İşğalçı ideologiyası iflasa uğrayan Ermənistanın hazırda yeganə ümidi və gözləntisi regional təcrid vəziyyətindən xilas olmaq, Azərbaycan və Türkiyə ilə münasibətləri nizamlamaq, özünütəcrid vəziyyətindən çıxmaq, tranzit ölkə imkanları qazanmaqdır. Ölkəmizin təşəbbüsü, Türkiyə və Gürcüstanın iştirakı ilə son 30 ildə reallaşdırılan neft-qaz, nəqliyyat layihələrində iştirakdan məhrum olan Ermənistan yeni geosiyasi reallıqda sülhün alternativinin olmadığını anlayır və regional inteqrasiya proseslərində iştiraka cəhd edir.
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatı zamanı ölkəsinin regionda reallaşdırılan layihələrdə iştirakda maraqlı olduğunu, konkret olaraq Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi layihəsinə qoşulmağa hazır olduğunu bildirib. Xatırladaq ki, 2022-ci ilin dekabrında Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə 1,2 min kilometr uzunluğunda kabelin çəkilməsini nəzərdə tutan saziş imzalayıblar. Bu xətt Azərbaycanda istehsal olunan elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub.
Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra Ermənistanı əsassız iddialardan əl çəkərək müxtəlif formatlarda regional əməkdaşlığa dəvət etsə də, rəsmi İrəvan sülhə mane olan davranışları ilə özünü bu imkanlardan məhrum edib. Neft-qaz, energetika, nəqliyyat və logistika layihələrindən kənada qalan, dalana çevrilən Ermənistan, eyni zamanda, Türkiyə ilə dövlət sərhədlərinin bağlı olması səbəbindən son 30 ildə milyardlarla dollar maliyyə itkisinə məruz qalıb.
Rəsmi İrəvan üzləşdiyi hərbi-siyasi məğlubiyyyətdən sonra özünütəcrid vəziyyətinin ona həm iqtisadi, həm də təhlükəsizlik nöqteyi-nəzərindən ciddi problemlər yarada biləcəyini etiraf etməyə başlayıb. Azərbaycanın ilbəil artan hərbi xərcləri ilə guya “ayaqlaşmaq” istəyən Ermənistan hərbi xərclərini hər il artırmağa çalışmaqla, faktiki olaraq əhalisini uzun illər səfalət içində yaşadıb, strateji əhəmiyyətli digər sahələrin maliyyələşdirilməsini arxa plana keçirmək məcburiyyətində qalıb.
Ermənistan rəhbərliyi dolayısı ilə etiraf edir ki, çıxış yolu inkişafı qeyri-hüquqi iddialardan əl çəkmək, konstruktiv mövqe sərgiləyərək Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaqdır. N.Paşinyanın “Ermənistanın təhlükəsizliyini hansısa üçüncü ölkədə axtarmaq lazım deyil” bəyanatı da bu ölkənin mövcud geosiyasi reallıqla barışmasının göstəricisidir. Türkiyənin sərhədlərini açması, Ermənistanın Azərbaycan ərazisi ilə Rusiya və digər ölkələrə nəqliyyat, dəmiryolu çıxışı əldə etməsi üçün İrəvanın əsassız ərazi iddialarına son qoyması əsas şərtdir. Bu, qış aylarında Gürcüstanın dağlıq ərazisindən keçən yollardan istifadə edə bilməyən Ermənistanın yeni nəqliyyat-kommunikasiya imkanı əldə etməsinə, Azərbaycanın isə tranzit gəlirlərinin artımına imkan yarada bilər.
Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı qalması Ermənistanın xarici ticarət imkanlarını azaldır, yükdaşımaları üçün alternativ marşrutları məhdudlaşdırır. Regional inteqrasiyanı zəruri edən digər vacib məqam Ermənistanın Rusiya ilə münasibətlərinin son illərdə soyuması, ABŞ-la bu ilin yanvarın 14-də imzalanmış strateji tərəfdaşlıq sazişindən sonra isə kəskin pisləşməsidir. Rəsmi İrəvanın xarici siyasətdəki uğursuz manipulyasiyaları, eyni zamanda, ABŞ və Fransa ilə münasibətləri genişləndirmək istiqamətindəki addımları İran və Rusiyanın kəskin narazılığı ilə qarşılanır. Proseslərin gedişi göstərir ki, Ermənistanın yaxın perspektivdə ənənəvi for-post statusundan xilas olacağı inandırıcı görünmür. Çünki Avropa İttifqının missiyası altında əslində hərbi kontingentini ərazisində saxlayan Ermənistanın İran və Türkiyə ilə sərhədlərinə, hələ ki, Rusiya silahlı qüvvələri nəzarət edir. Strateji əhəmiyyətli müəssisələri Moskvanın nəzarətində olan Ermənistanın ticarət dövriyyəsinin böyük hissəsi də Rusiyanın payına düşür.
Son illərdə siyasi təzyiq aləti olaraq erməni iş adamlarının Rusiya bazarlarına çıxışının məhdudlaşdırılması, bəzi məhsulların idxalına qoyulan qadağa Ermənistan daxilində böyük təşvişə səbəb olub. Bu gün Ermənistanın istehsal etdiyi məhsulların satışı üçün ən əlverişli məkan Rusiya bazarlarıdır. Belə şəraitdə Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmaq üçün çıxış yolu alternativ bazarlar əldə etmək, Azərbaycan və Türkiyə ilə münasibətləri tənzimləmək, nəqliyyat əlaqələrini bərpa etməkdir.
Ermənistan rəhbərliyi onu da yaxşı bilir ki, Türkiyə dünyanın əsas sənaye, turizm və ticarət mərkəzlərindən biridir. Eyni zamanda, onun strateji müttəfiqi olan Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya əhəmiyyətli enerji və nəqliyyat layihələrini reallaşdırır, Orta Dəhlizin ötürücülük imkanlarını genişləndirir. Hər iki ölkə ilə münasibətlərin yaxşılaşdırılması Ermənistanın gələcək inkişafı, iqtisadi çətinliklərdən xilas olması deməkdir.
Yekun sülh sazişinin imzalanması üçün rəsmi Bakının irəli sürdüyü ədalətli və obyektiv şərtlərə əməl etməsi Ermənistanın zamanla təkcə regional layihələrdə iştirakına deyil, ümumən təhlükəsizliyinə və müstəqil dövlət kimi mövcudluğua ən etibarlı təminat ola bilər. Prezident İlham Əliyevin də xüsusi vurğuladığı kimi, Ermənistan dalan dövlət kimi qalmaq istəmirsə, Zəngəzur dəhlizi ilə bağlı öhdəliyinə də mütləq əməl etməlidir.
MTM Analitik Qrup