BDYPİ BUZLAŞMIŞ YOLLARDA YARANA BİLƏCƏK FƏSADLARLA BAĞLI SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ EDİB

Bu gün günün birinci yarısı havanın temperaturunun nisbətən yüksəlməsi səbəbindən yollarda qar-buz örtüyünün bir qədər əriməsi müşayiət olundu. Lakin axşama doğru temperaturun mənfiyə doğru dəyişməsi ilə ərimiş su kütləsinin yenidən donması və yolların buzlaşması gözlənilir.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilir.

İdarə şaxtalı havada xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərdən səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, zəruri ehtiyat tədbirləri görməyi, qış mövsümünə uyğun təchiz edilməmiş nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.

Qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur.