BAKIDA “VERGİ XİDMƏTİ – 25: DAVAMLI İNKİŞAF VƏ EFFEKTİV TRANSFORMASİYA” FORUMU KEÇİRİLİR 

Bu gün Bakıda “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumu keçirilir.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, dövlət qurumlarının, beynəlxalq audit şirkətlərinin nümayəndələri iştirak edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumu iştirakçılarına müraciət ünvanlayıb. Müraciətin mətnini iqtisadiyyat naziri Mikayıl Cabbarov oxuyub.

Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, Qarabağ Dirçəliş Fonduna bugünədək 16 mindən çox hüquqi və fiziki şəxs tərəfindən ianələr edilib.

Eyni zamanda o qeyd edib ki, kölgə iqtisadiyyatı ilə mübarizənin əhəmiyyətli hissəsi qanunvericilik tətbiqinin hər bir kəsə tətbiq edilməsidir.

“Bu sahədə bizimlə çiyin-çiyinə olan aidiyyəti dövlət orqanlarına, Baş Prokurorluğa təşəkkürümü bildirmək istərdim. Vaxtilə vergilər orqanının inzibatçılığı hansı meyarlara əsaslanır sualı ilə rastlaşırdıq. Bu suallara cavab var. Cavab dövlətin müvafiq qanunvericiliyinə əsaslanmasıdır”, – nazir vurğulayıb.

O eyni zamanda bildirib ki, texnologiyaların inkişafı insanların vaxt itkisini aradan qaldırmağa xidmət edir. Onun sözlərinəgörə, elektron vergi xidmətlərinin genişləndirilməsi nəticəsində bu gün sahibkarlar artıq vergi öhdəliklərini minimal vaxtda yerinə yetirə bilirlər:

“Vergi sisteminin inkişafı üzrə qət etdiyimiz məsafə, vergi ödəyicilərinin məmnunluğu qarşıya qoyulmuş məqsədlərin yüksək səviyyədə həyata keçiriləcəyinə inamı artırır. Gələcəyə hədəflənən aydın strateji baxışın, zəruri resursların və texnoloji həllərin mövcudluğu bunun təminatı kimi çıxış edir. Birlikdə daha uğurlu nailiyyətlərə imza atacağımıza inam yüksəkdir. Biz xidmət səviyyəsini artırmalı, sahibkarlıq mühitini daha da yaxşılaşdırmalıyıq.

Çıxışımın yekununda vergi sisteminin inkişafına töhfə verən vergi işçilərinə, islahatların həyata keçirilməsinə dəstək verən tərəfdaşlarımıza və vergi öhdəliklərini vicdanla yerinə yetirən sahibkarlarımıza bir daha minnətdarlığımızı bildirmək istəyirəm”.

Tədbirdə nəzərə çatdırılıb ki, 2018-ci illə müqayisədə 2024-cü ildə ÜDM strukturunda neft-qaz sənayesinin xüsusi çəkisi 40,2%-dən 30,6%-ə enib. Bu tendensiya son illər ərzində iqtisadiyyatın daha da şaxələnməsini və neft-qaz sənayesindən olan asılılığın azalmasını nümayiş etdirir.

Forumda qeyd edilib ki, ötən il vergi daxilolmaları üzrə icra göstəricisi proqnoz göstəricisinə yaxınlaşması 2024-cü il üzrə proqnozun iyun ayında dürüstləşdirilərək 1.405.0 milyon manat, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 800,0 mln manat artırılması şəraitində baş verib.