GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5   

1. Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın yanaşmasında tədrici dəyişikliklərin müşahidə edilməsi;

 Azərbaycan tələb edir ki, ölkəmizin əsas hissəsindən Naxçıvana yüklər yoxlanılmadan keçirilsin, “Kalininqrad modeli” istifadə edilsin. Ermənistan parlamentinin spikeri Alen Simonyanın yüklərin yoxlanılmadan, yalnız videokameraların köməyi ilə nəzarətin mümkünlüyünü bəyan edib. İndi Ermənistanda qeyd edilir ki, dəhlizin Azərbaycanın istəyi üzrə açılmasına hazırlıq gedir və bu, Azərbaycanın daha bir qələbəsidir.

2. Azərbaycanın Münxen Konfransından təbliğat platforması kimi istifadə etməsi.

Xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi rəsmi görüşlər zamanı Ermənistanla Azərbaycan arasında danışıqların gedişi və yekun sülh prosesinə mane olan amillərlə bağlı fikirlərini açıqlayıb. Bu, yekun sülhün məhz Ermənistanın öhdəliklərinə əməl etməməsi səbəbindən uzanması ilə bağlı Avropada dolğun təsəvvürlərin formalaşdırılması baxımından əhəmiyyətlidir.

3. Bakıda Qarabağ separatçıları barəsində məhkəmə prosesinin beynəlxalq dəstək alması.

Rumıniya parlamentarilərinin bir qrupu Azərbaycanın beynəlxalq hüquqa riayət etmək və separatçı hərəkatın rəhbərlərini məsuliyyətə cəlb etmək səylərini dəstəklədiklərini bəyan ediblər. Qrupun deputatlarından biri olan Kristian Terhes postsovet ölkələrindəki separatizmdən qaynaqlanan regional təhlükəsizlik və sabitliyə davam edən təhdidlərlə bağlı ciddi narahatlığını ifadə edib. Mövzunun diqqətdə saxlanılması müəyyən ermənipərəst dairələrin sözügedən məhkəmə prosesi ilə apardıqları qərəzli kampaniyanın neytrallaşdırılması baxımından aktuallıq kəsb edir.

4. Emmanuel Makron hakimiyyətinin korrupsiya qalmaqalları;

 Anti-Azərbaycan mövqedə olan Makron hakimiyyətinin ifşası baxımından zəruridir. “Observer Online” nəşrinin “Makronun adamlarının qalmaqallı korrupsiyasına dair sənədlər yayılıb” başlıqlı yazısının icmalının verilməsi, bundan əvvəlki korrupsiya qalmaqallarının diqqət çəkilməsi, xüsusən də Makronun hələ 2017-ci ildə seçki kampaniyası üçün ABŞ-nin”McKinsey” konsaltinq şirkətindən qeyri-qanuni maliyyə alması kimi məqamların qabardılması vacibdir.

5. Avropa İttifaqının Ukrayna danışıqlarından kənarda qalması;

Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı danışıqlarda Avropa ittifaqı bütün etirazlarına baxmayaraq, kənarda saxlanılıb. Bu, Avropa İttifaqının siyasi güc mərkəzi kimi mövqeyinin itirməsidir. Belə vəziyyətdə Avropa İttifaqının başqa ölkələrin daxili işlərinə, onların xarici siyasətlərinə müdaxilə cəhdlərinin də arxa plana keçəcəyi gözlənilir. Bu hal Cənubi Qafqazda vəziyyətə təsir göstərəcək, xüsusən də Ermənistanın Avropaya ümidlərini alt-üst edəcək.