
Azərbaycanın son illərdə nəqliyyat və yaşıl enerji dəhlizlərinin inkişafı, Orta Dəhlizinin ötürücük qabiliyyətinin genişləndirilməsi istiqamətində reallaşdırdığı layihələr dünyanın fövqəlgüc dövlətlərinin xüsusi diqqət mərkəzindədir. Bu kontekstdə beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik Çin Xalq Respublikası (ÇXR) da ölkəmizlə əlaqələrin bütün sahələrdə genişləndirilməsində maraqlı olduğunu nümayiş etdirir.
Dövlət başçısı İlham Əliyev ötən ay Davos Forumunda iştirakı zamanı Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, ikitərəfli münasibətlərdə son illərdə canlanmanın baş verdiyini, müxtəlif sahələrdə birgə işlərin aparıldığını vurğulayıb: “Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”.
Çinlə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir. Rəsmi Bakı BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan bu ölkə ilə tarixi əlaqələrinin inkişafı, Böyük İpək Yolu və digər layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Dövlət başçısı İlham Əliyevin hələ 2005-ci il martın 17-19-da bu ölkəyə reallaşan ilk rəsmi səfəri ikitərəfli münasibətlərdə keyfiyyətcə yeni mərhələ açıb. Səfər zamanı dövlət başçısı İlham Əliyev Azərbaycan-Çin biznes forumunda iştirak edərək, bu ölkənin iri şirkətlərini ölkəmizə sərmayə qoymağa çağırıb.
2013-cü ildə Çin lideri Si Tszinpin tərəfindən irəli sürülən məşhur “Bir kəmər – bir yol” təşəbbüsü son illər iki ölkə arasında aparılan müzakirələrdə mühüm yer tutur. Tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan bu meqa-layihəsini dəstəkləyən ilk ölkələrdən biri olub. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” təkcə iki ölkənin deyil, Böyük İpək Yolu üzərində yerləşən bütün dövlətlərin mənafelərinə cavab verən razılaşma olub. Həmin Memorandum iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün mühüm istiqamətlər müəyyən edib.
Dövlət başçısı 2019-cu il aprelin 26-27-də Çinin paytaxtı Pekində keçirilən II “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda bu ölkənin nəqliyyat-kommunikasiya layihələrinə dəstəyini bir daha ifadə edib, ikitərəfli əməkdaşlıq baxımından yüksək dəyərləndirib. Tədbirdə xüsusi qeyd olunub ki, Azərbaycanın həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi nəqliyyat-infrastruktur layihələri Transxəzər Şərq-Qərb Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) əhəmiyyətini artırıb. Bu, yüklərin Çindən Avropaya, Avropadan isə Çinə gətirilməsi üçün ən qısa yoldur.
Nəhayət, 2024-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” münasibətlərin inkişafına yeni təkan verib. Bu sənədlə tərəflər beynəlxalq və regional vəziyyətin mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə ediblər.
Bəyannamədə qeyd olunub ki, tərəflər ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirlər. Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Tayvanın isə bu ölkənin ərazisinin ayrılmaz hissəsi olduğunu tanıyır. Eyni zamanda, ÇXR Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı tanıyır.
Çinin hazırda Cənubi Qafqazda Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olması xüsusi vurğulanmalıdır. Çin şirkətləri ölkəmizə təkcə xidmət və texnologiyalar ixracında deyil, investisiya qoyuluşlarında maraqlıdırlar və bu istiqamətdə müzakirələr gedir. Prosesin asanlaşdırılması, turist səfərlərinin artımı üçün Azərbaycan Çin vətəndaşları üçün viza tələbini də aradan qaldırıb.
İkitərəfli əlaqələrin inkişafına təkan verən digər vacib məqam Azərbaycanın Xəzər hövzəsində iri enerji ixracatçısı və ticarət tərəfdaşı olması ilə şərtlənir. İqtisadiyyatı sürətlə inkişaf edən Çin alternativ təchizatçılar axtarışındadır və bu baxımdan Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir. Bundan əlavə, hər iki ölkə “yaşıl enerji” sahəsində də sıx əməkdaşlıq etmək niyyətindədir. Azərbaycan gələcəkdə təkcə Mərkəzi Asiya ölkələrinin deyil, eləcə də Çinin istehsalı etdiyi böyük həcmdə ekoloji təmiz enerjinin Avropaya ixracı üçün əlverişli tranzit ölkəyə çevrilmək iddiasındadır.
MTM Analitik Qrup