
Qırğızıstanın paytaxtı Bişkek şəhərində ilk dəfə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər – Xalq artisti Rüfət Xəlilzadə) “Mənim Azərbaycanım” adlı konsert proqramı təşkil olunub.
Mədəniyyət Nazirliyindən bildirilib ki, Abdılas Maldıbaev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında keçirilən təntənəli musiqi axşamını bişkekli sənətsevərləri izləyiblər.
Ansambl ilk olaraq “Mənim Azərbaycanım” adlı möhtəşəm rəqs nömrəsi ilə tamaşaçıları salamlayıb.
Sonra kollektiv “Qavalla rəqs”, “Qazaxı”, “Yaylıqlarla rəqs”, “Nağaraçılar”, “Şalı-şalı”, “Qaytağı”, “Toy”, “Qılıncdar”, “Ağ çiçəyim”, “Çayçı” rəqsləri ilə tamaşaçılara unudulmaz anlar yaşadıb.
Ansambl milli rəqslərimizin təntənəsinin yaşandığı gecəyə “Vətən” rəqsi ilə yekun vurub. Böyük məharətlə ifa olunan rəqs hər yaşdan tamaşaçıları ayağa qaldırıb. Yerbəyerdən salonu bürüyən “bravo” nidaları Azərbaycan incəsənətinin onlarla ölkənin möhtəşəm konsert salonlarında olduğu kimi, bişkeklilərin də könlünü vəcdə gətirdiyinin təsdiqi olub.
Tamaşaçılar sənət ocağından unudulmaz təəssürat və mədəniyyətimizə böyük rəğbət duyğusu ilə ayrılıblar.
Qeyd edək ki, Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. Ötən 55 ildə kollektiv ABŞ, Yaponiya, İtaliya, Fransa, Avstriya, Almaniya, Portuqaliya, İspaniya, Norveç, İsrail, Tunis, Əlcəzair, Türkiyə, Hindistan, Nepal, İsveçrə, Çin, İraq, Vyetnam, Mərakeş, Meksika, Braziliya, Kuba, Cənubi Koreya, Belçika, Səudiyyə Ərəbistanı, habelə keçmiş SSRİ məkanında parlaq ifası ilə milli rəqs sənətimizi layiqincə təbliğ edib.

