AVROPA İTTİFAQININ ERMƏNİSTANDAKI MONİTORİNQ MİSSİYASI SÜLH ÜÇÜN ƏN BÖYÜK ƏNGƏLƏ ÇEVRİLİB

Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə indi ən böyük maneənin Avropa İttifaqının mülki monitorinq missiyası olduğu müşahidə olunmaqdadır. Ermənistan ərazisində yerləşdirilmiş bu missiyanın fəaliyyətinin sülhə xələl gətirdiyini İrəvanda da etiraf edənlərini sayı sürətlə artır. Ermənistanın baş naziri Nikol Paşinyan da bildirir ki, bu məsələ sülh əldə olunmasında kəskin ziddiyyət doğuran hal kimi  təsbit olunur. Belə görünür ki, sözügedən məqam tərəflərin sülh müqaviləsi ilə bağlı növbəti təkliflər mübadiləsində də öz həllini tapmayıb.

İrəvan bildirir ki, sülh müqaviləsi ilə bağlı Bakıdan növbəti təkliflər paketini alıb. Nikol Paşinyan qeyd olunan kontekstdə vurğulayır ki, bu, sülh müqaviləsinin artıq 12-ci redaksiyasıdır: “Sənəd Azərbaycanın bizim əvvəlki cavablarımıza və təkliflərimizə reaksiyasını əks etdirir və biz indi cavab təklifləri hazırlamaq üçün sənədi təhlil edirik”. Azərbaycan bəyan edir ki, sülh müqaviləsinə iki əsas məsələ üzrə hələ də razılıq əldə edilməsi mümkün olmayıb. Bunlar bir-birinə qarşı beynəlxalq instansiyalarda iddiaların rədd edilməsi, üçüncü ölkələrin nümayəndələrinin sərhəddə yerləşdirilməməsidir. Ermənistan öz növbəsində bildirir ki, sərhəd zonasında xarici qüvvələrin yerləşdirilməməsinə dair müddəalar yalnız sərhədin artıq müəyyən edilmiş hissələrinə şamil edilməlidir. Beynəlxalq iddialardan imtina isə sülh müqaviləsi bağlandıqdan sonra mümkündür. Ancaq reallıq budur ki, Ermənistan istənilən vaxt imzasından və öhdəliyindən imtina edən ölkə qismində qəbul olunur. Bunun ən yaxşı nümunəsi İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatlardır. Ermənistan sonradan bu bəyantlarda üzərinə götürdüyü bəzi öhdəlikləri yerinə yetirməkdən imtina etdi və əslində, bu da Azərbaycanla münasibətlərin normallaşmasını əngəlləyən əsas faktorlardan birinə çevirildi.  Məhz bu səbəbdəndir ki, Azərbaycan sülh müqaviləsində barəsində yuxarıda qeyd edilən ziddiyyətli məqamlar üzrə razılıqların əldə olunmasını və bundan sonra sənədin imzalanmasını tələb edir.

Nikol Paşinyan yeni sülh mətninin Bakı tərəfindən İrəvana göndərilməsini şərh edərkən bildirib ki, üçüncü qüvvələrin sərhəddən çıxarılması ilə bağlı məsələdə hələlik razılığa gəlmək mümkün olmayıb. Beynəlxalq instansiyalarda iddiaların rədd edilməsi məsələsinə isə Ermənistanın baş naziri toxunmağa lüzum görməyib. Sadəcə, qeyd edib ki, müzakirələr davam edir və müəyyən irəliləyişlər də var. Elə bu müstəvidə güman etmək olar ki, beynəlxalq instansiyalarda qarşılıqlı iddiaların rədd edilməsi isə üzrə də tezliklə razılığa gəlmək mümkün olacaq. Digər əsas məsələyə gəlincə, Ermənistan burada sülh prosesinə xələl gətirən siyasətini davam etdirir.  Avropa İttifaqının Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətinin davam etdirilməsi bunun faktiki təzahürüdür.

Qeyd edilməlidir ki, missiyanın daha iki il Ermənistanda fəaliyyət göstərməsi barədə qərar qəbul olunub.  Proseslərin gedişi göstərir ki, Avropa İttifaqında maraqlı qüvvələr, o cümlədən də Fransa  missiyanın fəaliyyətini davam etdirməkdə maraqlıdır. Ermənistan da sülhdən bəhs etməsinə baxmayaraq, belə qüvvələrin təsiri altında missiyanın pozucu xarakterli fəaliyyətinin davam etdirməsinə şərait yaradır. Burada o da xüsusi qeyd edilməlidir ki, missiya adında qeyd edildiyi kimi heç də mülki xarakterə malik deyil və artıq tərkibinə görə, o, NATO missiyasına çevrilib. Missiyanın faktiki fəaliyyəti etimad quruculuğu prosesinə ciddi zərər vurur.  Prezident İlham Əliyev cari il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi zamanı missiyanın müddətinin uzadılmasının etimadı möhkəmləndirmədiyini, əksinə, sarsıtdığını vurğulayıb: “Bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər edir, yarıhərbi geyim və çəkmələr geyinir, oraya hansısa döyüşçülər kimi gedirlər”.

Müşahidələr və təhlillər də göstərir ki, missiya şübhəli məqsədlər üçün yarımhərbi əməliyyat fəaliyyəti həyata keçirir və müəyyən  Qərb ölkələrinin əlində regionda təsir aləti kimi istifadə olunur. Missiyanın fəaliyyəti ilə bağlı Ermənistanla Avropa İttifaqı arasında razılaşmalar vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki məhz bu razılıqlarla missiyaya Ermənistan ərazisində ən əlverişli fəaliyyət rejimi və hərəkət azadlığı verilib. Missiyanın ixtiyarında olan vasitələr kəşfiyyat məlumatlarının toplanması, ötürülməsi üçün də çoxsaylı imkanlar vəd edir. Özü də onun hazırladığı hesabatlar məxfidir, fəaliyyətinə isə heç Ermənistan da nəzarət etmir. Ümumiyyətlə, yayılan məlumatlar, aparılan təhlillərin nəticələri göstərir ki,  Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası daha çox  hərbi-kəşfiyyat xarakterli fəaliyyətlə məşğuldur. Bu da onun regionda sülh prosesi ilə yox, münaqişələr yaratmaq fəaliyyəti ilə məşğul olduğunu göstərir.

Təbii ki, belə şəraitdə Avropa İttifaqının sərhəd missiyasının fəaliyyətinin davam etdirməsi ikitərəfli əsasda sülh və etimad quruculuğu prosesinə xələl gətirir. Elə bu səbəbdən onun fəaliyyətinə son qoyulmasının vaxtıdır. Bu fəaliyyətə son qoyulması təkcə Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsini tezləşdirməyə xidmət etmir, həm də Cənubi Qafqaz regionunun geosiyasi toqquşma məkanına çevrilməsinə zəmin yaradan mühüm səbəblərdən birini aradan qaldırmış olur.

Avropa İttifaqının missiyasının fəaliyyətini dayandırmaqla yanaşı, Ermənistan Azərbaycanla gələcək əməkdaşlıq üçün Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarını aradan qaldırmalı, Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Bunlar sülh müqaviləsinin mətninə daxil olmasa da, iki ölkə arasında gələcək əməkdaşlıq əlaqələrinin qurulmasının mühüm şərtləri sırasında yer alır. Bütün bunlardan region ölkələri, onların qonşuları da çoxsaylı dividendlər əldə edəcəklər.

MTM Analitik Qrup