ALMANİYADA YAŞAYAN SOYDAŞIMIZ ABŞ SENATINA MÜRACİƏT EDİB

Almaniyanın Herford şəhərində yaşayan, beynəlxalq hüquq üzrə ekspert Asəf Askar senator Bob Menendezin Azərbaycanla bağlı apardığı çirkin kampaniyanın daha dərindən araşdırılması üçün ABŞ Senatına müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müraciətdə Bob Menendezin xarici siyasət, insan haqları və korrupsiyaya qarşı mübarizə mövzularından siyasi alət kimi istifadə etdiyi vurğulanıb, Bob Menendezin yalnız Azərbaycan və Türkiyəyə qarşı qərəzli mövqe tutmaqla kifayətlənmədiyi, eyni zamanda, ABŞ-ın öz milli maraqlarını da şəxsi mənfəətinə qurban verdiyi diqqətə çatdırılıb.

Soydaşımız, həmçinin xüsusi araşdırma komissiyasının yaradılmasını xahiş edib, ABŞ Konqresinin bu araşdırma nəticəsində daha ciddi korrupsiya faktlarını ortaya çıxaracağını bildirib.

Qeyd edilib ki, Bob Menendez ABŞ Nümayəndələr Palatasının üzvü, ABŞ Senatının üzvü, Senatda Xarici Əlaqələr Komitəsinin sədri kimi fəaliyyət göstərib. 2025-ci ilin yanvar ayında korrupsiya və rüşvətxorluq ittihamları əsasında 11 il həbs cəzasına məhkum edilib. O, siyasi fəaliyyəti boyu Ermənistanın maraqlarını açıq şəkildə dəstəkləyib və Azərbaycana qarşı düşmən mövqedə olub.