XƏBƏRDARLIQ: APRELİN 9-DAN 12-Sİ GÜNDÜZƏDƏK ÖLKƏ ƏRAZİSİNDƏ HAVA ŞƏRAİTİNİN FASİLƏLƏRLƏ YAĞINTILI OLACAĞI GÖZLƏNİLİR

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 9-dan 12-si gündüzədək ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10° enəcəyi gözlənilir.

Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 10-u səhərdən 11-i səhərədək fasilələrlə yağış yağacağı ehtimal edilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında aprelin 12-si gündüzədək fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi bildirilir.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.