Moskvada “Rusiya, Azərbaycan və İranın Xəzərdə əməkdaşlığı. Sənaye kooperasiyası və tranzit potensialı” mövzusunda beynəlxalq dəyirmi masa keçiriləcək.
Tədbirin təşkilatçıları “Şimal-Cənub” Politoloji Mərkəzi və “Baku Network” ekspert platformasıdır.
“Xəzər beşliyi” ölkələrini təmsil edən dövlət, elmi və ictimai təşkilatların Xəzər regionu üzrə aparıcı mütəxəssislərinin iştirak edəcəyi tədbirdə İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri Kazem Cəlalinin də iştirakı gözlənilir.
Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin İnteqrasiya layihələri və MDB ölkələri departamentinin direktor müavini Anna Popova və “Şimal-Cənub” Politoloji Mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova tədbir iştirakçılarını salamlayacaqlar.
Dəyirmi masa iştirakçıları arasında Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin rəhbəri Ruslan Əliyev, “Afanasi Nikitin” assosiasiyasının idarəçi direktoru İqor Qots, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, İran Siyasi və Beynəlxalq Tədqiqatlar İnstitutunun Prezidenti, 2013-2016-ci illərdə İranın xarici işlər nazirinin müavini olmuş Seyid Məhəmməd Kazem Səcapur və başqaları var.
Konfransın moderatoru “Baku Network” ekspert platformasının direktoru Gülnarə Məmmədzadədir.
Beynəlxalq dəyirmi masada işində limanlarda sənaye parklarının və sərbəst iqtisadi zonaların, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin inkişafı, dəmir yol, dəniz, çay kommunikasiyaları və avtomobil yolları vasitəsilə yükdaşımaların artırılması, Rusiya, Azərbaycan və İranda gəmiçiliyin inkişafı məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur.