AZƏRBAYCANIN SƏNAYE İSTEHSALI HƏCMİ CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNİN GÖSTƏRİCİSİNDƏN 5 DƏFƏ ÇOXDUR 

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin rəsmi məlumatı əsasında apardığı təhlil göstərir ki, son 5 ildə ölkədə sənaye istehsalı həcmi ilə bağlı ən yüksək göstərici 2022-ci ildə qeydə alınıb və bu rəqəm 86,38 milyard manat olub. 2023-cü ildə bu rəqəm 67,30, 2024-cü ildə isə 64,06 milyard manat təşkil edib.

Sonrakı iki ildə dəyişkənliyin əsas səbəbi sənaye istehsalının böyük hissəsini neft və qaz hasilatının – mədənçıxarma sektorunun təşkil etməsi olub.

2024-cü ildə mədənçıxarma sektoru üzrə istehsal həcmi 41,18 milyard manat olub və ümumi sənaye istehsalının 64,28%-ni təşkil edib. Emal sektoru ümumi sənaye istehsalının 29,84%-ni təşkil edib. İl ərzində bu sektor üzrə 19,11 milyard manat həcmində istehsal qeydə alınıb. Digər sektorlar üzrə isə sənaye istehsalı cəmi 3,77 milyard manat təşkil edib. Bu, ümumi istehsalın 5,88% nə bərabərdir. Digər sektorlar dedikdə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, həmçinin su təchizatı: tullantıların təmizlənməsi və emalı nəzərdə tutulur. Əlavə olaraq bildirək ki, son 5 ilin hər birində digər kateqoriya üzrə sənaye istehsalı 7%-dən az olub.

Mədənçıxarma sektoru və emal sektoru üzrə son 5 ildə qeydə alınan sənaye istehsalı həcminə baxsaq, mədənçıxarma sektorunun sənaye istehsalının həcminə necə təsir etdiyini daha dəqiq görə bilərik. 2024-cü ildə mədənçıxarma sektoru üzrə sənaye istehsalı əvvəlki il ilə müqayisədə 8,7% və ya 3,94 milyard manat azalaraq 41,18 milyard manata bərabər olub. Ən yüksək istehsal isə 2022-ci ildə (64,75 milyard manat) qeydə alınıb.

Mədənçıxarma sektorundan fərqli olaraq emal sektoru üzrə hər il istehsal həcmi artıb. Son olaraq 2024-cü ildə bu sektor üzrə sənaye istehsalı əvvəlki il ilə müqayisədə 3,7% və ya 0,68 milyard manat artaraq 19,11 milyard manata çatıb.

Mədənçıxarma sektoru üzrə sənaye istehsalında əsas pay xam neft və təbii qaz hasilatına düşür. 2024-cü ildə bu sahədə 38,01 milyard manat dəyərində xam neft və təbii qaz hasil edilib ki, bu da mədənçıxarma sektorunun 92,3%-ni təşkil edib. Qeyd edək ki, 2021-2024-cü illərin hər birində xam neft və təbii qaz hasilatının payı ümumi sektorun 92%-dən çox hissəsinə bərabər olub. Yalnız 2020-ci ildə bu göstərici 84,7% təşkil edib.

Digər hissə isə sektorun 7,7%-ni (3,17 milyard manat) təşkil edir və buraya metal filizlərinin hasilatı və digər sahələr daxildir.

Emal sektoru üzrə istehsal həcminə görə ilk sıranı neft məhsullarının istehsalı tutur. 2024-cü il ərzində neft məhsullarının istehsalı 4,74 milyard manat təşkil edib. İkinci sıranı 4,64 milyard manatlıq istehsal ilə qida məhsulları tutur. Üçlüyü 1,56 milyard manat dəyərində istehsal həcmi ilə kimya sənayesi qapayır.

Diqqət yetirsək, içki və tütün məmulatları istehsalının ilk onluqda yer aldığını görə bilərik. İl ərzində 0,84 milyard həcmində tütün məmulatları, 0,79 milyard manat həcmində isə içki istehsal edilib.

Bölgələr üzrə bölgüyə baxsaq, sənaye istehsalının əsas hissəsinin – 83,02%-nin və ya 53,18 milyard manatının paytaxtda qeydə alındığını görərik. Buna səbəb neft və qaz hasilatının əsasən Bakı ərazisində həyata keçirilməsidir. 2024-cü il ərzində sənaye şəhəri sayılan Sumqayıtda 3,78 milyard manat həcmində istehsal qeydə alınıb. Bu, istehsal həcmi milyardlarla ölçülən ikinci və sonuncu bölgəmizdir. Qalan bölgələr isə ümumilikdə sənaye istehsalının 11,08%-ni təşkil edib. Bu da 7,1 milyard manata bərabərdir. Buraya daxil olan hər bölgə üzrə sənaye istehsalının həcmi 1 milyard manatdan az olub.

Həmin bölgələr arasında ilk sıraya 960,8 milyon manat istehsal ilə Abşeron rayonu başçılıq edir. Ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhəri isə 607,2 milyon manat ilə bu siyahıda ikinci yeri tutub.

Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələrinin rəsmi məlumatlarına əsasən,  Azərbaycanın sənaye istehsalı həcmi digər Cənubi Qafqaz ölkələri ilə müqayisə edilməyəcək qədər çoxdur. 2024-cü ildə Azərbaycanda sənaye istehsalı həcmi 2023-cü il ilə müqayisədə 4,8% və ya 1,90 milyard dollar azalsa da, həmin nəticə həm Gürcüstanın, həm də Ermənistanın göstəricisindən 4,9 dəfə artıqdır.

Qeyd edək ki, 2024-cü ildə əvvəlki il ilə müqayisədə Gürcüstanda sənaye istehsalı 3,9% , Ermənistanda isə 7,6% artıb.

Azərbaycanın sənaye istehsalında xam neft və təbii qaz hasilatının böyük rol oynadığını nəzərə alaraq yalnız emal sektoru üzrə sənaye istehsalını Cənubi Qafqaz ölkələri ilə müqayisə etsək, yenə də Azərbaycanın böyük fərqlə lider olduğunu görərik. Belə ki, Azərbaycanda emal sənayesi üzrə sənaye istehsalı əvvəlki ilə nisbətən 3,7% və ya 0,4 milyard dollar artaraq 11,24 milyard dollara çatıb. Gürcüstanda isə bu göstərici 5,3% və ya 0,31 milyard dollar artaraq 6,11 milyard dollar olub. Həmçinin Ermənistanda emal sektoru üzrə istehsal həcmi 9,2% və ya 0,46 milyard dollar artaraq 5,48 milyard dollara çatıb.

Qeyd edək ki, emal sektoru göstəriciləri üzrə Azərbaycan Gürcüstanı 1,8 dəfə, Ermənistanı isə 2,1 dəfə qabaqlayır.