsi səhifəsini bağlayırıqsa – biz bunu edirik, Qarabağ münaqişəsi ilə məşğul olan strukturun mövcudluğunun nə mənası var?”. Amma Paşinyan dediklərini əməldə göstərmək istəmir,  Minsk qrupunun ləğvi istiqamətində əməli addımlar atılmasını gecikdirir.

ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrdən biri kimi Rusiya da bir neçə dəfə bu qrupun ləğvinin vaxtının çatdığını bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova qeyd edib ki, bu qrup bütün institutları ilə beynəlxalq danışıqlar formatı kimi bərpa edilə bilməz: “Bunun bütün strukturları, hətta ümumiyyətlə, Minsk Konfransı, bu Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsindən danışsaq belə, ləğv edilməlidir”.

 Mariya Zaxarova  vurğulayıb ki, bu məsələ ilə bağlı qərar qəbul etməyin optimal yolu Bakı və İrəvanın qeyd olunan qurumların ləğvi ilə bağlı birgə təklifidir: “Hər şeyə əlavə olaraq, 2023-cü ilin sentyabrında yer üzündəki vəziyyət kəskin şəkildə dəyişib. Müvafiq olaraq, Minsk Qrupu həmsədrlərinin Qarabağ nizamlanması üzrə vaxtilə ATƏT-in təsdiq etdiyi və bu çoxdan olan mandatı sadəcə olaraq aktuallığını itirib. Madam ki, bu qrupda ABŞ və Fransa  həmsədr kimi fəaliyyətini dayandırıb, üstəlik bütün yuxarıda qeyd olunan amillər də ortaya çıxıb, o zaman hansı ATƏT-in Minsk qrupundan danışmaq olar?”.

Beləliklə, mövcud vəziyyət Minsk qrupunun qalmasına heç bir lüzum olmadığını aydın şəkildə nümayiş etdirir. Amma Ermənistan bu reallığa uyğun addım atmaq əvəzinə tamam fərqli mövqe sərgiləyir. Bu da öz növbəsində sülh prosesinə xələl gətirir, həmçinin, müəyyən kənar qüvvələrin, məsələn, Fransanın gələcəkdə bu qrup vasitəsilə Cənubi Qafqazda hadisələrə müdaxilə cəhdi niyyətində olduğunu ehtimal etməyə əsas verir. Çünki Minsk qrupunun buraxılmasında maraqlı olmayan tərəflərdən biri elə Fransadır və Parisin İrəvana təsir imkanları fonunda Ermənistanın sözügedən ölkənin istəyinə uyğun davranış sərgiləməsi də istisnalıq təşkil etmir. Amma bunun ən çox zərəri elə Ermənistanın özünə dəyir və dəyməkdə də davam edəcək.

Ermənistan üçün ən yaxşı variant sülh yolunda daha bir addım ataraq Minsk qrupunun ləğvi üçün Azərbaycanla birlikdə ATƏT-ə müvafiq müraciət ünvanlamaqdır. İrəvan nəzərə almalıdır ki, bu qrupun fəaliyyəti daha mümkün deyil. Əvvəla, Azərbaycan haçansa həmin qrupun fəaliyyətini bərpa etməsinə imkan verməz. İkincisi də, Minsk qrupunda təmsil olunan ölkələr arasında münasibətlər düşmənçilik həddinə çatıb. Azərbaycanın Minsk qrupunun ləğvi və digər  sülh təşəbbüsləri, təklifləri tamamilə beynəlxalq hüquqa əsaslanır. Ölkəmiz İkinci Qarabağ müharibəsində əldə etdiyi şanlı qələbədən dərhal sonra Ermənistana sülh əlini uzadıb. Bu vaxta qədər barışın əldə olunmasının gecikməsinin məsuliyyəti tamamilə Ermənistanın üzərinə düşür. Sözügedən ölkə bəzi məqamlar üzrə hüquqazidd davranış sərgilədiyindən sülh müqaviləsinin imzalanması gecikir. Ötən zaman göstərir ki, belə hal daha çox Ermənistanın özü üçün əlavə təhdidlər yaradır, bu ölkəni xarici asılılığını artırır. Bunları dəyişmək isə Ermənistanın Azərbaycanla sülh və əməkdaşlıq şəraitində yaşamasından bilavasitə asılıdır.

MTM Analitik Qrup