
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Prezident İlham Əliyevin Antaliya Diplomatiya Forumunda iştirakı
Prezident İlham Əliyevin Antaliya Diplomatiya Forumunda iştirakı Azərbaycanın beynəlxalq diplomatik platformalarda artan nüfuzunu bir daha nümayiş etdirir. Forumda regional təhlükəsizlik, enerji əməkdaşlığı və postmünaqişə dövründə Cənubi Qafqazda sabitliyin bərqərar olunması kimi mövzularda Azərbaycanın baxışlarının beynəlxalq auditoriyaya çatdırılması mühüm əhəmiyyət kəsb edir.
2. Amerika Prezidenti Donald Trampın Prezident İlham Əliyevə məktubu
ABŞ prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktub strateji mesajlarla zəngindir. Məktubda Azərbaycanın İsraillə dostluğuna verilən yüksək qiymət, regionda sülh təşəbbüslərinə və Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadələri Vaşinqtonun Cənubi Qafqaz siyasətində Bakının önəmini vurğulayır.
3. Azərbaycan Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıya bilər
ADA Universitetində keçirilən beynəlxalq forumda Prezident İlham Əliyevin Şimali Kipr Türk Respublikasının nümayəndələrinə yönəlik açıq mesajları, Azərbaycanın yaxın gələcəkdə onu tanımaq ehtimalını gündəmə gətirir. Bu, təkcə Türkiyə ilə strateji ittifaqın dərinləşməsi deyil, eyni zamanda beynəlxalq münasibətlər sistemində ədalət və tərəfdaşlıq prinsiplərinə söykənən diplomatik jest kimi də dəyərləndirilə bilər.
4. İran prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərə töhfəsi
İran prezidentinin Azərbaycana gözlənilən səfəri uzun müddət gərgin fonla müşayiət olunan ikitərəfli münasibətlərdə yeni səhifə açacaq. Səfər çərçivəsində sərhəd əməkdaşlığı, nəqliyyat marşrutları, enerji və mədəniyyət sahələrində razılaşmaların, tərəflərin regional sabitlik məsələsində ümumi maraqlar çərçivəsində dialoqun vacibliyini vurğulayacaqlar.
5. Trampın Türkiyəyə gözlənilən səfəri
Donald Trampın Türkiyəyə planlaşdırılan səfəri ABŞ-Türkiyə münasibətlərində yeni dinamika yarada bilər. Trampın bu səfəri Ankaranın bölgədəki rolu və NATO çərçivəsindəki mövqeyi fonunda həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətli nəticələr doğura bilər.