AZƏRBAYCAN-İRAN ƏLAQƏLƏRİNİN İNKİŞAFI ERMƏNİSTANDA BÖYÜK QORXUYA YOL AÇIB

Azərbaycan və İran arasında qarışılıqlı münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına cavab verməklə yanaşı, eyni zamanda mühüm geosiyasi təsirə malikdir. Hər halda ölkələrimizin əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi, qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər Ermənistanda da ciddi narahatlıq yaradan məqamlardan biridir. 

Düzdür, zaman-zaman İran daxilində müəyyən qüvvələr bu ölkə ilə Azərbaycan arasında münasibətlərə xələl gəlməsinə çalışırlar. Azərbaycana qarşı səslənən əssassız ittihamlar, hədyanlar da məhz həmin qüvvələrin bilavasitə fəaliyyətinin nəticəsidir. Lakin ümumən, İran cəmiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsinin yaradılması mümkün olmayıb. Xüsusən də Güney Azərbaycan və İranda yaşayan digər türk xalqları arasında ölkəmizə qarşı hansı yüksək münasibətin olduğu dünyada heç kimə sirr deyil. Hətta bu fakt İranda bəzi hallarda anti-Azərbaycan siyasəti həyata keçirmək istəyənlərin iflasını şərtləndirməklə yanaşı, İranın Azərbaycan və Ermənistana münasibətində korrektələrə də səbəb olub.

Hazırda ölkələrimizin əlaqələrində yeni yüksəliş mərhələsinin yaşandığı diqqətdən yayınmır. İran hakimiyyəti Azərbaycanın iqtisadi, siyasi, diplomatik, mədəni və digər mühüm istiqamətlərdə münsibətlərin yüksəldilməsi ilə bağlı yanaşmasını dəstəkləyir. Burada Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaratdığı, postmünaqişə dövründə daha güclü dövlətə çevrildiyi də nəzərə alınır. İran qonşuluğunda güclü, beynəlxalq nüfuzu davamlı şəkildə yüksələn, Avrasiyanın siyasi-iqtisadi mənzərəsinin müəyyən edilməsində həlledici rol oynayan Azərbaycanın varlığını qəbul edir.

Mövcud vəziyyətdə Azərbaycanla əlaqələrin dərinləşməsi İran üçün daha böyük önəm daşıyır. Çünki Azərbaycan ən müxtəlif və bəzən də biri-birinə düşmən münasibətində olan güc mərkəzləri ilə uğurlu əməkdaşlıq münasibətlərinə malikdir. Ölkəmiz regionla bağlı transmilli layihələrin bir çoxunda mühüm söz sahibidir. Qərb sanksiyalarından hələ də əziyyət çəkən, bu xüsusda ABŞ-da yeni hakimiyyətin formalaşması ilə yeni problemlərlə üzləşəcəyi qaçılmaz görünən İran üçün belə layihələrdən səmərəli şəkildə yararlana bilmək Azərbaycanla əməkdaşlıqdan əhəmiyyətli dərəcədə asılıdır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi bunun əyani nümunələrindən biri kimi göstərilə bilər. Bu və digər layihələrdə Azərbaycanla əməkdaşlıq şəraitində iştirak cənub qonşumuz üçün olduqca zəruridir.

İranda Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinin ölkənin perspektivi üçün vacib olduğu da nəzərə alınır. Hazırda bunun üçün qarşılıqlı etimadın artırılmasına  xüsusi diqqət edilir və qeyd olunan kontekstdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İrana səfəri, keçirilən görüşlər, aparılan müzakirələr həm də sözügedən məqsədə xidmət edir. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian və digər rəsmilərlə görüşdə tərəflər qarşılıqlı münasibətlərin genişləndirilməsində maraqlı olduqlarını bir daha bəyan ediblər. Bununla yanaşı, Azərbaycan və İran arasında qarşılıqlı etimadın artırılması istiqamətində həyata keçirilən  tədbirlərin davam etdirilməsi barədə razılıq da əldə olunub. Azərbaycan – İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. “3+3” regional formatı, Qoşulmama Hərəkatı (NAM), İslam Əməkdaşlıq Təşkilatı (OIC), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edildi. Qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olundu. Ağbənd – Naxçıvan və Şimal-Cənub Nəqliyyat Dəhlizləri iki ölkənin ortaq maraqlarına xidmət edən vacib regional və transregional layihələr kimi qeyd olundu”.

Azərbaycan və İran arasında yüksələn əlaqələr Ermənistanda ciddi narahatlığa yol açır. Burada hesab olunur ki, Azərbaycanın yürütdüyü siyasət nəticəsində Ermənistan İran üçün arxa plana keçir. Bu vəziyyətdə İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində dəyişiklik olacağı da Ermənistanın ən böyük qorxuları sırasında yer alır. Bununla yanaşı, Ermənistanda onu da etiraf edirlər ki, bu ölkə hakimiyyətinin siyasəti nəticəsində ABŞ və Avropanın Cənubi Qafqazda hərbi cəhətdən möhkəmlənmsi İran üçün də “qırmızı xətt”dir.

Ümumiyyətlə, Azərbaycan, İran, Türkiyə, Gürcüstan  və Rusiya arasında Qərbin hərbi cəhətdən Ermənistan vasitəsilə regionda yerləşməsinə qarşı sabit konsensus var. Çünki bu, regiona, onun qonşularına əlavə problemlərdən başqa heç nə vəd etmir. Belə vəziyyətdə buna zəmin yaradan Ermənistanın İran və Rusiyanın sərt təzyiqlərinə məruz qalması qaçılmaz görünür. Eyni zamanda bu ölkələrin regionda əsas tərəfdaş kimi Azərbaycanla münasibətlərini dərinləşdirmələri Ermənistanda ölkəmizə növbəti geosiyasi məğlubiyyət kimi qəbul olunur. Azərbaycan isə Ermənistandan fərqli olaraq, suveren, milli maraqların söykənən siyasət yürüdür, eyni zamanda qonşularına, digər tərəfdaşlarına münasibətdə sabit mövqe sahibi kimi çıxış edir. Bunun indi İranda da daha çox nəzərə alınması Ermənistanda getdikcə daha böyük əndişəyə səbəb olur.

MTM Analitik Qrup