SEPARATÇILARIN MƏHKƏMƏ PROSESİ ERMƏNİSTANIN HƏRBİ-SİYASİ RƏHBƏRLİYİNİN MÜHARİBƏ CİNAYƏTLƏRİNİ İŞFA EDİR

Qarabağda mövcudluğuna 2023-cü ildə son qoyulan separatçı rejimin bir qrup rəhbər şəxsinin bu günlərdə Bakıda keçirilən açıq məhkəmə prosesində verdiyi ifadələr, səsləndirdiyi etiraflar Ermənistanın işğalçı siyasəti dövründə yol verdiyi müharibə cinayətlərinin miqyası ilə bağlı dolğun təsəvvür yaradır. Bundan narahat olan rəsmi İrəvan separatçıların məhkəmə prosesindəki ifadələrinin işfaedici təsirini guya “azaltmaq”, beynəlxalq ictimaiyyəti çaşdırmaq ümidi ilə əsası olmayan gülünc iddialar səsləndirir.

Aşkar görünür ki, Ermənistan rəhbərliyi separatçı rejimin nümayəndələrinin açıqlamaları fonunda beynəlxalq səviyyədə ifşa və rüsvay olduqlarından narahatdırlar. Belə ki, separatçı rejimə rəhbərlik etmiş Araik Harutyunyanın məhkəmə prosesində İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinin ballastik raketlə vurulması barədə əmrin rəsmi İrəvan tərəfindən verildiyini bildirməsi və Azərbaycan xalqından üzr istəməsi Ermənistan baş naziri Nikol Paşinyanı bərk təşvişə salıb. A.Harutyunyan dolayısı ilə etiraf edib ki, Gəncə, Bərdə və digər ərazilərimizin vurulması əmrini birbaşa baş nazir Nikol Paşinyan verib.

Ermənistanın ictimai televiziyasına müsahibəsində Bakıda saxlanılan şəxslərə guya psixotrop maddələrin verildiyini, onların danışmağa məcbur edildiklərini iddia edən Nikol Paşinyan qeyri-ciddi siyasətçi obrazını daha da gücləndirib. O iddia edib ki, “separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiqi” regional eskalasiyaya rəvac vermək məqsədi daşıyır. Belə cəfəng açıqlamalar verən Ermənistan baş naziri Azərbaycanı “hücum etməyə hazırlaşan”, “müharibə ilə təhdid edən” ölkə kimi təqdim etmək niyyəti güdüb.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsinin gedişində beynəlxalq konvensiyalara zidd olaraq bir sıra əmrlər verən Nikol Paşinyan hakimiyyətinin insanlıq əleyhinə cinayətlərə yol verdiyi Azərbaycanın aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən dünyaya bəyan edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyasının və BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə”sinin tələblərini pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə alıb.

Beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri döyüş zonasından uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Naftalan və digər şəhərlərimizi, rayonlarımızı qadağan olunmuş raket və kasetli bombalarla atəşə tutub. Bundan fərqli olaraq, Azərbaycan hərbi əməliyyatlar dövründə yalnız legitim hərbi hədəflərə zərbələr endirib, mülki əhalini hədəf seçməyib. Hərbi əməliyyatlar zamanı Azərbaycan hərbçilərinə ləyaqətlə, təmkinlə davranmaq və mülki vətəndaşlara zərər vurmamaq tapşırığı verilib.

Müxtəlif müharibə cinayətlərində təqsirli bilinən separatçıların rəhbərlərinin bu faktları açıq etiraf etmələri ölkəmizin beynəlxalq məhkəmə instansiyalarında Ermənistana qarşı qaldırdığı iddiaların nə qədər əsaslı olduğunu, real fakt və sübutlara söykəndiyini göstərir. Eyni zamanda, rəsmi Bakı müharibə cinayətlərində Ermənistanda əvvəllər hakimiyyətdə olmuş şəxslərin – Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın da bilavasitə məsuliyyət daşıdıqlarını bəyan edir.

Separatçıların açıq keçirilən məhkəmə prosesi Ermənistanın əvvəlki rəhbərlərinin də planlı və məqsədli şəkildə müharibə cinatyətlərinə təşkilatçılıq etdiklərini göstərir. İşğaldan azad edilmiş ərazilərin mənzərəsi göstərib ki, Ermənistan 30 ilik işğal dövründə kütləvi dağıntı və söküntüləri, talançılığı xüsusi amansızlıqla həyata keçirib, ekologiyamıza ciddi ziyan vurub, mədəni, dini abidələri, qəbiristanlıqları məhv edib. Bütün bunlar tarixən saxta və zərərli ideologiya əsasında erməni cəmiyyətinə aşılanmış qatı millətçi ideologiyanın, kin-küdurətin, nifrət və qisasçılıq hissinin real təzahürləridir.

Prezident İlham Əliyevin yanvarın 8-də yerli televiziya kanallarına müsahibəsində Ermənistanda faşist ideologiyasının hökm sürdüyünü bir daha açıq bəyan edib: “Onlar revanşist fikirlərlə yaşayırlar, Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir….Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir”.

Ermənistan rəsmilərinin mərkli məqsədi, aparılan saxta kampaniya həm də saxlanılan şəxslərin guya “təzyiq və qeyri-hüquqi davranışa məruz qalmaları” ilə bağlı əsassız fikir formalaşdırmağa xidmət edir. Halbuki, Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən də araşdırılıb, onların yalan olduğu təsbit edilib. Fevralın 6-da keçirilən açıq məhkəmə prosesi zamanı hərbi cinayətlərdə təqsirləndirilən şəxslərdən təkcə Araik Harutyunyan deyil, Davit Babayan da istintaq dövründə hər hansı təzyiqə, xoş olmayan rəftara məruz qalmadıqları, təcridxanada onlara qanun çərçivəsində normal şəraitin yaradıldığını, hüquqlarının qorunduğunu etiraf ediblər. Onlar Paşinyan və digər Ermənistan rəsmilərinin səsləndirdikləri iddiaların həqiqətdən uzaq olduğunu açıq bildiriblər.

Ümumiyyətlə, Ermənistanda müəyyən qüvvələrin separatçıların məhkəməsi ətrafında apardıqları saxta kampaniya beynəlxalq səviyyədə ciddi qarşılanmır. Hərbi cinayətlər törətmiş şəxslərin barəsində cinayət işinin açılması, onların ölkə qanunvericiliyinə və beynəlxalq konvensiyalara uyğun olaraq məhkəmə qarşısına çıxarılmaları Azərbaycanın daxili işi, suveren hüququdur. Rəsmi Bakı qarşı tərəfin bu mövzudakı bəyanatlarının ölkəmizin daxili işlərinə kobud müdaxilə cəhdi olduğunu dəfələrlə bəyan edib. Ermənistan rəhbərliyi bu qeyri-adekvat davranışı ilə həm separatçıların müharibə cinayətlərinə bəraət qazandırır, həm də daxili narazılıqları səngitməyə çalışır.

MTM Analitik Qrup