İLKİN HESABAT RUSİYANIN CİNAYƏTİNİ SÜBUTA YETİRDİ

2024-cü ilin dekabrında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus “Embraer-190” təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasıAzərbaycan və dünya ictimaiyyətində dərin narahatlıq doğurmuşdu. Hadisənin baş verdiyi ilk günlərdən qəzanın mümkün səbəbləri ətrafında müxtəlif versiyalar irəli sürüldü. Rusiya tərəfindən idarə edilən internet resurslarında və sosial şəbəkə hesablarında müxtəlif gülünc versiyaların ortalığa atılması Azərbaycan xalqında və dövlətində ciddi narazılıq və ikrah hissi doğurdu. Moskva açıq-aydın təyyarənin vurulması faktının gizlətməyə çalışırdı.

Lakin Qazaxıstan Nəqliyyat Nazirliyinin apardığı araşdırmaların ilkin hesabatı ortaya bir sıra obyektiv nəticələr çıxarıb. Məlum olub ki, təyyarə uçuşun Qroznıya qədər olan hissəsində tam yararlı vəziyyətdə olub. Hava gəmisinin mühərriklərinin ikisi də qəza anına qədər heç bir texniki problem olmadan çalışıb. Hava gəmisi Rusiya hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçarkən GPS siqnallarının itməsi halı ilə üzləşib. Təyyarə Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb. Birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirib və sıradan çıxıb. Bundan əlavə, hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub. Hesabatda qeyd edilir ki, bu zədələr kənar obyektlərin təsiri nəticəsində formalaşıb və təyyarənin quşlarla toqquşmasına işarə edən hər hansı fakt aşkarlanmayıb.

Ən maraqlı məqamlardan biri isə Rusiya tərəfinin iddia etdiyi “Kovyor” əməliyyatının tətbiqi ilə bağlıdır. Belə ki, Rusiya bu günədək təyyarənin Rusiya hava məkanında olduğu zaman “Kovyor” əməliyyatlarının tətbiq edildiyini bildirirdi. Qara qutunun deşifrə olunması nəticəsində isə bəlli olub ki, təyyarə vurulandan 8 dəqiqə sonra əlaqələndirici dispetçer “Kovyor” əməliyyatı barədə Qroznıya məlumat verib.

Təyyarənin “Pantsir-S” raketi ilə vurulmasına dair artıq heç bir şübhə yoxdur. Belə ki, Azərbaycan tərəfində “Pantsir-S” raketinin bir parçası var, o, təyyarədən çıxarılıb və beynəlxalq ekspertizanın köməyi ilə müəyyən edilib. Bu isə təyyarənin vurulması ilə bağlı bütün mübahisələrə son qoyur. Bununla yanaşı, Qazaxıstanın hesabatında yer alan radar qeydləri və digər texniki analizlər də təyyarənin atəşə tutulduğunu sübut edir. Qəzadan əvvəl təyyarənin uçuş trayektoriyası ilə Rusiyanın bölgədə yerləşən hava hücumundan müdafiə sistemlərinin aktivliyi arasında açıq şəkildə uyğunluq müşahidə olunur.

Maraqlıdır ki, sözügedən faktlar həm Azərbaycan, həm də Rusiya tərəfinə çoxdan məlum idi. Buna baxmayaraq, Moskva hadisənin məsuliyyətini üzərinə götürmək əvəzinə, müxtəlif dezinformasiya kampaniyaları ilə məsələni ört-basdır etməyə çalışıb. İlkin günlərdə Rusiya rəsmiləri qəzanın səbəbi kimi hava şəraitini, quş sürüsü ilə toqquşmanı və hətta təyyarənin texniki nasazlığını irəli sürürdülər. Lakin Qazaxıstanın təqdim etdiyi hesabat bütün bu versiyaları təkzib edir və təyyarənin vurulmasını sübuta yetirir.

Digər tərəfdən bu yanaşma, Rusiyanın beynəlxalq hüquqa və tərəfdaşlıq münasibətlərinə hörmətsizliyini açıq şəkildə nümayiş etdirir. Baxmayaraq ki, Azərbaycan və Rusiya uzun illər strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlıq ediblər. Lakin Moskvanın bu hadisə ilə bağlı sərgilədiyi mövqe Bakının Rusiya ilə münasibətlər barədə yenidən düşünməsinə səbəb ola bilər. Çünki Azərbaycanın Rusiya ilə münasibətləri həmişə qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanıb. Lakin AZAL təyyarəsinin vurulması və Moskvanın məsuliyyətdən yayınmaq cəhdləri bu münasibətlərdə ciddi çatlar yaradır. Strateji tərəfdaşlıq yalnız iqtisadi və siyasi maraqlara deyil, həm də etimad və qarşılıqlı öhdəliklərə əsaslanmalıdır. Rusiyanın bu hadisəyə görə məsuliyyətini qəbul etməməsi, gələcəkdə Azərbaycanın təhlükəsizliyini risk altına qoya biləcək digər halların da baş verə biləcəyinə işarə edir.

Bu baxımdan, Azərbaycan hakimiyyəti və beynəlxalq ictimaiyyət Moskvanın bu məsuliyyətsiz davranışını qınamalı və cinayətkarların cəzalandırılmasını tələb etməlidir. Rusiyanın bu cür addımları cəzasız buraxılmamalıdır. Bu məsələdə beynəlxalq təşkilatlar və strateji tərəfdaşlar Azərbaycanın yanında durmalı, Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirməlidir. Əgər Moskva öz səhvini etiraf etməzsə və bu cür təxribatçı addımlardan çəkinməzsə Bakı münasibətləri yenidən qiymətləndirməli və öz milli maraqlarına uyğun qərarlar qəbul etməlidir.

MTM Analitik Qrup