DONALD TRAMPIN USAID-İ BAĞLAMAQ QƏRARI ƏDALƏTLİ VƏ TƏQDİRƏLAYİQDİR

ABŞ Prezidenti Donald Trampın ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) bağlamaq qərarı beynəlxalq arenada geniş müzakirələrə səbəb olub. Bu addımın arxasında USAID-in fəaliyyətinə dair uzun müddətdir davam edən tənqidlər və agentliyin ABŞ-ın xarici siyasətindəki roluna dair suallar dayanır.

USAID 1961-ci ildə Prezident Con Kennedi tərəfindən yaradılanda onun qarşısına dünya üzrə humanitar yardım və inkişaf layihələrini həyata keçirmək vəzifəsi qoyulmuşdu. Lakin illər ərzində agentliyin vəzifələrinin mahiyyəti dəyişməyə başladı. Məhz buna görə o həyata keçirdiyi layihələrin siyasi məzmununa görə vaxtaşırı tənqdi edilirdi. Bəzi tənqidçilər USAID-in bəzi hallarda ABŞ-ın xarici siyasət maraqlarını irəli sürmək üçün istifadə edildiyini və bəzi layihələrin yerli icmaların ehtiyaclarına uyğun olmadığını bildirirdilər.

Prezident Trampın qərarından dərhal sonra onun müşaviri və hökumətin səmərəliliyinin artırılması üzrə Departamentin (DOGE) rəhbəri İlon Mask da USAID-in fəaliyyətini sərt şəkildə tənqid edib. O, agentliyi səmərəsiz və korrupsiyaya bulaşmış bir qurum kimi xarakterizə edərək onun ləğvini və ya ciddi islahatlara məruz qalmasını təklif edib. Maskın rəhbərliyi altında USAID-in bəzi ofisləri bağlanıb, veb-saytı Dövlət Departamentinin saytına birləşdirilib və bir çox əməkdaşı işdən çıxarılıb və ya inzibati məzuniyyətə göndərilib.

Qeyd edək ki, illik büdcəsi təxminən 60 milyard dollardan çox olan USAID-in bu vəsaitlə dünya ölkələrinə yönəltdiyi yardımların mahiyyətində ciddi ziddiyyətlər mövcuddur. Afrikada, Yaxın Şərqdə və dünyanın digər bölgələrində ciddi humanitar böhranların yaşanmasına baxmayaraq, USAID nədənsə diqqətini heç bir humanitar problemin olmadığı regionlara yönəltmişdi. Məhz humanitar fəaliyyət adı altında bir vaxtlar Azərbaycanda, Gürcüstanda və digər postsovet respublikalarında geniş şəbəkə quran USAID getdikcə həmin ölkələrin daxili işlərinə qarışmağa, siyasiləşmiş proseslərdə iştiraka can atır və haqlı tənqidlərə məruz qalırdı. Ona görə də bəzi tənqidçilər ona məxsus vəsaitlərin səmərəsiz istifadə edildiyini və bəzi hallarda ABŞ-ın beynəlxalq imicinə zərər verdiyini iddia deyirdilər. Bu xüsusda USAID-lə erməni lobbisi arasındakı əlaqələr də diqqətdən kənar qalmırdı. Xüsusilə, USAID-in rəhbəri Samanta Pauerin erməni lobbisi ilə yaxın münasibətləri və Ermənistanın maraqlarını müdafiə etməsi barədə məlumatlar dünya mediasında geniş tirajlanırdı. Onun erməni milyarder Ruben Vardanyanla sıx əlaqələri bu təşkilatın fəaliyyət strategiyası il ziddiyyət təşkil edərək Bayden adminstrasiyasının Azərbaycana qarşı müxtəlif təzyiq vasitələri formalaşdırmasına yardım edirdi. Baxmayaraq ki, Samanta Pauer Vardanyanın təşəbbüsü ilə yaradılan “Avrora” mükafatı komitəsinin üzvüdür və bu mükafatın sponsoru isə Vardanyan özüdür. Bu baxımdan Vardanyan-Pauer əlaqələri USAID-in Ermənistanın maraqlarını müdafiə edən təşkilata çevrilməsinə geniş imkanlar açmışdı. Məhz bu “dostluq” USAID-in Ermənistana və Qarabağdakı ermənilərə əhəmiyyətli maliyyə yardımları ayırmasına şərait yaratmış, məsələn, 2023-cü ilin noyabr ayında USAID-in Ermənistan ofisi “ABŞ-ın Qarabağdakı hadisələrdən zərər çəkənlər üçün” əlavə 4,1 milyon dollar humanitar yardım ayırdığını bildirmişdi. Bu faktlar USAID-in erməni lobbisi ilə əlaqələri və Ermənistanın maraqlarını müdafiə etməsi barədə iddiaları daha da gücləndirmişdi. Ona görə də Prezident Donald Trampın USAID-in bağlanması ilə bağlı qərarı agentliyin fəaliyyətinə dair uzun müddətdir davam edən tənqidlər fonunda ədalətlidir və təqdir olunmalıdır. Bu addım ABŞ-ın xarici yardım siyasətində daha səmərəli və məqsədyönlü yanaşmaların tətbiqinə yol açacaq. Nəticə etibarilə USAID-in bağlanması qərarı ABŞ-ın xarici yardım siyasətində yeni bir dövrün başlanğıcı olacaq.

MTM Analitik Qrup