ERMƏNİSTAN ETNİK ZƏMİNDƏ DÖZÜMSÜZLÜYÜ VƏ NİFRƏTİ DÖVLƏT SİYASƏTİNƏ ÇEVİRİB

Ermənistan Azərbaycana qarşı əsassız iddialarını davam etdirməklə, sülh və etimad quruculuğuna məqsədli şəkildə mane olur. Bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Sumqayıt hadisələrinin 37-ci ildönümü ilə əlaqədar bəyanatında tarixi hadisələrin saxtalaşdırılması, təhrif olunması ilə yanaşı, ölkəmizin ərazi bütövlüyü və suverenliyini təhdid edən cəfəng iddiaların yer alması deyilənləri bir daha sübut edir.

Ermənistan XİN-nin cəfəng bəyanatında ötən əsrin 80-cı illərinin sonunda Sumqayıt hadisələrinə görə azərbaycanlıların günahlandırılması, habelə ölkəmizin İkinci Qarabağ müharibəsindən sonra guya ermənilərə qarşı “etnik təmizləmə siyasəti yürütməsi” barədə səsləndirilən ittihamlar, qondarma “Arsax” ifadəsindən istifadə edilməsi rəsmi İrəvanın ənənəvi xislətindən əl çəkmədiyini göstərir. Bu bəyanat  göstərir ki, aparılan sülh danışıqlarına rəğmən, Ermənistan bu gün də rəsmi şəkildə Azərbayacanafob siyasəti, azərbaycanlılara və türklərə qarşı etnik zəmində nifrəti təşviq edir.

Ümumiyyətlə, tarixi hadisələrin Ermənistan rəsmiləri, eləcə də erməni əsilli tarixçi və ideoloqlar tərəfindən təhrif olunması, azərbaycanlıların əsassız olaraq ağır cinayətlərdə ittiham edilməsi “ənənə” halını alıb. Təcavüzkar ölkənin siyasi rəhbərliyi, xaricdəki diasporu “erməni soyqırımı”, “Sumqayıt hadisələri” kimi mövzulardan hər il Azərbaycana qarşı saxta kampaniya aparmaq məqsədilə istifadə edir, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Halbuki, məkrli qonşularımız 200 ildən artıq müddətdə “Böyük Ermənistan” yaratmaq xülyası ilə təcavüzkarlıq siyasəti yürüdüb, bəşəriyyətə və insanlığa qarşı yönələn ağır cinayətlərə yol veriblər. Bu qondarma iddialarına beynəlxalq dəstək qazanmaq üçün onilliklər ərzində bəzi  dövlətlərin maraqlarının ifadəsinə çevriliblər. Fransa və digər dövlətlər tarixən Cənubi Qafqazda möhkəmlənmək üçün “erməni məsələsi”ndən öz mənafelərinə uyğun şəkildə istifadə etməyə çalışıblar və bu uğursuz cəhdlər indi də davam edir.

Azərbaycan Xarici İşlər Nazirliyi qarşı tərəfin əsassız iddiaları ilə əlaqədar geniş açıqlama verərək, 1988-ci ildə Sumqayıtda etnik zəmində qeydə alınan iğtişaşların keçmiş imperiyanın xüsusi xidmət orqanlarının və Ermənistan rəhbərliyinin, erməni şovinist ideoloqlarının əvvəlcədən planlaşdırılmış məqsədyönlü təxribatı olduğunu bir daha bəyan edib. “Hadisələrin səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub və onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb” – deyə XİN-nin açıqlamasında vurğulanır. Haqlı olaraq qeyd edilir ki, qarşı tərəfin qərəzli bəyanatı ötən əsrin 80-ci illərinin sonunundan başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirmək məqsədilə zorakılıq əməllərini, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, terroru, etnik zəmində təxribatları və hərbi gücdən istifadəni ört-basdır etmək cəhdləridir.

Ermənistan bu kimi iddialarla həm də insanlıq əleyhinə ağır cinayətlərini guya “pərdələmək”, diqqəti azərbaycanlıların soyqırımı və deportasiyası mövzularından yayındırmaq niyyəti güdür. Rəsmi Bakının son illərdə Ermənistandan zorla qovulmuş soydaşlarımızın geriyə qayıdışı məsələsini müxtəlif platformalarda qaldırması qarşı tərəfi ciddi narahat edir. Rəsmi İrəvan bu prosesə mane olmaq üçün ənənəvi qarayaxma kampaniyasını işə salmağa, real vəziyyəti təhrif etməyə çalışır. Rəsmi İrəvan yaxşı anlayır ki, Azərbaycanın qaldırdığı məsələ kifayət qədər ciddi fakt və sübutlara söykənir.

Tarixi faktlar sübut edir ki, son iki əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, faciə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ gerçəkləşdirilən bu qeyri-insani siyasət nəticəsində azərbaycanlılar Ermənistandan – yaşadıqları doğma tarixi-etnik torpaqlarından didərgin salınıb, kütləvi qırğınlara məruz qalıb. Ermənistandan 300 minə yaxın əhalinin zorla qovulması zamanı 200-dən çox azərbaycanlının ölümündə təqsirli olanlar barəsində bugünədək heç bir tədbir görülməyib.

Ermənilərin guya “soyqırıma məruz qalması” kimi tarixi əsası olmayan yalan iddialar da Türkiyə və Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi nəzərdən keçirilir. Ermənistanın son illərdəki ağır hərbi-siyasi məğlubiyyəti fonunda “soyqırımı” kampaniyasını daha da genişləndirib. Hazırda özlərini “demokratiyanın beşiyi” sayan bəzi Qərb ölkələri də, əslində, geosiyasi maraqlarını gerçəkləşdirmək naminə bu cür saxta kampaniyalara dəstək verməkdən, yalanlara həqiqət donu geyindirməkdən çəkinmirlər.

Azərbaycan istər İkinci Qarabağ müharibəsində, istərsə də lokal antiterror tədbirləri zamanı parlaq qələbə qazanmaqla, ermənilərin müharibə cinayətlərinin qisasını alıb, ədaləti və beynəlxalq hüququ bərpa edib. Rəsmi İrəvan hazırda regionda sülhün təmini məqsədilə aparılan danışıqların məntiqi sonluğa yetişməsini istəyirsə, səmimi davranmalı, “soyqırımı”, “etnik təmizləmə” kimi revanşizmi, etnik nifrəti təşviq edən açıqlamalardan uzaq olmalıdır.

Müsasir dövrdə dözümsüzlük mühiti və nifrət nitqi insan hüquqlarının təminatına təhdid kimi çıxış edən amillərdəndir. Erməni mediasında və sosial şəbəkələrdə davamlı olaraq azərbaycanlıları hədələyən, təhdid edən açıqlamaların verilməsi, etnik zəmində nifrətin təşviq edilməsi uzun illərdir ki, erməni cəmiyyətində Azərbaycana qarşı yaradılmış dözümsüz münasibətin təzahürüdür. Bunları nəzərə alan rəsmi Bakı haqlı olaraq əsassız iddialara son qoyulmasını yekun sülh müqaviləsinin imzalanmasının mühüm şərtlərindən biri kimi müəyyənləşdirib.

MTM Analitik Qrup