ERMƏNİSTAN AZƏRBAYCANLA SÜLH ƏLEYHİNƏ FƏALİYYƏT MİQYASINI GENİŞLƏNDİRİR: ŞƏRTİ SƏRHƏD ZONASINDA TƏHLÜKƏLİ VƏZİYYƏT YARANIR

Azərbaycan ən qısa müddətdə Ermənistanla sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu bəyan etsə də, bu istiqamətdə müvafiq addımlar atsa da, qarşı tərəf fərqli yanaşma sərgiləməkdə davam edir. Sözdə sülhdən dəm vurmaqda davam edən  Ermənistan əməldə bunun əksini nümayiş etdirir. Rəsmi İrəvan həm danışıqlar prosesinin istənilən nəticə ilə yekunlaşmasını əngəlləyir, həm də şərti sərhəd zonasında təxribatların sayını artırır. Görünən odur ki, Ermənistan şərti zonasında törətdiyi təxribatlarla burada müəyyən toqquşamalara nail olmağa çalışır. Çünki bu halda sülh prosesinə ciddi zərbə vurulacaq və hadisələrin belə səpkidə inkişafı barış əleyhinə fəaliyyət göstərən Ermənistanın, onun himayədarlarının maraqlarına uyğundur.

Real vəziyyətin təhlili göstərir ki, bundan sonra da Ermənistanın həm diplomatik müstəvidə razılıq əldə olunmasına maneə yaradacaq, həm də şərti sərhəddə təxribatları davam etdirəcək. Burada bir məqamı da xüsusi qeyd etmək lazım gəlir ki, son vaxtlarda Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun şərti sərhəddə atəşkəsi pozduğu barədə demək olar ki, hər gün açıqlama yayır. Əvvəllər qarşı tərəf hər vəchlə bunu təkzib etməyə çalışsa da, son vaxtlarda ortaya çıxan görüntülər fonunda ermənilər həqiqətən də atəşkəsi pozduqlarını etiraf etməyə məcbur qalıblar. Bir neçə gün əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan atəşkəsin pozulması faktlarının olduğunu etiraf edib. Bunun ardınca Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan bildirib ki, sərhəddə bəzən hədəfsiz, istiqamətsiz atışma baş verir: “Belə hallar mövcuddur, azdır, amma atışma var”.

Sərhəd zonasında atəşkəsi pozan erməni tərəfi son vaxtlarda bu ərazilərə hərbi texnika cəmləşdirilməsini də intensivləşdirirb. Sosial şəbəkələrdə bunu əks etdirən çoxsaylı görüntülərə son vaxtlarda daha tez-tez rast gəlmək mümkündür. Təbii ki, belə hallar əlavə gərginliyə yol açır, toqquşmalar üçün əlverişli zəmin formalaşdırır. Özü də bütün bunlar o kontekstdə baş verir ki,  revanşist ideyalar Ermənistanda getdikcə daha geniş vüsət alır. ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışında bu məsələ toxunan Prezident İlham Əliyev qeyd edib: “Biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir”. Azərbaycan baş verənlərə, ölkəmiz əleyhinə formalaşmaqda olan təhlükəyə seyrci qala bilməz və bu kontekstdə müvafiq fəaliyyət həyata keçirilir.

Şərti sərhəddə təxribatlarını davam etdirən Ermənistan eyni zamanda böhtan və iftira kampaniyasına da xüsusi diqqət edir.  Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumat bunun təzahürlərindən biridir. Məsələyə artıq Azərbaycan Müdafiə Nazirliyi münasibət bildirib və qurumun açıqlamasında qeyd edilib ki, bu məlumatın real əsası yoxdur, yalandır, tamamilə dezinformasiya məqsədi daşıyır. O da diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə heç bir atəş açılmayıb: “Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır. Ordumuz yalnız mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı adekvat cavab tədbirləri görür. Qarşı tərəf həqiqəti əks etdirməyən bu cür dezinformasiyalar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa, son günlər mövqelərimizi müxtəlif istiqamətlərdən mütəmadi olaraq atəşə tutmaqla törətdikləri təxribatlarını gizlətməyə cəhd edir”.

Törədilən təxribatlara paralel olaraq, Ermənistan sülhə xələl gətirən daha bir addım atmağa hazırlaşır. Söhbət Ermənistanda yerləşdirilmiş Avropa İttifaqının müşahidə missiyasının tərkibinin genişləndirilməsinin mümkünlüyündən gedir. Artıq dəfələrlə diqqətə çatdırıldığı kimi  Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası daha çox  hərbi-kəşfiyyat xarakterli fəaliyyətlə məşğuldur. Bu vəziyyətdən təkcə Azərbaycan yox, Rusiya və İran da olduqca narahatdır. Bütün bunlar öz növbəsində sözügedən missiyanın Cənubi Qafqazda  barış yox, münaqişələr yaratmaq fəaliyyəti ilə məşğul olduğunu deməyə əsas verir. Belə bir şəraitdə Avropa İttifaqının məlum missiyasının fəaliyyətinin davam etdirməsi Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda sülh və etimad quruculuğu prosesinə xələl gətirir. Elə bu səbəbdən rəsmi Bakı dəfələrlə həmin missiyanın fəaliyyətinə son qoyulmasının zəruriliyini erməni tərəfinin diqqətinə çatdırıb. Lakin məsələyə adekvat yanaşma sərgilənməyib, əksinə,  bir müddət əvvəl missiyanın fəaliyyəti 2027-ci ilə kimi uzadılıb.

“Binokl diplomatiyası” ilə məşğul olan missiyanın tərkibinin genişləndirilməsi də yenidən gündəmə gətirilib və bu prosesdə Cənubi Qafqazda  sülhə qarşı birmənalı şəkildə fəaliyyət göstərən Fransa xüsusi can-fəşanlıq edir. Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro artıq təklif irəli sürüb ki, Avropa İttifaqının müşahidə missiyası daha da gücləndirilsin. O, bunu Azərbaycan və Ermənistan şərti sərhəd zonasında artan gərginliklə əsaslandırmağa çalışıb: “Ümid edirəm ki, yerdə dislokasiya olunmuş Avropa missiyası vəziyyəti effektiv şəkildə izləmək və bu gərginliyi cilovlamaq üçün gücləndirilə bilər”.  Avropa İttifaqının müşahidə missiyasının tərkibinin genişləndirilməsində məhz Fransanın daha çox cəhd etməsinin səbəbləri də sirr deyil. Rəsmi Paris regionda sülhə qarşıdır, Ermənistan üzərində əldə etdiyi təsir vasitələri ilə öz məqsədinə çatmağa can atır. Missiya ilə bağlı Parisin təkliflərinə Ermənistanın müsbət cavab verəcəyi də şübhə doğurmur.

Bundan əlavə, Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazı qan çanağına devirmək üçün dəridən-qabıqdan çıxır. Eyni zamanda Ermənistana silah təmin edərək, Fransa özünü regional qüvvə dinamikalarında əsaslı rol oynayan bir aktor kimi göstərmək istəyir. Amma Azərbaycan buna imkan vermək niyyətində deyil və elə bə da Fransanı hiddətləndirir. Paris tərəfindən həyata keçirilən siyasət son nəticədə Ermənistan üçün böyük təhdidlər yaradır. Sülh prosesini əngəlləməklə Ermənistan özü də buna əlverişli zəmin formalaşdırır.  Əgər  Ermənistan Azərbaycanla barış və əməkdaşlıq prosesin gecikdirməyə davam edərsə, təxribatçı siyasətini davam etdirərsə, onda bu ölkə qarşıdakı dövr ərzində daha böyük problemlər məngənəsində boğulmağa məcburdur. Bu da Ermənistanın mövcudluğunu davam etdirməsini ümumiyyətlə, böyük sual altına alır.

MTM Analitik Qrup