AZƏRBAYCAN GÜRCÜSTANIN XARİCİ SİYASƏT PRİORİTETLƏRİNDƏ ÖN SIRADA DAYANIR

Bir neçə gündən sonra Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycana rəsmi səfərə gələcək. Gürcüstanın yeni seçilmiş dövlət başçısının ilk xarici səfərini məhz Azərbaycana etməsi təsadüf deyil. Bu addım təkcə iki qonşu dövlət arasındakı tarixi və strateji dostluğa verilən önəmi nümayiş etdirmir, eyni zamanda bölgədə sabitliyin və əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Azərbaycan və Gürcüstan uzun illərdir ki, həm siyasi, həm iqtisadi, həm də enerji sahəsində sıx əməkdaşlıq edən strateji tərəfdaşlardır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bu əməkdaşlığın rəmzinə çevrilib. Gürcüstan Azərbaycan üçün Qara dənizə çıxış nöqtəsidirsə, Azərbaycan Gürcüstan üçün həm iqtisadi dayaq, həm də enerji təminatçısıdır. Yeni Prezidentin Azərbaycana ilk rəsmi səfəri də bu qarşılıqlı etimadın və geosiyasi ahəngin davamlı olacağını göstərir. Bu, həm də Gürcüstanın xarici siyasət prioritetlərində Azərbaycanın ön sırada yer aldığına dair aydın siqnaldır. Ona görə də Mixail Kavelaşvilinin Bakıya səfəri bir neçə mühüm istiqamətdə ikitərəfli münasibətlərin daha da dərinləşməsinə zəmin yarada bilər. İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycan Gürcüstanın əsas qaz və neft təminatçısıdır. Gürcüstan isə Azərbaycanın ixrac yollarının Avropaya açılan qapısıdır. Səfər çərçivəsində enerji layihələrinin genişləndirilməsi, yaşıl enerji sahəsində əməkdaşlıq və liman infrastrukturunun birgə inkişaf etdirilməsi məsələləri müzakirə oluna bilər. Bundan əlavə, Azərbaycan Gürcüstanda ən çox sərmayə yatıran ölkələrdən biridir. Səfər zamanı sərmayələrin həcminin artırılması, sərhəd ticarəti və kiçik və orta bizneslərin birgə təşviqi üçün yeni mexanizmlər barədə razılaşmalar mümkündür.

Qeyd edək ki, ölkələrimizin humanitar sahədə də güclü əlaqələri var. Mədəniyyət, təhsil və informasiya sahəsində dialoqun dərinləşməsi, xüsusilə azərbaycanlıların Gürcüstandakı statusunun dəstəklənməsi və gürcü irsinin Azərbaycanda qorunması istiqamətində addımlar da bu səfərin humanitar çərçivəsini təşkil edə bilər. Lakin hər iki ölkənin çoxəsrlik əlaqələrini təhlil edəndə burada daha çox diqqət çəkən məqam Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin Azərbaycan və Gürcüstanın iştirakı olmadan təmin edilməsinin mümkünsüzlüyü ilə bağlıdır. Ona görə də ölkələrimiz arasında müdafiə, sərhəd təhlükəsizliyi və informasiya mübadiləsi sahəsində əməkdaşlığın gücləndirilməsi gözləniləndir. Bu baxımdan Gürcüstanın Ermənistanla Azərbaycan arasında davam edən normallaşma prosesində tərəfsiz platforma olmaqla bağlı rolunun artdığını görürük. Gürcüstan özünü bölgədə neytral vasitəçi kimi təqdim edir və ikitərəfli münasibətlərinin güclənməsi Ermənistanla mümkün üçtərəfli dialoqlar üçün Tbilisinin önəmini artırır. Bu səfərin Gürcüstanın regional sülh prosesində daha aktiv mövqe tutmasına zəmin yaratmaq ehtimalı hələ də qüvvədədir. Ona görə də Gürcüstan Prezidentinin Azərbaycana ilk rəsmi səfəri təkcə diplomatik jest deyil, bu, həm də gələcəkdə Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq platformasının qurulmasında həlledici addımlardan biridir. Bakı və Tbilisi arasındakı əlaqələrin dərinləşməsi regionun gələcəyi üçün daha çox inteqrasiya anlamına gəlir. Bu səfər, sadəcə iki ölkənin yaxınlaşması deyil, bütövlükdə regionun daha praqmatik və əməkdaşlığa əsaslanan yeni siyasi nəfəs qazanması deməkdir.

MTM Analitik Qrup