MƏKTƏBLƏR YENİDƏN BAĞLANA BİLƏR

Qaydalara riayət etmək, yoxsa məktəblərin bağlanması?

Yeni tədris ilinin açılışı ilə bərabər ölkə üzrə təhsil müəssisələrinin fəaliyyəti qismən bərpa olundu. Xüsusi karantin rejimi ilə əlaqədar tədris və təlim-tərbiyə prosesi yeni qaydalarla təşkil olunur. Təhsil nazirinin əmrinə əsasən Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani olaraq həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun aparılmaqdadır. Olanları xatırlayıb, ehtimallara nəzər salaq və yeni qaydalarla start götürən tədrisin ilk həftəsindən sonra baş verənləri dəyərləndirək.

Mart ayının 3-ündən etibarən koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində orta və ali təhsil müəssisələrinin fəaliyyəti dayandırılmışdı. Elə pandemiyanın dünyaya, o cümlədən Azərbaycana gətirdiyi ən böyük fəsadlardan bir də təhsil sisteminin belə gözlənilməz formada dayanması oldu. Sonradan mövcud vəziyyətin qeyri-müəyyən müddətə qədər hökm sürəcəyi məlum oldu və demək olar ki, bütün ölkələrdə tədrisin onlayn formada davam etdirilməsi üçün yeni üsullar tətbiq edilməyə başladı. Pandemiyaya qədər də təhsilin bir çox sahələrində distant tədris vasitələrindən istifadə olunurdu. Xarici ölkə universitetlərində təhsil alan müəyyən tələbələrin tədrisi distant qaydada aparılırdı. Ancaq əlbəttə ki, təhsilin bütövlükdə distant qaydaya keçməsi, bu dəyişikliyin tədrici yox, ani və zəruri olması fəsadları qaçınılmaz etdi. Dünyanın bir çox ölkələrində də bənzər problemlər yaşandı. Statistika göstərdi ki, ötən tədris ilində pandemiyaya görə, ölkədə əyani təhsil formasının anidən distant təhsil sisteminə keçidi Azərbaycanda 1 milyon 600 min şagirddən 600 mininin təhsildən kənarda qalmasına səbəb oldu.

Ötən tədris ilindən qalan çatışmazlıqları aradan qaldırmaq, əksikləri tamamlamaq üçün 2020-2021-ci tədris ilində həm pedoqoji kollektivin, həm də şagird-tələbə heyətinin üzərinə böyük məsuliyyət düşür. Dünyada “COVID-19”un ikinci dalğasının proqnozlaşdırıldığını nəzərə alsaq, təhsilin yenidən tamamilə distant sistemə keçidi istisna edilmir. Bunun baş verməməsi üçün isə tətbiq edilən qaydalara tam riayət edilməlidir. Amma Təhsil Nazirliyinin ölkədə ümumi təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı açıqladığı statistika qaydalara tam şəkildə əməl edilmədiyini göstərir. Belə ki, tədris ilin başlayandan bu günə kimi ümumi təhsil müəssisələrində 105 şagird və 33 işçi heyəti olmaqla 138 nəfərin koronavirusa yoluxması qeydə alınıb. Bundan başqa, ibtidai təhsil səviyyəsi üzrə təhsil alan 625 394 şagirddən 7868-nin (1,26 %) valideyni əyani tədris prosesindən imtina etib. Belə olan halda, əyani dərslər yenidən dayandırıla bilər?   

Məsələ ilə bağlı saytımıza açıqlama verən təhsil eksperti Kamran Əsədov söyləyib ki, belə davam etdiyi təqdirdə tədris müəssisələrinin fəaliyyəti iki həftə sonra yenidən məhdudlaşdırıla bilər: “Dərslərin qismən də olsa bərpa olunması vacib idi. Çünki şagirdlər proqramı onlayn qaydada tam şəkildə mənimsəyə bilmirdilər. Eyni zamanda texniki avadanlıq çatışmazlığı məsələsi təhsilin əlçatanlığına əngəl törədirdi”.

Ümumi təhsil müəssisələrində qeydə alınan yoluxma faktlarına gəlincə təhsil eksperti  bununla bağlı müxtəlif rayonlarda monitorinq aparıldığını dilə gətirib: “Gördüyümüz mənzərə heç də ürəkaçan deyil. Bildiyimiz kimi dərslərin növbəli şəkildə başlaması mənim təklifim idi. Lakin biz layihəni təklif edərkən digər tərəflərini də nəzərə almışdıq. Təklifimizdə məktəblərin qarşısında valideynlərin dayanması üçün xüsusi işarələnmiş yerlərin olması barədə məqamlar da var idi. Məktəb daxilində qaydalara riayət olunsa da, lakin məktəblərin qarşısında dayanan valideynlər bir-biri ilə ara məsafəsi saxlamır və tibbi maskadan istifadə etmir. Bakı şəhəri üzrə Xətai, Yasamal, Nəsimi və Nərimanov rayonlarında aparılan monitorinqlər zamanı da eyni mənzərənin şahidi olduq. Valideynlərin dayanması üçün işarələnmiş yerlər yoxdur. Hətta risk qrupuna aid olan yaşlı nəslin nümayəndələri də tibbi maskadan istifadə etmirlər. Bu baxımdan düşünürəm ki, vəziyyət belə davam edərsə, tədris müəssisələrinin fəaliyyəti yenidən məhdudlaşdırıla bilər”.