AVROPA ÖLKƏLƏRİ AZƏRBAYCANIN QLOBAL ENERJİ TƏCHİZATINDA SABİTLƏŞDİRİCİ ROLUNU YÜKSƏK DƏYƏRLƏNDİRİR

Rəsmi Bakının yürütdüyü müstəqil xarici siyasət və praqmatik enerji diplomatiyası son illərdə Azərbaycanın Avropa ölkələri ilə münasibətlərini  keyfiyyətcə yeni mərhələyə yüksəldib. Respublikamızın əlverişli geosiyasi vəziyyəti, Avrasiya nəqliyyat – kommunikasiya qovşaqında yerləşməsi, qlobal layihələri əzmlə reallaşdırması qeyd edilən münasibətlərə təkan verən mühüm  amillər sırasındadır.

Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Bakıya səfəri Azərbaycanın bölgədəki mövqeyinin, habelə qlobal enerji təhlükəsizliyindəki yeri və rolunun Avropa İttifaqı ölkələri tərəfindən yüksək dəyərləndirildiyinin növbəti təzahürüdür. Ümumilikdə, son 20 ildə reallaşdırdığı neft və qaz layihələri respublikamızın beynəlxalq əməkdaşlığının dərinləşməsinə, Azərbaycanın dünya neft-qaz bazarında sanballı yerini tutmasına zəmin yaradıb. Milli mənafelərə əsaslanan bu layihələr Azərbaycanı kifayət qədər mürəkkəb geosiyasi dönəmdə Avropa qitəsinin mühüm təzhizatçılarından birinə çevirib. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir.

Makedoniya Prezidenti ilə apardığı müzakirələr bir daha təsdiq edir ki, Prezident İlham Əliyev Avropa İttifaqı ölkələri ilə enerji əməkdaşlığının dərinləşdirilməsinə strateji məsələlərdən biri kimi yanaşır. Dövlət başçısı yeni neft diplomatiyasının məntiqi davamı olaraq mavi yanacağın Qərb bazarlarına nəqli strategiyasını da uğurla reallaşdırır. Təchizatın coğrafiyasının genişləndirilməsi də gündəlikdə olan əsas məsələlərdən biridir.

Uzun illər “qara qızıl” ehtiyatları ilə dünyanın diqqətində olan Azərbaycanın enerji siyasəti son 15 ildə keyfiyyətcə yeni məzmun kəsb etməyə başlayıb. Avropa ölkələrinə hasil olunan təbii qazın həcminin ilbəil artımı ölkəmizin dünya bazarında iri mavi yanacaq tədarükçüsü olduğunu təsdiqləyir. Ötən il 50,3 milyard kubmetr təbii qaz hasil edən Azərbaycanın Avropaya qaz ixracı 8,6 faiz artaraq 12,9 milyard kubmetrə çatıb. 2024-cü ildə ölkəmiz xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz edib. Hasilatın yüksəlməsi çox geniş imkanı yaradır – hazırda Azərbaycan Avropanın 12 ölkəsinə mavi yanacaq nəql edir.

2021-ci ildə Avropa İttifaqı (Aİ) ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycan 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdırmağı planlaşdırır. 2028-ci ildə “Ümid” və “Abşeron” yataqlarından böyük həcmdə təbii qazın dünya bazarına çıxarılması gözlənilir.

Prezident İlham Əliyev Şimali Makedoniyadan olan həmkarı ilə mətbuata birgə bəyanatı zamanı iki ölkə arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyini, enerji əməkdaşlığının bu baxımdan xüsusi əhəmiyyətə malik olduğunu bəyan edib: “Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi. Bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir”.

Avropa İttifaqı ölkələri, o cümlədən Şimali Makedoniya hazırda Azərbaycandan idxal etdiyi neft və təbii qazın həcminin ilbəil artırılmasına, bu məqsədlə mövcud boru kəmərlərinin ötürücülük qabiliyyətinin yüksəldilməsinə nail olmaq niyyətini açıq bəyan edir. Respublikamızın hazırda istismar etdiyi və yaxın perspektivdə istismara hazır olacaq təbii qaz yataqlarının – “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Şəfəq- Asiman”, “Dayazsulu”, “Abşeron”, “Qarabağ” və s. üzrə proqnozlaşdırılan mavi yanacaq ehtiyatları 2,6-3 trilyon kubmetr təşkil edir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu Azərbaycana 100 ildən artıq müddətdə karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı olaraq qalmasına etibarlı təminat yaradır.

Ümumiyyətlə, coğrafi mövqeyi, təbii ehtiyatları ilə fərqlənən respublikamızla əməkdaşlıq bir sıra Avropa ölkələri kimi, Şimali Makedoniyanın maraq dairəsindədir. Şərqi Avropanın bu ölkəsi ilə münasibətlərin qarşılıqlı maraqlar əsasında inkişafı rəsmi Bakının xarici siyasətində mühüm yer tutur. Müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində iki ölkənin mövqeləri yaxındır və ya üst-üstə düşür.

Şimali Makedoniya və digər Avropa ölkələrinin hazırda Azərbaycana etibarlı tərəfdaş kimi yanaşmaları təkcə enerji təhlükəsizliyi amili ilə məhdudlaşmır. Rəsmi Bakının beynəlxalq hüquq normalarına əsaslanan xarici siyasət yürüdərək sabitləşdirici rol oynaması, regionun aparıcı dövlətləri ilə münasibətlərini normal məcrada inkişaf etdirməsi, hərbi-siyasi bloklara qoşulmamaq xətti yürütməsi, ərazisindən platsdarm kimi istifadəyə yol verməməsi və digər mühüm amillər ölkəmizin bu geosiyasi arealda siyasi çəkisini daha da artırıb. Bunun nəticəsidir ki, Ukraynada şiddətli müharibənin davam etdiyi bir zamanda Azərbaycan əksqütvblü siyasi qüvvələrlə münasibətlərini qoruyub saxlayır.

Müşahidələr göstərir ki, Avropa İttifaqının bəzi ölkələrinin qərəzli iddialarına və davranışlarına rəğmən, Avropa ölkələrinin əksəriyyəti Azərbaycanla tərəfdaşlığı zəruri sayır, ölkəmizdən idxal etdikləri karbohidrogen ehtiyatlarına ehtiyac duyduqlarını etiraf edirlər.

MTM Analitik Qrup