![](https://mtm.az/wp-content/uploads/2025/02/image-118-e1739008392880-1024x734.png)
Azərbaycanın Ermənistanla danışıqlar prosesində mühüm tələblərindən biri də Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-dək vətəndaşının taleyinə aydınlıq gətirilməsidir. Bunda məqsəd qarşı tərəfin müharibə cinayətlərini etiraf etməsinə, humanitar məsələlərin həlli ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri icra etməsinə nail olmaq və etimad mühitini gücləndirməkdir.
Fevralın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistanın Əsir düşmüş, saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında baş tutan görüş bu baxımdan xüsusi maraq doğurur. Görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb, komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, Birinci Qarabağ müharibəsində 3977, İkinci Qarabağ müharibəsində 6 nəfər ölkə vətəndaşı itkin düşüb. Azərbaycan tərəfi ötən illərdə bununla bağlı faktların dünya ictimaiyyətinə çatdırılması və Ermənistana təzyiqlərin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirib. 15 noyabr 2024-cü il tarixində BMT Baş Assambleyasının 3-cü komitəsi tərəfindən “İtkin düşmüş şəxslər” adlı qətnamənin konsensusla qəbulu mühüm diplomatik nəticə olub.
Azərbaycan 2002-ci ildən etibarən hər iki ildən bir təqdim olunan bu qətnamənin əsas həmmüəllifidir. Qətnamədə, silahlı münaqişələr nəticəsində insanların itkin düşməsinin onların ailələrinə ağır əzablar verdiyi və münaqişələrə son qoyulması səylərinə mənfi təsir göstərdiyi qeyd olunub. Həmçinin, itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarının pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi vurğulanıb. Sənəd silahlı münaqişə iştirakçısı olan dövlətləri insanların itkin düşməsinin qarşısını almaq, onların şəraitini müvafiq şəkildə araşdırmaq və taleyini müəyyən etmək üçün bütün lazımi tədbirləri görməyə çağırır.
“İtkin düşmüş şəxslər” adlı qətnamədə ilk dəfə olaraq həmçinin minaların itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək səylərinə maneə törətməsi ilə bağlı narahatlıq ifadə olunub, dövlətlərə insanların qalıqlarını təhlükəsiz şəkildə axtarmaq istiqamətində əməkdaşlıq çağırışı edilib.
Rəsmi Bakı dünyanın diqqətini bu humanitar problemə cəlb etmək məqsədilə 2023-cü ildən etibarən beynəlxalq tədbirlər təşkil edir. 2024-cü il oktyabrın 2-3-də paytaxtda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın Bəyannaməsi də rəsmi şəkildə BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb.
Fevralın 7-də keçirilən görüş Ermənistan tərəfinin rəsmi Bakının haqlı tələbləri qarşısında geri çəkildiyini və müharibə cinayətlərini etiraf etmək məcburiyyətində qaldığını göstərir. Xatırladaq ki, Prezident İlham Əliyev tarixi zəfərdən sonra itkin düşmüş azərbaycanlıların taleyinin aydınlaşdırılması ilə bağlı Ermənistan və bir sıra humanitar beynəlxalq təşkilatlar qarşısında dəfələrlə məsələ qaldırıb. 2022-ci il fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə bununla əlaqədar razılaşma əldə olunsa da, Ermənistan itkinlərin taleyinə hər hansı aydınlıq gətirməyib. Dövlət başçısının 2022-ci mayın 22-də Brüsseldə keçirilmiş növbəti görüşdə itkin və girovlar mövzusunu yenidən qaldırması beynəlxalq ictimaiyyətin diqqətinin postmüharibə dövrünün humanitar problemlərinə yönəldilməsinə xidmət edib.
İtkinlər mövzusunun aktullığı həm də azad edilmiş ərazilərdə kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi zərurəti ilə şərtlənir. İkinci Qatabağ müharibəsi və lokal antiterror tədbirlərindən sonra azad edilmiş ərazilərdə 18 kütləvi məzarlığın aşkarlanması problemin miqyası barədə dolğun təsəvvür yaradır. Aşkar görünür ki, Ermənistan silahlı qüvvələri və terrorçu birləşmələrinin ərazilərimizin işğalı zamanı əsas hədəfi həm də dinc insanlar, mülki əhali olub. Bu ərazilərdə onlarla belə məzarlıqlar mövcuddur və Ermənistan onların yerləri barədə məlumatları verməkdən yayınır.
Ümumiyyətlə, təcavüzkar ölkə ötən əsrin 90-cı illərinin əvvəlindən başlayaraq “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” və “Hərbi əsirlərlə rəftar haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyalarını kobud şəkildə pozub. Müharibəni müəyyən normativ çərçivəyə salmaq məqsədilə qəbul olunmuş Cenevrə və Haaqa hüququna, habelə beynəlxalq çağırışlara məhəl qoymayan Ermənistan əsir və girovlara münasibətdə hər zaman qəddar və anti-humanist mahiyyətini nümayiş etdirib. Azərbaycan isə Qarabağ müharibələri zamanı erməni əsir və girovlarla hər zaman beynəlxalq konvensiyalar çərçivəsində davranıb. İkinci Qarabağ mühaibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərdə aparılan axtarışlar zamanı 1700-dək Ermənistan hərbçisinin nəşi tapılaraq qarşı tərəfə verilib.
İşğalın səbəb olduğu humanitar fəlakətlərin sülh danışıqlarının gündəliyində yer alması Ermənistanın silahlı qüvvələrinin törətdiyi insanlıq əleyhinə cinayətlərin araşdırılması istiqamətində əməli addım atmamasının nəticəsidir. Əminliklə demək olar ki, Qarabağda separatçı rejimə rəhbərlik etmiş erməni əsilli şəxslərin Bakıda keçiriən ədalətli məhkəmə prosesi itkinlər mövzusu ilə bağlı bir çox qaranlıq həqiqətlərə də işıq salacaq.
Ümunilikdə, qeyd edilənlər təcavüzkar ölkəyə qarşı beynəlxalq məhkəmələrdə yeni iddiaların qaldırılması üçün də siyasi və hüquqi zəmin formalaşdırıb.
MTM Analitik Qrup