
Mayın 9-da Moskvada faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş parad təkcə tarixin əbədiləşdirilməsi və hərbi nümayiş deyil, həm də dərin geosiyasi rəmz və çağırışlarla müşayiət olunur. Paradın özü qədər, ora kimlərin qatılacağı və kimlərin iştirakdan imtina etdiyi də diqqət mərkəzindədir. Xüsusilə Avropa İttifaqı ölkələrinin bu mərasimi kollektiv şəkildə baykot etməsi və bəzi post-sovet dövlətlərinin, o cümlədən Ermənistanın tədbirdə iştirak etmək qərarı, hazırkı beynəlxalq düzənin siyasi cizgilərini aydın şəkildə göstərir.
Avropa İttifaqının Moskva paradını baykot etməsi gözlənilən idi. Ukrayna müharibəsi, Krımın ilhaqı və Qərbin Rusiya ilə münasibətlərində yaranan dərin uçurum bu addımı zəruri və təbii hala gətirib. Baykot əslində, Avropa İttifaqının Rusiya ilə diplomatik münasibətlərdə “qırmızı xətti” aşmamaq cəhdidir və rəsmi olaraq bu qərar Rusiya Federasiyasının beynəlxalq hüquqa zidd davranışlarına qarşı siyasi etiraz jesti kimi təqdim olunur. Lakin əsas sual ondan ibarətdir ki, bu baykot nə dərəcədə effektli olacaq? Qlobal balansın sürətlə dəyişdiyi, Rusiya və Çin kimi güclərin öz nüfuz dairələrini genişləndirməyə çalışdığı bir zamanda bu cür baykotlar real təsirdən çox, simvolik xarakter daşıyır. Əgər məqsəd Rusiyanı beynəlxalq təcridə salmaqdırsa, bu, artıq gecikmiş və natamam addım kimi görünür. Çünki Moskva Qərbin boykotuna alternativ beynəlxalq tərəfdaşlar, regional güclər və post-sovet məkanı vasitəsilə cavab verir. Bu mənada Moskvaya gedən hər kəsin öz hesabı var.
Avropa İttifaqının xəbərdarlıqlarına baxmayaraq, ittifaqa daxil olan bəzi ölkələrin liderləri də daxil olmaqla xüsusilə Mərkəzi Asiya, Afrika, Latın Amerikası və bəzi Asiya dövlətlərinin rəhbərləri Moskvaya səfər edəcəklərini artıq bəyan ediblər. Bu, Qərbin təsir dairəsindən kənarda yeni geosiyasi mərkəzlərin formalaşdığını göstərən mühüm nümunədir. Hətta indiyədək “Qərbyönümlü” siyasəti ilə tanınan Ermənistanın da tədbirdə iştirak etmək qərarı verib. Baxmayaraq ki, baş nazir Nikol Paşinyanın hökuməti ötən illər ərzində açıq şəkildə Avropa İttifaqına inteqrasiya yönündə addımlar atıb. Bu isə Rusiya ilə münasibətlərdə ciddi gərginliyə gətirib çıxarmışdı. Hərbi-texniki əməkdaşlığın zəiflədilməsi, KTMT-dən uzaqlaşmaq cəhdləri və Avropa müşahidəçilərinin bölgəyə dəvəti Ermənistanın xarici siyasət kursunu dəyişmək niyyətində olduğunu göstərirdi. Bəs nə dəyişdi? Ermənistan niyə yenidən Rusiya yönündə jest edir? Ermənistanın parad dileması öncə onu göstərir ki, Moskvanın kölgəsindən qurtulmaq asan deyil. Digər tərəfdən Ermənistanın Moskvadakı paradda iştirakı Paşinyanın “ikili oyun” taktikasının davamı kimi dəyərləndirilə bilər. Bir tərəfdən Qərbə yaxınlaşmaq istəyən, digər tərəfdən isə tamamilə Kremlə qarşı çıxmaqdan çəkinən Ermənistanın bu balans siyasəti, əslində, çarəsizlikdən doğur. Çünki Ermənistan nə Rusiya ilə tam yolları ayırmağa, nə də Qərbin ona vəd etdiyi dəstəyə tam arxalanmağa cəsarət edə bilir. Ona görə də Ermənistanın 9 may paradında iştirakı Rusiya ilə açıq qarşıdurmadan yayınmaq, eyni zamanda daxildəki anti-rus elektorat üçün “milli maraqlardan irəli gələn” jest kimi təqdim olunacaq. Lakin reallıq odur ki, bu addım Ermənistanın beynəlxalq aləmdəki ikili mövqeyini daha da dərinləşdirəcək və onun etibarlılıq indeksinə mənfi təsir göstərəcək.
Əvvəllər Qələbə paradları sovet məkanının ortaq tarixini və yaddaşını tərənnüm edirdi. İndi isə bu qəbildən olan tədbirlər siyasi təlatümlərin səhnəsinə çevrilib. Artıq orada iştirak edən və etməyən ölkələr öz mövqelərini yalnız tarixi xatirəyə görə yox, həm də gələcəyə hesablanmış siyasi maraqlara əsasən müəyyən edirlər. Bu mənada Moskvadakı 80 illik Qələbəyə həsr olunan parad təkcə faşizm üzərində qələbənin yox, həm də geosiyasi loyallıqların yeni xəritəsinin cızıldığı tədbirə çevrilir. Qərbin baykotu, bəzi postsovet ölkələrinin isə bu tədbirdə iştirakı bu yeni cızılan xəritənin sərhədlərini göstərir.
MTM Analitik Qrup