ANTİ-AZƏRBAYCAN XİSLƏTİNDƏN ƏL ÇƏKMƏYƏN AVROPA PARLAMENTİ  MÜHARİBƏ CANİLƏRİNİN MÜDAFİƏSİNƏ QALXDI

Azərbaycana qarşı çoxsaylı  müharibə cinayətləri törətmiş Ermənistan vətəndaşlarının Bakıda davam edən məhkəmə prosesi beynəlxalq miqyasda da xüsusi diqqət mərkəzindədir. Məhkəmə ilə bağlı ölkə xaricində müxtəlif reaksiyalar da bunun təsdiqidir. Lakin təəssüf ki, bu məsələdə də Azərbaycan yenə ikili standartlarla, qərəzli, yalandolu yanaşmalarla üzləşir. Halbuki, barəsində məhkəmə istintaqı gedən Ermənistan vətəndaşlarının törətdikləri cinayətlər üzrə təkzibedilməz sübutların sayı yetərincədir, onların özlərinin və şahidlərin ifadələri də irəli sürülən ittihamların doğruluğunu təsdiq edir. Amma bütün bunları məqsədyönlü şəkildə görməzlikdən gəlmək istəyənlər təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarını az qala “mələk donunda” göstərməyə çalışırlar.

Qeyd edilməlidir ki, barəsində bəhs olunan Ermənistan vətəndaşlarının bütün hüquqlarının qorunması, məhkəmə prosesində bütün prosedurların gözlənilməsi Azərbaycan tərəfindən tam təmin edilib. Bunu həmin Ermənistan vətəndaşları özləri də vaxtaşırı etiraf edirlər. Onların bir çoxunun məhkəmədə verdikləri ifadələr də irəli sürülən ittihamların doğruluğunu təsdiq edir. Mənzərənin bu dərəcədə aydın olmasına baxmayaraq, prosesi yanlış rakursda, iftira və yalan üzərində təqdim etməyə çalışanlar da var. Belələrindən biri də daim Azərbaycana qarşı xüsusi qərəzi ilə seçilən Avropa Parlamentidir.

Anti-Azərbaycan xislətinə bu dəfə də sadiq qalan  Avropa Parlamenti təkzibedilməz faktlar əsasında müharibə cinayətləri törətdiyi təsdiq olunan Ermənistan vətəndaşlarının bu əməllərini arxa plana ataraq, onları ilk növbədə “siyasi məhbus” kimi təqdim etməyə can atır. Avropa Parlamentinin plenar iclasında məsələnin müzakirəyə çıxarılması və bununla bağlı ölkəmiz əleyhinə yönəlmiş qətnamənin qəbulu istiqamətində görülən hazırlıqlar sözügedən qurumun təkcə qərəzli iş fəaliyyətindən xəbər vermir, həm də onun bəşəri dəyərləri heçə saydığını göstərir.

Baş verənlər həm də onun təsdiqidir ki, Avropa Parlamenti Fransa kimi anti-Azərbaycan qüvvələrin, o cümlədən də erməni diaspor və lobbisinin təsiri altında fəaliyyət göstərməkdə davam edir. Burada o da xüsusi qeyd olunmalıdır ki, Bakıda keçirilən sözügedən məhkəmə prosesi Ermənistanda böyük narahatlığa səbəb olub.  Xüsusən də təqsirləndirilən ermənilərin ifadələri Ermənistanın indiki və keçmiş hakimiyyət təmsilçilərinin Azərbaycana qarşı müharibə cinayətlərinin əsas iştirakçıları sırasında yer aldığını bir daha təsdiqləyir. Elə bu səbəbdən onlar bu məhkəmə prosesi ilə bağlı hər cür hədyanlar səsləndirirlər. Hətta  Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkənin İctimai Televiziyaya müsahibəsi zamanı belə bir sərsəm, həm də olduqca gülünc iddia səsləndirib ki, barələrində məhkəmə araşdırması gedən separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələr tətbiq olunub. Bunun yalan olduğu təqsirləndirilən şəxslərin özləri tərəfindən də bəyan olunub. Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən aparılan araşdırmalar da Paşinyanın yalan danışdığını sübuta yetirib. İndi belə bir şəraitdə Ermənistan liderinin cəfəng iddiaları onun və digərlərinin məlum məhkəmə prosesi ilə bağlı nə qədər təşviş içində olduqlarını nümayiş etdirir. Çünki proses onların özlərinin də cinayətlərini üzə çıxarır.

Bütün bunların nəticəsidir ki, Ermənistan havadarları, o cümlədən Avropadakı himayədarları ilə məhkəmə prosesinə xələl gətirməyə çalışır. Halbuki, prosesdə Azərbaycanla əməkdaşlıq etmək Ermənistan üçün ən doğru yoldur və ölkəmiz bu xüsusda müvafiq mövqeyini də ifadə edib.  Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” sosial şəbəkəsindəki səhifəsində bu günlərdə sözügedən məsələ ilə bağlı qeyd edib ki, Ermənistan Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə prosesi əleyhinə təbliğat aparır: “Sülhə və Azərbaycanla yeni münasibətlərə səmimi can atma digər məsələlərlə yanaşı, Ermənistanın öz məsuliyyətini tanımağa və hərbi cinayətlərdə ittiham olunanları, xüsusilə hazırda Ermənistan ərazisində gizlənənləri təhvil verməyə hazır olması ilə nümayiş etdirilərdi”.  Ermənistanda belə şəxslərin sayı az deyil. Sabiq prezidentlər Robert Köçəryan, Serj Sarkisyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və digərləriAzərbaycana qarşı çoxsaylı müharibə cinayətlərinin əsas iştirakçıları sırasında yer alır. Lakin hələ də onlar Ermənistanda sərbəst şəkildə gəzirlər, hətta bəziləri vəzifələr tutur, hakimiyyət orqanlarında təmsil olunurlar.  Belə şəxslərin ədalət məhkəməsinə cəlb edilməsi əvəzinə, Ermənistan adəti üzrə Azərbaycana qarşı qarayaxma kampaniyasına üstünlük verir, himayədarlarını da buna cəlb edir. Avropa Parlamentində məsələyə yanaşma bunun daha bir təsdiqidir.

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi və ondan sonra da Avropa Parlamenti işğalçı Ermənistanın, Qarabağda mövcud olmuş separatçı rejimin nümayəndələrinin müdafiəsi məqsədilə genişmiqyaslı fəaliyyət həyata keçirib və indi də buna davam edir. Bu zaman onların törətdikləri müharibə cinayətləri görməzlikdən gəlinir,  reallıqlar təhrif olunur.  Avropa Parlamentində anti-Azərbaycan mövqedə olanlar aldıqları sifarişlərin icrası üçün hər cür hədyanlar səsləndirirlər, beynəlxalq hüququ, həmçinin, bütün mənəvi, etik dəyərləri çox asanlıqla heçə sayırlar.

Faktdır ki, korrupsiya, rüşvət girdabında boğulan Avropa Parlamentində illərdir anti-Azərbaycan xarakterli sifarişlər icra olunur. Azərbaycanda insan haqları və digər sferalarda vəziyyətlə bağlı da bu vaxta qədər Avropa Parlamentində çoxsaylı böhtanlar səsləndirilib, kağız parçası olmaqdan o tərəfə keçməyən bir neçə qətnamə qəbul olunub. Bütün bunlar  həm də sözügedən qurumun Azərbaycana qarşı qərəzli və selektiv mövqe tutmasından irəli gəlib. Görünən odur ki, ölkəmizə münasibətdə Avropa Parlamenti bu siyasətini davam etdirməkdə qərarlıdır. Bu, həm də Avropa Parlamentinin bəzi təmsilçilərinin erməni diasporundan, biznes dairələrindən gələn pulların qarşılığında fəaliyyətinin nəticəsidir.

Ancaq bütün bunlar Azərbaycana, ölkənin iradəsinə hansısa təsir göstərmək iqtidarında deyil. Bunu dünyada, o cümlədən Avropa Parlamentində də yaxşı bilirlər, amma yenə fəaliyyətləri ilə belə demək mümkündürsə, könül bulandırmada davam edirlər. Azərbaycan yolundan dönməyəcək, bu kontekstdə ölkəmizə qarşı müharibə və digər cinayətlər törədənlər, kimliyindən, etnik mənsubiyyətindən, harada yaşamasından, kimə sığınmasından asılı olmayaraq, layiqli cəzalarına çatacaqlar.  Törətdikləri müharibə cinayətlərinə görə Bakıda məhkəmələri davam edən Ermənistan vətəndaşları ilə bağlı proses də bunun faktiki təzahürlərindən biridir.

MTM Analitik Qrup